Məhkəmə qərarları › İş №2(011)-2448/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2448/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2448/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 21 may 2020-ci il tarixli MAS-2385 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 21 may 2020-ci il tarixli MAS-2385 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2023-cü il tarixə 1.175,95 manat gecikdirilmiş əsas, 400.77 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 228.30 manat dəbbə pulu, cəmi 1.805,02 manat və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2020-ci il tarixli MAS-2385 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19.088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19.088 manatın 13.300 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-2385 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 09 fevral 2023-cü il tarixə ümumilikdə 1.805,02 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 21 may 2020-ci il tarixli MAS-2385 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 21 may 2020-ci il tarixli MAS-2385 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 may 2023-cü il tarixə 2.118,59 manat gecikdirilmiş əsas, 651.15 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1.019,81 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 1.166,30 manat dəymiş zərər, cəmi 4.955,85 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2020-ci il tarixli MAS-2385 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13.300 manat məbləğində İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19.088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materialları məhkəmənin icraatında olan zaman lizinq obyekti olan avtomobil iddiaçıya qaytarılmış, bu barədə 01 may 2023-cü il tarixli akt tərtib edilmiş və aktda lizinq obyekti olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin sağ padnoşkasının əzik olduğu, sağ dal və qabaq təkərinin cırıq olduğu, motorunun işlək vəziyyətdə olmadığı, şitin priborunun söküldüyü və bəzi detalların dəyişdirildiyi qeyd edilmişdir. İddiaçı MMC Servis tərəfindən qüsur aktı tərtib edilmiş və avtomobilin ehtiyat hissələrinin təmir və dəyişdirilməsi üçün iddiaçı tərəfindən 1.166,30 manat xərc çəkilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən Cavabdeh 21 may 2020-ci il tarixli MAS-2385 saylı “Daxili lizinq” müqaviləsi üzrə 01 may 2023-cü il tarixə 2.118,59 manat gecikdirilmiş əsas, 651.15 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1.019,81 manat dəbbə pulu olmaqla, ümumilikdə 3.789,55 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən lizinq obyekti olan avtomobilə ziyan dəyib-dəyməməsinin, o cümlədən dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 27 sentyabr 2023-cü il tarixli 9/5321 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 612.80 manat olduğu müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bundan başqa, məhkəmə iddianın 21 may 2020-ci il tarixli MAS-2385 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan iddiaçı cavabdehə müqavilənin ləğv edilməsi yönündə iradə ifadəsini bəlli etmişdir. Qanunvericiliyin tələblərinə əsasən, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduqda müqavilənin birtərəfli qaydada pozulmasına yol verilir. Hazırkı iş materiallarından da görünür ki, cavabdeh müqavilə üzrə ödənişlərini vaxtında icra etməməklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iradə ifadəsini bəlli etməklə müqaviləni birtərəfli qaydada ləğv etmişdir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə artıq ləğv edildiyindən bu hissəyə məhkəmə qətnaməsi ilə qiymıt verilə bilməz. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcu və mükafatı nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin borcunu əks etdirən 22 may 2023-cü il tarixli, 1403 nömrəli maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas borcun və mükafatın tutulması hissəsində tam təmin edilməli, Cavabdeh 2.118,59 manat məbləğində əsas borc və 651.15 manat mükafat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 1.019,81 manat məbləğində cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan dəbbə məbləği azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin lizinq obyekti olan avtomobilə dəymiş 1.166,30 manat zərərin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 27 sentyabr 2023-cü il tarixli 9/5321 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 612.80 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21 may 2020-ci il tarixli MAS-2385 saylı daxili lizinq müqaviləsinə əsasən 2.118,59 manat əsas, 651.15 manat mükafat, 20 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 612.80 manat olmaqla, ümumilikdə 3.402,54 manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100.40 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 100.40 manat dövlət rüsumunun 68.27 manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 32.13 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manatın 34 manatı Cavabdeh, 16 manatı İddiaçı MMC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21 may 2020-ci il tarixli MAS-2385 saylı daxili lizinq müqaviləsinə əsasən 2.118,59 manat əsas, 651.15 manat mükafat, 20 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 612.80 manat olmaqla, ümumilikdə 3.402,54 (üç min dörd yüz iki manat əlli dörd qəpik) manat pul vəsaiti və 68.27 (altmış səkkiz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qalan 32.13 (otuz iki manat on üç qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 34 (otuz dörd) manat hissəsi Cavabdeh, qalan 16 (on altı) manat hissəsi İddiaçı MMC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar