Məhkəmə qərarları › İş №2(011)-2448/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2448/2025

16.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2448/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ax.X8 küçəsi, ev 80B (abonent kodu: **********20000) ünvanı üzrə cərimə kimi yazılmış 2.323,80 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ax.X8 küçəsi, ev 80B (abonent kodu: **********20000) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac onun adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama apararkən akt tərtib edərək sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, güya sayğaca müdaxilə edilmişdir və ona görə ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu gördü. Ona yazılmış borc qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, qaz təchizatı ilə bağlı bütün ödənişləri atası Natiq Kərimov edir. Buna görə də işlə bağlı dolğun məlumatı o bilir. Özünün dəqiq məlumatı yoxdur. O bildirmişdir ki, dəqiq xatırlamadığı bir müddət əvvəl evinə gedən qaz xətlərində sarı rezin borunun olduğunu görmüşdür. O heç vaxt onu quraşdırmamışdır və ya kənar xətti olmamışdır. O sarı rezin boru quraşdırılsa da Cavabdeh İB-nin işçiləri tərəfindən quraşdırıla bilərdi. Hazırda həmin sarı rezin boru yoxdur. Onun kənar xətti yoxdur. Qaz təchizatına görə pulu atası vaxtlı-vaxtında ödəmişdir. Cihazlardan evdə bir 4 gözlü peç və İran peçi vardır. Suyu odun vasitəsilə isidirlər. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, abonentin kənar xətti olub. Buna görə də iddia təmin edilməməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, öz izahatında mövcüd borcdan xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2016-cı il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar xətt aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2016-cı il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.563 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2016-cı il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar xəttdən istifadə edilməsi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2016-cı il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.613 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, təbii qazdan sayğacdan kənar xəttdən istifadə edilməsi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.720 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar xətt aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, qaz sayğacının nöqsanı odur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 1.574 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********20000 saylı abonentin saldosundan görünür ki, abonentin 2016-cı ilin oktyabr ayı üzrə 156,30 manat, 2016-cı ilin dekabr ayı üzrə 161,30 manat, 2018-ci ilin yanvar ayı üzrə 544 manat, 2016-ci ilin mart ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 314,80 manat borcu mövcud olmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və iddiaçıya dəymiş ziyan olaraq 1.176,4 manat məbləğində borc hesablanmışdır. İddiaçının izahatları ilə onun (ailə üzvlərinin) qaz xəttinə müdaxilə edərək qaz xəttinə sarı rezin boru (kənar xətt) vasitəsilə qoşulması öz təsdiqini tapır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə abonentin kənar xətdən istifadə etməsini müəyyən etdiyindən, iddiaçıya məxsus mənzildə işlədilmiş cıhazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4) və 1 ədəd iran peçi (radiator) aid olduğundan (saldo üzrə sair cihazların mənzildə mövcudluğu iş materialları ilə təsdiqlənmir), qaz həcminin hesablanmasını aşağıdakı qaydada aparır. İşdən görünür ki, cavabdeh təşkilat iddiaçıya 2016-cı ildə 317,60 manat (2016-cı ilin oktyabr ayında 156,30 manat və 2016-cı ilin dekabr ayında 161,30 manat); 2018-ci ildə 858,80 manat (2018-ci ilin yanvar ayında 544 manat, 2018-ci ilin mart ayında 314,80 manat) olmaqla, cəmi X3nın pozulmasına görə 1.176,40 manat borc hesablamışdır. Cavabdeh təşkilatın tərtib etdiyi aktların tarixləri nəzərə alınaraq, 2016-cı il üzrə hesablama 5 ay (150 gün) üzrə aparılmalıdır. İddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və 1 ədəd iran peçi (radiator) üçün 0,8 m3 saatlıq qaz sərfi nəzərə alınmalıdır. Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 150 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 3.600 m3 təşkil edir. (12x150x1,2 m3=1.440 m3, 12x150x0,8 m3=2.160 m3). Həmin qaz sərfiyyatına görə 2016-cı il üzrə ödənilməli məbləğ (limitin olmaması nəzərə alınmaqla, 1 m3 sərfiyyat üçün 0,10 qəpik hesablanmaqla, 3.600 m3 x0,10=360) - 360 manat təşkil edir. Göründüyü kimi, cavabdeh həmin dövr üçün daha az məbləğdə borc hesabladığından (317,60 manat), 2016-cı il ərzində hesablanmış borcun silinməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Cavabdeh təşkilatın tərtib etdiyi aktların tarixləri nəzərə alınaraq, 2018-ci il üzrə hesablama 5 ay (150 gün) üzrə aparılmalıdır. İddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və 1 ədəd iran peçi (radiator) üçün 0,8 m3 saatlıq qaz sərfi nəzərə alınmalıdır. Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 150 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 3.600 m3 təşkil edir. (12x150x1,2 m3=1.440 m3, 12x150x0,8 m3=2.160 m3). Həmin qaz sərfiyyatına görə 2018-ci il üzrə ödənilməli məbləğ limitlər nəzərə alınmaqla 3.600 m3 üçün 550 manat təşkil edir. Belə ki, 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və 1 ədəd iran peçi üçün 0,8 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 150 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 3.600 m3 təşkil edir. (12x150x1,2 m3=1.440 m3, 12x150x0,8 m3=2.160 m3). Limitlə bağlı ilkin 1.700 m3 qaz sərfiyyatı üçün 170 manat (1.700x 0.10 qəpik), qalan sərfiyyat olan 1.900 m3 sərfiyyat üçün 1 m3 0,20 qəpik məbləğindən hesablanmaqla 380 manat məbləği olmaqla, ümumi məbləğ 550 manat təşkil edir. (380 + 170) Göründüyü kimi, cavabdeh həmin dövr üçün 858,80 manat məbləğdə borc hesabladığından, 2018-ci il ərzində hesablanmış borcun silinməsi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin dövrə hesablanmış 308,80 manat borc silinməlidir. (858,80-550). Təbii X3nın pozulması ilə bağlı iddiaçıya 1.176,40 manat məbləğindən daha artıq məbləğdə borcun yazılması iş materialları ilə təsdiq olunmadığından, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ax.X8 küçəsi, ev 80B ünvanı üzrə (abonent kodu: **********20000) İddiaçı 2018-ci ilin yanvar və mart ayları üçün hesablanmış cəmi 858,80 (səkkiz yüz əlli səkkiz manat səksən qəpik) manat borc məbləğinin 308,80 (üç yüz səkkiz manat səksən qəpik) manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar