Məhkəmə qərarları › İş №2(011)-2415/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2415/2025

22.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2415/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 20 yanvar 1938-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Kovalyova Anna—fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərində ərizəçi onun övladı Ərizəçi qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, X5 doğma anasıdır. xx.xx.1938-ci il tarixdə Rusiya Federasiyasının Kostrama şəhərində anadan olmuşdur. X4 ilə rəsmi nikaha daxil olmuş və bir ailə olaraq 1989-cu il tarixdə Bakı şəhərinə köçmüşdür. Hazırda anası X5 ailəsinin üzvü olaraq onlarla yuxarıda qeyd edilən ünvanda yaşayır. Atası 1974-cü il tarixdə Kostrama şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “PSİXİ SAĞLAMLİQ MƏRKƏZİ” PUBLİK HÜQUQİ Şəxsdə 24 dekabr 2024-cü il tarixdə X12a da müayinə edilib və onda “dəqiqləşdirilməmiş demensiya” diaqnozu müəyyən edilmişdir. X12 hərəkət və davranışlarına onda müəyyən edilən xəstəlik ucbatından idarə edə bilmir, yəni fəaliyyət qabiliyyətini itirmişdir. Anası üzərində qəyyum təyin edilməsi məsələsi aktual olmuşdur. Belə ki, onun pensiya kartının müddəti bitmişdir, həmin kartın müddətini uzatmalı olduğundan bunu edə bilmir və eyni zamanda onda olan xəstəlik ucbatından övladı kimi ərizəçiyə müvafiq etibarnamə hüquqi baxımdan verə bilmir. Onun yeganə övladı özüdür. Odur ki, onun yanında yaşayan övladı kimi ona qəyyum təyin edilməlidir ki, ona aid hüquqi öhdəliklərini qanun qarşısında onun adından icra edə bilimir. Buna görə də hesab edir ki, X12anın üzərində qəyyum özü təyin edilməlidir. Tərəflərin izahatları: Ərizəçi ərizəyə uyğun şəkildə izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 885 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Ana adı qrafasında X6 qeyd edilmişdir. 188 nömrəli xx.xx.1983-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Kovalev Konstantin ilə X6 xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Kovalev, arvada Kovaleva soyadı verilmişdir. 986 nömrəli xx.xx.1986-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. 0637207 saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Kovaleva Anna xx.xx.1935-ci il tarixdə Rusiya Federasiyasında doğulmuşdur. Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 99 saylı MKİS tərəfindən verilən 32 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki X11 Şıxlinski küçəsi, 39 saylı evin 183 mənzilində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilən müayinə kağızından görünür ki, xx.xx.1935-ci il təvəllüdlü Kovaleva Annaya dəqiqləşdirilməmiş demensiya F03 diaqnozu qoyulmuşdur. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-2415/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi ərizəsi “Kovaleva Annanın üzərində onun övladı Ərizəçi qəyyum təyin edilməsi” hissəsində yolverilməzliyə görə qəbul edilməsindən imtina edilmiş, Ərizəçi “xx.xx.1935-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Kovaleva Annanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 1209 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən qiyabi sənədlər əsasında belə nəticəyə gəlinmişdir ki, xx.xx.1935-ci il təvəllüdlü Kovaleva Annada demensiya (ağıl zəilliyi) müəyyən edilir, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil, öz psixi vəziyyətinə görə Kovaleva Annanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X3 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 20 yanvar 1938-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X3 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar