Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2483/2021 23.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan keçidin qarşısında Cavabdeh tərəfindən quraşdırılmış qapının sökülərək keçidin açılması və həmin keçid üzərində inşa edilmiş dam örtüyünün sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər qonşudurlar, onlar əvvəllər mehriban yaşasalar da son vaxtlarda aralarında əmlakdan istifadə və həyətyanı sahədə inşa işləri ilə əlaqədar mübahisə yaranmışdır, hazırkı mübahisə ondan ibarətdir ki, həyətyanı sahələr tərəflərin qarşılıqlı razılığı əsasında ayrılmışdır, lakin qonşuların ümumi istifadəsində olan 6 metr enində, 10 metr uzunluğunda keçid cavabdehin ixtiyarında qalmış, onun həmin sahəyə heç bir hüququ olmadan həmin keçidin üzərinə dam örtüyü vurmuşdur, nəticədə yağış suları iddiaçının həyətinə axır, bundan əlavə, cavabdeh tərəfindən keçidin bağlanması təhlükəsizlik baxımından da onun evi üçün əlverişsiz şərait yaratmış, ərazidə hər hansı bir yanğın və ya digər texnogen qəzalar baş verdiyi halda onun evinə yaxınlaşmaq üçün ciddi maneə yaratmışdır, iddiaçı öz həyətində qeyd edilən keçiddən təhlükəsizliyi təmin edə biləcək əlavə qapı aşmaq istəyir, açılması tələb olunan keçid isə təhlükəli təsirlərdən mühafizə ilə əlaqədar əraziyə sərbəst yanaşmaq üçün gedən yol kimi qoyulmuş, lakin bu yol cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuşdur, ona görə də hesab edir ki, yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından iddiaçının evinin təhlükəsizliyi təmin edilməli, cavabdeh tərəfindən zəbt edilmiş keçid açılmalı, həmin keçiddən ümumi istifadə üçün istifadə olunmalı, ona oradan həyətinə keçid üçün əlavə qapı açılmasına şərait yaradılmalı, bu məqsədlə də yaranmış maneə aradan qaldırılmalı, keçidin üzərində qoyulmuş ala qapı və keçiddə quraşdırılmış dam örtüyü sökülməlidir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbləri əsassızdlr, belə ki, iş materiallarında iddiaçının fərdi evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin cizgisi vardır, lakin həmin cizgidə nə verildiyi tarix, nə də qeydiyyat nömrəsi göstərilməmişdir, bu hal cizginin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz edir, eyni zamanda bu cizgi faktiki vəziyyəti göstərir, cavabdehin söylədiklərinə görə iddiaçının darvazası əvvəllər onun darvazası ilə bir bərabərdə olmuşdur, İddiaçı 2 il bundan əvvəl öz darvazasını qarşıdakı boş ərazini zəbt edərək irəli çəkmişdir, nəzərə alınmalıdır ki, Cavabdeh yaşadığı evin birinci sahibi X2 olmuş, fərdi evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair 05.10.2000-ci il tarixli 316 saylı sərəncam məhz onun adına verilmişdir, cavabdeh evi və ətrafındakı torpaq sahəsini 2011-ci ildə almışdır, o, heç bir tikinti işləri aparmamış, yalnız təmir işləri gördürmüşdür, iş materiallarında olan Cavabdeh evinin texniki pasportunun üz vərəqində qeyd olunmuşdur ki, texniki pasport 17 fevral 2004-cü ildə tərtib olunmuşdur, iddiadan görünür ki, onun predmeti keçidin yerləşdiyi torpaq sahəsidir, bu torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur, həmin ərazinin adını iddiaçı keçid qoysa da, faktiki olaraq bu torpaq sahəsi keçid deyildir, iddiaçının öz darvazasından sərbəst giriş-çıxışı var, eləcə də sol tərəfdə yerləşən qonşunun öz qapısından çıxışı vardır, başqa bu torpaq sahəsindən heç bir yerə keçid yoxdur və cavabdehdən savayı heç kimin evi yoxdur, iddia ərizəsində iddiaçı hər-hansı hüququnun pozulmasını göstərməmişdir, belə olan halda, iddiaçının bu iddianı vermək üçün heç bir subyektiv hüququ yoxdur, həmin iddianı torpaq sahəsinin mülkiyyətçisi olan dövlət və ya bələdiyyə orqanı verə bilər, digər tərəfdən qonşular olaraq onların həyətyanı sahələrini ayıran və hazırda da əlavə keçid qapısı açılması üçün iddiaçının nəzərdə tutduğu yer də onun özü tərəfindən daş divarla hörülmüşdür. Sonda Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsi və vəkillərinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon İH başçısının 05.10.2000-ci il tarixli 316 nömrəli sərəncamdan çıxarışdan görünür ki, X1 Zığ şossesi, Kislorod zavodunun yaxınlığında (Zığ yolu küçəsi ev 49”q”) cizgidə göstərilən sahədə 0.04 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir. İş materiallarında olan Xətai rayon İH Başçısının 01.06.1998-ci il tarixli 185 nömrəli sərəncamdan çıxarışdan görünür ki, İddiaçı Zığ şossesi, 46 saylı evin yaxınlığında cizgidə göstərilən sahədə 0.04 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(011)-757/20 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən, ünvan 2 ünvanında sərhəd hasarı və iddiaçı Cavabdeh məxsus ünvan 3 yaşayış evinin üzərində dəmir millər quraşdırılmaqla dəmir betor konstruksiyadan inşa edilmiş müxtəlif naxışlı (şəlalə tipli) divar cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, İddiaçı Cavabdeh qarşı “qanunsuz tkilinin sökülməsi və maneçiliyin aradan qaldırılması tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 3 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 16.09.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən 06.04.2021-ci il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 2 ünvanında, Cavabdeh isə ünvan 3 ünvanda bir-birinə bitişik olan fərdi yaşayış evlərində yaşayırlar, tərəflər həm nəqliyyat vasitəsi, həm də fərdi olaraq öz yaşayış sahələrinə giriş-çıxışda sərbəstdirlər, onların ixtiyarında olan yaşayış sahəsi və həyətyanı sahələr biri-birindən daş hasarla ayrılmışdır, iddiaçının öz yaşayış sahəsinə əlavə keçid məqsədilə nəzərdə tutduğu sahə cavabdehin ixtiyarında olan ərazi hüdudları ilə əhatə olunur, əlavə qapı yeri isə onun özü tərəfindən inşa edilmiş və təmir olunmuş daş hasarın bir hissəsini təşkil edir, cavabdehin ixtiyarında olan həyatyanı sahəyə keçid üzərində dam örtüyü quraşdırılmışdır və o, iddiaçının ixtiyarında olan həyətyanı sahəyə və onun əmlakının əhatə olunduğu sahədən kənardır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, tərəflər qonşudurlar və onların ixtiyarında olan həyətyanı sahələr daş hasarla ayrılaraq biribirindən təcrid olunmuş vəziyyətdədir, hər bir sahənin özünün giriş-çıxış qapısı vardır, tərəflərin ixtiyarlarında olan həyətyanı sahələrinə keçidləri sərbəstdir, bu keçiddən həm nəqliyyat vasitəsilə, həm də fərdi qaydada maneəsiz istifadə olunur, mübahisələndirilən sahə cavabdehin ixtiyarındadır, həmin sahədən iddiaçının həyətyanı sahəyə keçid yoxdur, qapının açılması üçün maneə kimi nəzərdə tutulan divar səddi iddiaçı tərəfindən inşa edilmişdir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Mübahisə, cavabdehin istifadə etdiyi keçidin, o cümlədən qapı və onun üzərində quraşdırılmış örtüyün sökülməsi barədədir. Bununla belə, mübahisəli əraziyə iddiaçının əmlak hüququna, həmçinin cavabdehin əməlindən onun əmlak hüququnun pozulmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ümumilikdə iddia tələbinə münasibətdə qeyd edir ki, bu, sübutetmə yükü ilə bağlıdır, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutetmə vəzifəsi daşıyır, yəni, “mübahisələndirilən sahədə keçidin hər hansı bir fövqəladə hal zamanı onun və digər qonşuların ərazisinə sərbəst yanaşmaq üçün gedən yol kimi qoyulması”, “həmin keçidin qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilməsi”, keçidin üzərində dam örtüyünün tikilməsinin və həmin damın navalçalarından axan suyun onun həyətinə sızması”, “keçiddən ümumi istifadə etmələrinin qarşısının alınması” barədə hallara dair sübutları iş materiallarına əlavə etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin mübahisəli sahəyə dair əmlak hüququnun olmaması, həmin sahəyə dair hüquqi maraqların mövcudluğuna dair hallardan asılı edir. Lakin iddiaçı həmin sahənin cavabdehin ixtiyarında olmasının onun hansı maraqlarına toxunmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının, mübahisəli sahədən ona əlavə keçid (qapı) açılması zəruriliyi barədə dəlillərinə gəldikdə isə, mübahisəsiz hallar kimi iş materialları ilə təsdiq olunur ki, həmin sahə iddiaçının özünün vəsaiti və tərəflərin qarşılıqlı razılığı ilə daş hasarla bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qeyd edilənlər isə iddia tələbinin rədd edilməsi üçün yetərlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 180.4-ci maddəsinə görə isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “ona məxsus ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan keçidin qarşısında Cavabdeh tərəfindən quraşdırılmış qapının sökülərək keçidin açılması və həmin keçid üzərində inşa edilmiş dam örtüyünün sökülməsi barədə” iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “ona məxsus ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan keçidin qarşısında Cavabdeh tərəfindən quraşdırılmış qapının sökülərək keçidin açılması və həmin keçid üzərində inşa edilmiş dam örtüyünün sökülməsi barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2483/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2483/2021
23.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver