Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2466/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi xx xxxx 1999-cu il tarixdə Laçın rayonunun Şamkənd kəndində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxx 1995-ci il tarixdə X4, xx xxxx 1999-cu il tarixdə isə X5 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)- 465/2018 saylı qətnaməsinə əsasən X3 ilə xx xxxxxx 1995-ci il tarixdə Bərdə rayonu Yeni Əyricə kənd İcra Hakimiyyətində bağlanmış 02 saylı nikah ləğv edilmişdir. Ərizəçinin kiçik oğlu Sirac anadangəlmə xəstədir. Ağır dərəcəli gerilik, davranış pozuntusu ilə görmə sinirinin hissəvi atrofiyası, daun sindromu diaqnozu ilə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır, 1-ci qrup əlildir. Ərizəçi oğlu Sirac Məcnunzadəyə həmişə özü baxır, qulluq edir. Oğlunun xəstəliyi əqli inkişaf səviyyəsinə, psixi fəaliyyətinin normal inkişafına mane olur, nəticədə oğlunun hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərini idarə edə bilmir. Bu da oğlunu faktiki olaraq öz fəaliyyət qabiliyyətini həyata keçirməsi imkanından məhrum etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə tələbi irəli sürülmüş X5 xx xxxx 1999-cu il tarixdə anadan olmuşdur. Sirac Məcnunzadə oğlu 1ci qrup əlildir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2466/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-psixiatriya ekspertizası keçirilməsi qərara alınmışdır. Məhkəmə-psixiatriya ekspertizasının 1492 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, X2 orta dərəcəli kəmağıllıq formasında psixi xəstəlik aşkar olunur. Bunu anamnestik məlumatlar –ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər: zahirən gərgin olması, bir yerdə qərar tuta bilməməsi, xarici görünüşünün səliqəsizliyi, ünsiyyətə çətinliklə daxil olması, nitqinin dizartikliyi, verilən suallara qırıq-qırıq səslərlə, anlaşılmaz sözlərlə səhv cavablar verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, sadə, primitiv sualları cavablandırmaması, yersiz olaraq gülməsi və sair sübut edir. Bunları nəzərə alaraq, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizə təmin edilsin. xx xxxx 1999-cu il tarixdə Laçın rayonunun Şamkənd kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2466/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2466/2020
29.09.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver