Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2370/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi, qaz sayğacının dəyişdirilməsinə görə məbləğin silinməsi, hesablanmış borca görə yeni smartqaz kartından çıxılmış məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi, qaz sayğacının dəyişdirilməsinə görə məbləğin silinməsi, hesablanmış borca görə yeni smartqaz kartından çıxılmış məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Bağ massivi, ev 142 (abonent kodu:**********00000) 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun və 230 (iki yüz otuz) manat qaz sayğacın dəyişdirilməsinə görə məbləğin silinməsi, hesablanmış borca görə yeni smart-qaz kartından çıxılmış məbləğin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında məişət qazın verilməsinə dair Cavabdeh İB ilə aralarında müqavilə bağlanmışdır. Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən (abonent kodu: **********00000) qazla təmin olunmaqdadır. İstehsalat Birliyi tərəfindən əraziyə qaz verildiyi gündən vaxtaşırı (neçə ildən bir) yeni sayğacların quraşdırılması prosesi həyata keçirilmişdir. 12 yanvar 2022-ci il tarixdə bağ qonşusu ərazidə qaz sayğacların dəyişdirilməsi barədə telefonla məlumat verdikdə bağa gəlmiş və iştirakı olmadan Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacının artıq yenisi ilə əvəz edildiyini və digər ünvanda "işlədiklərini görmüş, onlardan sayğacın dəyişdirilməsinə dair guya 230 manat ödəməli olmağı barədə aktın surətini, müqaviləni və yeni smart-kartı əldə etmiş, kartın aktivləşdirilməsi və digər sənədlərin isə “Asan Kommunal” xidmətinə müraciət etməklə əldə etmək mümkün olduğu deyilmişdir. Növbəti gün “Asan Kommunal” xidmətinə müraciət edib yeni smart-kartı aktivləşdirmişdir. 2022-ci ilin yanvar ayında yeni qaz smart-kartına pul yüklədikdə müəyyən məbləğin çıxıldığını görmüşdür. Bunun hansı səbəbdən baş verdiyini öyrəndikdə məlum olmuşdur ki, dəyişdirilmiş qaz sayğacında nöqsan aşkar edildiyindən itirilmiş qaz sərfiyyatına görə ona 518,40 manat borcun yazılması barədə akt tərtib edilmiş, bu səbəbdən də hər dəfə qaz kartına yüklədiyi məbləğin bir hissəsi borcun silinməsinə yönəldilir. Daha sonra abonent saldosunu və borcla bağlı aktı əldə etmişdir. Diqqətə çatdırmaq istəyir ki, qaz sayğacın dəyişdirilməsi ilə bağlı tərtib edilmiş aktda sayğac möhürünün yerində (qaydasında) olaraq zədələnmədiyi qeyd edilmişdir. Lakin, aktda bu barədə qeydlərin aparılmasına baxmayaraq, guya küçədə yerləşən dəyişdirilmiş qaz sayğacına müdaxilə edildiyi barədə digər bir akt tərtib edilərək 518,40 manat borc qeyd edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin ünvanda daimi yaşayış olmamış, vaxtaşırı bağa nəzarət etmək üçün orada olur və olmadığı vaxtlarda qonşudan bağ evinə nəzarət etməsini xahiş edir. Hesab edir ki, 230 manat qaz sayğacın dəyişdirilməsinə görə məbləğ və 518,40 manat borc qanunsuz, əsassız və sübutsuz yazılaraq aktlar tərtib edilmişdir. Bir daha bildirmək istəyir ki, dəyişdirilmiş qaz sayğacına müdaxilə olunmadığını sübut edən təhlükəsizlik möhürünün sayğacın üzərində olması Cavabdeh İB-nin əməkdaşlarının tərtib etdikləri aktda da öz əksini tapmışdır. Ona görə də dəyişdirilmiş qaz sayğacına müdaxilə istisna edilir və bununla bağlı heç bir sübutu yoxdur. Həmin qaz sayğacına guya müdaxilə yalnız “Azərqaz” İB-nin tərtib etdiyi aktla müəyyən edilir və həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də hesab edir ki, əsassız olaraq 230 manat sayğacın dəyişdirilməsinə görə məbləğ borc kimi hesablanmış 518,40 manat silinməli, bu günə kimi yeni qaz smart-kartından borca görə tutulmuş məbləğin qaytarılması barədə qətnamə qəbul olunmalıdır. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən dəyişdirilmiş qaz sayğacına hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, borc hesablanması yolverilməzdir. Onun guya müdaxilə etdiyi qeyd edilən sayğacın evdə və ya həyətdə deyil, küçə hissəsində quraşdırılmış olmasını və bu səbəbdən onun sayğacı kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Ümumiyyətlə dəyişdirilmiş qaz sayğacı çıxarıldıqdan sonra necə daşınması və hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə müvafiq akt əsasında qaz sayğacına müdaxilə sonradan aşkar olunduğundan və yalnız həmin akt əsasında ziyan hesablandığından, hesablanmış borc qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş, eyni zamanda ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Bağ massivi, ev 142 (abonent kodu:**********00000) 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borcun və 230 (iki yüz otuz) manat qaz sayğacın dəyişdirilməsinə görə məbləğin silinməsi, hesablanmış borca görə yeni smart-qaz kartından çıxılmış 106 manat məbləğin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-nə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2022-ci il üçün 518.40 manat borcu vardır. İş materiallarında olan abonentə aid hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus ünvana aid edilmiş ödənişlərdən 106 manat pul vəsaiti borca görə tutulmuşdur. İş materiallarında olan SOCAR Cavabdeh İB-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən məlum olur ki, sifarişçi (istehlakçı) İddiaçı mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və “sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətində iddiaçının evindən çıxarılmış “sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının evinə dair hesablanmış sayğacın dəyəri olaraq 518.40 manat borcun və 230 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış sayğacın dəyəri olaraq 230 (iki yüz otuz) manat məbləğində pul vəsaiti və 518.40 manat borc silinməli, cavabdeh tərəfindən həmin borca görə artıq tutulmuş 106 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Bağ massivi, 142 saylı evlə bağlı hesablanmış sayğacın dəyəri olaraq 230 (iki yüz otuz) manat və 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc məbləğlərini silmək və cavabdeh tərəfindən həmin borca görə artıq tutulmuş 106 manat pul vəsaitini iddiaçıya geri qaytarılması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2370/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2370/2022
11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver