Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2462/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili maliyyə lizinqi müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0595 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq ödənişləri üzrə 790.54 manat, cərimə üzrə 200 manat məbləğində borcun və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixdə xx/xx/0595 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 1.886 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2018-ci il buraxılışı olan, Korona markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 44 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintil köşə, 1 ədəd tangit ip, 10 ədəd rekor 25 mm-lik düz cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən xx xxxxxx 2020-ci il tarixinədək lizinq ödənişləri üzrə 790.54 manat, cərimə üzrə 946.18 manat olmaqla, cəmi 1.736,72 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Hazırda lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Hazırkı iş üzrə cavabdeh sayılan Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli xx/xx/0595-Z1 saylı zaminlik müqaviləsinə əsasən lizinq müqaviləsi üzrə zaminlik qəbul etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən lizinq obyektini ləvazimatları ilə birlikdə öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq İddiaçı MMC-yə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli xx/xx/0595-Z1 saylı zaminlik müqaviləsinə əsasən lizinq müqaviləsi üzrə zaminliyi qəbul etmişdir. Lizinq obyektinin sahibi İddiaçı MMC-dir. Cavabdehlərin daxili maliyyə lizinq müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə ümumilikdə 790.54 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçı həmin müqavilə üzrə yaranmış borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin-borcun digər Cavabdeh2, yəni zamindən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən müqavilənin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olması nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsində həmin müqavilə üzrə öhdəliyin icra müddəti 12 ay müəyyən edilmiş, öhdəliyin icra müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən müqavilə üzrə borcun zamin- Cavabdeh2 tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə, Cavabdeh1 Fkrət oğlundan tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, Daxili maliyyə lizinqi müqaviləsi üzrə hesablanmış 200 manat dəbbə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək 20 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx/xx/0595 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq ödənişləri üzrə 790.54 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 810.54 manat pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx/xx/0595 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh1 lizinq ödənişləri üzrə 790.54 (yeddi yüz doxsan manat əlli dörd qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 810.54 (səkkiz yüz on manat əlli dörd qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2462/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2462/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver