Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2445/2023 21.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Əhmədova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2020-ci il tarixli MAS-2262 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh 07 mart 2020-ci il tarixli MAS-2262 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 09 fevral 2023-cü il tarixə ümumilikdə 2205.51 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və Ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesablanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.8, 748- 1.9, 748-1.12, 748-7.11, 748-7.1, 462.1 və 462.3-cü maddələri ilə əsaslandıraraq, İddiaçı MMC ilə bağlanmış 07 mart 2020-ci il tarixli MAS-2262 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 07 mart 2020-ci il tarixli MAS-2262 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 09 fevral 2023-cü il tarixə 1532.40 manat gecikdirilmiş əsas, 381.96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 291.15 manat dəbbə pulu, cəmi 2205.51 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə lizinq obyekti olan avtomobilin 25 fevral 2023-cü il tarixdə şirkətə geri qaytarıldığını və “X5” MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1307.02 manat maddi ziyan dəydiyini qeyd etmiş və məhkəmədən İddiaçı MMC ilə bağlanmış 07 mart 2020-ci il tarixli MAS-2262 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini, Cavabdeh 07 mart 2020-ci il tarixli MAS-2262 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 fevral 2023-cü il tarixə 1532.40 manat gecikdirilmiş əsas, 381.96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 291.15 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 1307.02 manat dəymiş zərər, cəmi 3512.53 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında itirak etməmişdir. Buna görə də, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2020-ci il tarixli MAS-2262 saylı “Daxili lizinq” müqaviləsindən və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220246 ban nömrəli ağ rəngli avtomobil İddiaçı MMCnin mülkiyyətinə alınmış və Lizinq alanın Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 07 mart 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında“Khazar SD” minik markalı avtomobilin təhvil-təslimi aparılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli 486 nömrəli arayışdan görünür ki, Cavabdeh 07 mart 2020-ci il tarixli MAS-2262 saylı “Daxili lizinq” müqaviləsi üzrə 09 fevral 2023-cü il tarixə 1532.40 manat əsas, 381.96 manat mükafat, 291.15 manat cərimə borcu olmaqla, cəmi 2205.51 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC (Servis) tərəfindən verilmiş Qüsur Aktından görünür ki, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1307.02 manat maddi zərər hesablanmışdır. İş materiallarında olan AD seriyalı 763807 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220246 ban nömrəli, ağ rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4876 saylı, 13 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə İddiaçı MMC servisin tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 858 manat müəyyən edilmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəməəmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-nin 748-1.12-ci maddəsinə görə Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.3. Lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq və mükafat məbləğlərinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə mülki işdə olan sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən və bu işdə olan sübutlarla təsdiq edildiyindən Cavabdeh 09 fevral 2023-cü il tarixə 1532.40 manat əsas, 381.96 manat mükafat borcu alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda İddiaçı MMC “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil (lizinq obyekti) Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olduğu müddətdə həmin avtomobilə 1307.02 manat zərər dəydiyini iddia etsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4876 saylı, 13 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə İddiaçı MMC servisin tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 858 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən avtomobilə zərərin dəyməsi və həmin zərərin 858 manat məbləğində müəyyən edilməsi işdə olan sübutlarla təsdiq edildiyindən həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği azaldılaraq cavabdehdən 153 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1532.40 manat əsas, 381.96 manat mükafat, 153 manat dəbbə pulu və 858 manat dəymiş zərər olmaqla, cəmi 2925,36 manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 100.40 manat dövlət rüsumunun 83%-i, yəni 83.33 manat Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun, qalan 17%, yəni 17.07 manat iddiaçının özünə aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 50 manat ekspertiza xərcinin 83%-i, yəni 41.50 manat Cavabdeh, 17%-i, yəni 8.50 manat isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2445/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2445/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver