Məhkəmə qərarları › İş №2(011)-2371/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2371/2023

27.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2371/2023 27.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” istehsalat X1 Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq 21 May 2021-ci il tarixli ******* saylı aktının ləğv edilməsi və akt əsasında hesablanmış 2.203,20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı aktının ləğv edilməsi və akt əsasında hesablanmış 2.643,84 manat cərimə olmaqla, ümumilikdə 4.852,04 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 İstismar İdarəsinin Salyan rayonu üzrə xidmət sahəsinin nümayəndələri tərəfindən 21 May 2021-ci il tarixində iddiaçının yaşadığı ünvana heç bir səbəb olmadan cərimə yazmışlar. Belə ki, həmin tarixdə iddiaçıya məxsus evin ətrafında hal hazırda təhsil müəssisəsinə çəkilmiş qaz xəttindən guya əlavə qaz xəttinin daxil olmasını aşkar etmişlər. Həmin vaxt iddiaçının yaşayış evində yaşayış olmadığı üçün iddiaçının və ailə üzvlərinin onlara həmin qaz xəttinin illər öncə kəsilərək yeni çəkilmiş qaz xəttində yeni Smart tipli qaz sayğacının idarə tərəfindən quraşdırıldığını göstərən olmamışdır. Qeyd olunan 15 mm-lik xətt iddiaçının evinin hasarından çöldə olmuşdur və sonuncu qaynaqla kəsilərək torpağın altında qalmışdır. Həmin xətt iddiaçının evinin hasarından içəri daxil olmur. İddiaçı işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşayır, atası isə həmin dövr Bakı şəhərində müalic olunduğundan, ümumiyyətlə rayonda olmamış və evdə yaşayış olmamışdır. Qeyd olunan qaz xətti iddiaçının qonşuluğunda yerləşən təhsil müəssisəsini təbii qazla təmin edən qaz xəttinə birləşən xəttdir. Vaxtı ilə həmin xətdən bir neçə qonşu qazla təmin olunurdu. Sonradan iddiaçının yaşadığı küçəyə yeni qaz xətti çəkilərək sayğaclar yeni çəkilən küçə xəttinə birləşdirilərək həyətyanıdan çıxarılmışdır. Təhsil müəssisəsinə gedən qaz xəttininin başlanğıcında təhsil müəssisəsinin sayğacı quraşdırıldığından həmin xəttin üzərində yerləşən vaxtı ilə abonentlərə gedən qaz xətləri kəsilmişdir. Hər ay müəssisə və qaz idarəsi tərəfindən həmin qaz xəttinə baxış keçrilmiş və heç vaxt bir nöqsan aşkar edilməmişdir. Dəfələrlə hər hansı bir səbəbdən müraciət əsasında və yaxud təlimat keçrilərkən qaz idarəsinin əməkdaşları iddiaçının həyətində olmuşdurlar. Həmin xəttin kəsilərək üzərində daş hasar hörülmüşdür. Ümumiyyətlə həmin xətt iddiaçının həyətinə daxil olmur. Həyətyanı sahəyə daxil olmadan İdarəyə yeni təyin olunmuş bir şəxsin ehtimalı əsasında idarə tərəfindən 2019-cu ildə kəsilmiş qaz xəttinə görə 2021-ci ilin May (yay ayında) 2203 manat yenidən 2022-ci ilin fevral ayında 2.643,84 manat cərimə yazılmışdır.Tərtib edilmiş aktlarda iddiaçının imzası yerinə imtina yazılmışdır. Halbuki, akt tərtib olunarkən iddiaml və ailə üzvləri orda olmayıb. İddiaçının evinə məxsus saldodan görünür ki, evində 4 gözlü qaz piltəsi və 1 ədəd kombi var. Bu iki cihaz 10 illərlə həmin həcimdə qaz yandıra bilməz. Yazılmış cərimələrin məbləğindəndə görünür ki, akt tam qanunsuz və qərəzli yazılmışdır. Bir rayonun işlətdiyi qaz sərfin iki yalançı qanunsuz aktla yaşayış olmadığı halda mənzilə cərimə yazmışlar. İddiaçıya məxsus saldodan görünür ki, mənzilində 4 gözlü qaz piltəsi və 1 ədəd kombi var. Bu iki cihaz 10 illərlə həmin həcimdə qaz yandıra bilməz. Əgər haqlı yazdıqlarına və yaxud hər hansı bir sübutları olsaydı aidiyyəti orqanlara müraciət edərdilər. Akt tam qanunsuz tərtib olunmuşdur. Qanunverici aktın tərtib olunmasının xüsusi qaydasını müəyyən edilmişdir ki, bu pozuntunun baş verməsi yalnız həmin qaydalara riayət olunmaqla tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt, yaxud digər sənəd pozuntunun olmasını təsdiq edən sübut kimi qəbul oluna bilməz. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İB tərəfindən əsassız olaraq tələb olunan 3.997,54 manat cərimənin silinməsi və əsassız olaraq ondan tutulmuş 849,50 manat pulun cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə Cavabdeh İB-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin sayğacdan kənar əlavə xətdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin sayğacdan kənar əlavə xətdən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarından görünür ki, 2021-ci ilin may ayına abonentin 2.203,20 manat, 2022-ci ilin fevral ayına 2.643,84 borcu mövcud olmuşdur. İddiaçıya yazılan cərimə məbləğlərindən sonra onun balansına yüklədiyi məbləğlərin 50 % miqdarı təyin edilmiş borc hesabına balansından silinmişdir. İş materiallarına əlavə edilmiş Gasrepdən görünür ki, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayınadək abonentin hesabından 849,50 manat məbləğində tutmalar aparılmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2021-ci il üçün 2.203,20 manat, 2022-ci il üçün 2.643,84 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına 2021-ci il tarixdə hesablanmış 2.203,20 manat, 2022-ci il tarixdə hesablanmış 2.643,84 manat məbləğində borcun silinməsini məhkəmə qanunauyğun hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə də təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 849,50 manat mələğində pul iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 4847,04 manat məbləğində borcdan geri qalan 3.997,54 manatı silinməli, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 849,50 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatdan çox olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 76.97 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 65 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 3.997,54 (üç min doqquz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 849,50 (səkkiz yüz qırx doqquz manat əlli qəpik) manat məbləğində pul iddiaçıya geri qaytarılsın. Cavabdehndən 76.97 (yetmiş altı manat doxsan yeddi qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altmış beş) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar