Məhkəmə qərarları › İş №2(011)-2373/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2373/2022

04.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2373/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İstismar İdarəsi tərəfindən verilmiş 1440 kub metr qazın 144 manat haqqının istehlakçı tərəfindən ödənilməsi barədə 22 oktyabr 2021-ci il tarixli ******* nömrəli aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 144 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evini yay aylarında bağ kimi istifadə edir, həmin evdə elektrik enerjisi və təbii qazdan istifadə edir, evin yerləşdiyi məhlədə istismar müddəti bitmiş sayğaclar dəyişilmişdir, bunun la bağlı 26.08.2021-ci il tarixli aktı imzalamışdır, səhhəti pisləşdiyi üçün Bakı şəhərinə qayıtmışdır, daha sonra öyrənmişdir ki, sayğaca baxış keçirilmişdir, dəymiş ziyan aktı hesablanmışdır, bu aktda adı yazılıb ancaq həmin akt tərtib olunanda orada yaşamamışdır, aktı imza etməkdən imtina etməsi barədə protokol tərtib edilməli idi, hazırda həmin ünvana cərimə kimi 144 manat pul yazılmışdır, özü də yoldaşı da ahıl yaşdadır, evi həyətində kənarda quraşdırılmış sayğaca cavabdehlik daşımağı mümkün deyil, evdən kənarda küçədə qoyulmuş sayğaca nəzarət etmək iqtidarında deyildirlər, sayğac həyətdə qoyulsa idi cavabdeh olardı, tərəflərindən sayğaca heç vaxt müdaxilə olunmamışdır, akt tərtib olunarkən iştirakı təmin olunmamışdır, yazılmış borc qanunsuz və əsassızdır. Tərəflərə 04.05.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportun surətindən görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsi, M.Hüseynzadə ev 8 fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. İş materiallarında olan Cavabdeh İB-nin 26.08.2021-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, İddiaçı məxsus Elster G-4 markalı ******* saylı sayğac yeni Zenner G4 markalı **********7 saylı sayğac ilə əvəz olunmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22.10.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğac hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 57/1051 saylı 22.10.2021-ci il tarixli Aktın surətindən görünür ki, istehlakçıya məxsus fərdi yaşayış evinin qaoısı dəfələrlə bağlı olduğu üçün müqavilə bağlamaq mümkün olmadığına görə qaz təminatı qaynaq vasitəsilə dayandırılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 29.10.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, **********00090 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üzrə 1440 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan **********00090 saylı abonent kodu üzrə 20 aprel 2022-ci il tarixli abonent saldosundan görünür ki, 11/2021 tarixi üçün aonentin hesabına 144 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 26.08.2021-ci il tarixdə yenisi ilə əvəzləşdirilmişdir, çıxarılmış sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğaca müdaxilə edilməsi – “sayğac hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi” əsası ilə 22.10.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, nəticədə iddiaçının **********00090 saylı abonent hesabına itirilmiş təbii qaz sərfiyyatına görə 144 manat borc hesablanmış və həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00090) itirilmiş qazın bərpası məqsədilə hesablanmış 144 manat məbləğində borc silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, Cavabdeh İB-dən 30 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00090 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 144 (yüz qırx dörd) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar