Məhkəmə qərarları › İş №2(011)-2387/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2387/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2387/2021 19.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X4 qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilin dəyəri olaraq X7 tərəfindən ödənilmiş 190.080 manat pul və 30 manat dövlət rüsumu xərcinin Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının mərhum anası X7 ilə Cavabdeh MTK arasında 05 avqust 2008-ci il tarixli 18 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh MTK iddiaçının anasının payı (vəsaiti) hesabına ünvan 2 ünvanda 2-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 158.4 kv.m olan mənzili layihə sənədlərinə uyğun olaraq qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına uyğun inşa etməli olmuşdur. Müqavilənin 3.2ci bəndinə görə, iddiaçı cavabdehə tam ödəniş olaraq 190.080 manat pul ödəmişdir. Buna görə Cavabdeh MTK 05 avqust 2008-ci il tarixdə cavabdehə 0028 nömrəli kassa mədaxil orderinin qəbzini vermişdir. Qəbzdə təsdiq edilmişdir ki, 05 avqust 2008-ci il tarixli 18 nömrəli müqavilə üçün Cavabdeh MTK iddiaçının anası X2 190.080 manat qəbul etmişdir. İddiaçının mərhum anası Ella Abbasova dəfələrlə Cavabdeh MTK-dan mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Cavabdeh məktubla iddiaçının anasına bildirmişdir ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasında 05 avqust 2008-ci il tarixli müqavilə ilə X7 adına 2-ci blok, 3-cü mərtəbədə 158.4 kv.m sahəsi olan 3 otaqlı mənzil rəsmiləşdirilmişdir, hazırda həmin müqavilə mövcuddur və qüvvədədir. Şirkətdə yaranmış maliyyə çətinliklə əlaqədar işlərin və binanın son təhvili müəyyən müddətə uzanmaqdadır. Cavabdeh müqavilə ilə müəyyən edilən öhdəliklərini icra etmədiyinə görə X7 cavabdeh Cavabdeh MTK-ya qarşı 05 avqust 2008-ci il tarixli, 18 nömrəli müqavilə ilə müəyyən edilən öhdəliyi tam icra etməklə ünvan 2 ünvanda 2-ci blok, 3-cü mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 158.4 kv.m olan mənzilin iddiaçı X5 təhvil verilməsinə dair qətnamə çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə X3 iddiası təmin edilərək Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilin Ella Abbasovaya təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. İddiaçının anası X7 12 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı anasının vərəsəsi müəyyən olunmuşdur. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək, MARS-A” MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilə görə ödənilmiş 190.080 manat pulun, AR MM-nin 445.7-ci maddəsinə əsasən, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 114.048 manat faizlərin, AR MM-nin 449.1-ci, 449.2-ci maddələrinə əsasən, özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 142.560 manat faizlərin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh MTK-dan və X1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilin X5 təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nin apelyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 22 may 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı ilə Cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 16 oktyabr 2018ci il tarixli qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə X7 ilə Cavabdeh MTK arasında bağlanan 05 avqust 2008-ci il tarixli 18 nömrəli müqavilənin etibarsızlığı qənaətinə gəlinmişdir və həmin qətnamə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2019-cu il tarixli qərarı ilə həmin qətnamə qüvvədə saxlanılmışdır. Mülki iş materiallarından görünür ki, 05 avqust 2008-ci il tarixli 18 saylı müqavilə ilə Cavabdeh MTK ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzili X5 verməyi öhdəsinə götürmüşdür. Yuxarıda istinad edilən qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində, ümumi sahəsi 158.4 kv.m olan mənzilin dəyəri olan 190.080 manatın payçı X7 tərəfindən cavabdehə ödənilməsi müəyyən edilmişdir. Cavabdeh MTK ilə X7 arasında mənzilə dair 05 avqust 2008-ci il tarixli müqavilə məhkəmə qaydasında etibarsız hesab edilmişdir. İlk növbədə məhkəmə iddia tələbinin cavabdeh X4 münasibətdə yönəlməsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə tərəflər müqavilə münasibətlərində olmuşdur və tələbin əsasını müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi təşkil edir. Belə olan halda cavabdeh X6 hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın ona yönələn hissəsi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmələr hər hansı əqdi etibarsız hesab etdikdə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını təmin etməlidirlər. Məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Hazırkı iş üzrə iddiaçıya ipoteka ilə yüklü edilmiş mənzili satmaqla Cavabdeh MTK qanunvericiliklə alğı-satqı müqaviləsinə tətbiq olunan normaları pozmuş və eyni zamanda müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Məhkəmə çəkişmələri nəticəsində iddiaçı ona müqavilə əsasında verilmiş yaşayış sahəsindən məhrum olmuş və uzun illərdir ki, nə ödədiyi pulla, nə də ki hər hansı mənzillə təmin olunmamışdır. Məhkəmə yuxarıda istinad edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanan müqavilə etibarsız hesab edildiyindən tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Belə olan halda müqavilə üzrə ödənilmiş pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. İş materiallarından görünür ki, X7 vəfat etmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 06 yanvar 2021-ci il tarixli məktuba əsasən X3 vərəsəsi İddiaçı müəyyən olunmuşdur. Odur ki, İddiaçı hazırkı tələblə məhkəməyə iddiaçı qismində müraciət etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin AR MM-nin 445.7-ci maddəsinə əsasən 114.048 manat faizlərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmişdir. Bundan başqa məhkəmə Mülki Məcəllənin 445.1-ci maddəsinə istinad edərək hesab edir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarından görünür ki, 05 avqust 2008-ci il tarixli müqavilə bağlandıqdan sonrakı müddət ərzində hazırkı iş üzrə cavabdehlə mənzilə dair aralarında mübahisə yaranmış və məsələnin həlli məhkəmə müstəvisinə çıxmışdır. Belə ki, hər iki tərəf hüquqlarının pozulmasına istinad edərək məhkəməyə müraciət etmiş və qanunla qorunan mənafelərinin bərpasını istəmişlər. İş üzrə sonuncu məhkəmə qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı olmuşdur. Həmin tarixədək tərəflər arasında məhkəmə məhkəmə çəkişmələri aparılmışdır. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iş üzrə çıxarılmış sonuncu məhkəmə qərarı 06 dekabr 2019-cu il tarixdə çıxarıldığından həmin tarixdən bu günədək gecikdirilmiş müddət 1 il 8 ay təşkil etdiyindən, əsas borcun illik 5% hesabı ilə həmin məbləğ 15.840 manat təşkil edir. (190.080-in 5%i=9504. 1 illik 9.504 manat; 8 ay- 9.504:12x8=6.336 manat; 9.504+6.336=15.840 manat) Beləliklə iddia tələbi 114.048 pul vəsaitinin ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən illik 5% hesabı ilə 15.840 pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın AR MM-nin 449.1-ci, 449.2-ci maddələrinə əsasən, özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 142.560 manat faizlərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi əsasını araşdıraraq Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 09 iyul tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” qərarına istinad edilməsini zəruri hesab edir. İstinad edilən qərarda qeyd edilir ki, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsi faizlərin tutulmasını pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridi kimi nəzərdə tutur. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etmiş, lakin qanunvericiliyin tələblərindən irəli gələn halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayınmasını, təqsirli olaraq hərəkət (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, tam sahəsi 158.4 kv.m olan mənzilə görə ödənilmiş 190.080 manat pul, AR MM-nin 445.7-ci maddəsinə əsasən, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 15.840 manat faiz borcu Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan 190.080 (yüz doxsan min səksən) manat pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 15.840 (on beş min səkkiz yüz qırx) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar