Məhkəmə qərarları › İş №2(011)-2488/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2488/2023

19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2488/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə quraşdırılan su sayğacına "xxxx" ASC tərəfindən əsassız hesablanmış 148 kub metr su sərfiyyatının silinməsinə dair qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə 148 kub sözünü 148 manat (AZN) sözü ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, evində sudan istifadəyə görə ödənişləri online ödəyir, 2022-ci ilin iyul ayının 12-si hesabına 148 manat borc yazıldığını görmüşdür, sayğac 1 həftəyə yazdığı məbləği, 2 günə yazır, sayğac səhv işləyir, 5-6 günə bu qədər arta bilməz, birdən-birə iyul ayında göstərici 43-dən 193-ə qalxmışdır, bu barədə cavabdehə müraciət etmiş, onlar sayğacı yenisi ilə əvəz etmişdirlər, sayğacı özü Yasamal rayonunda, onların dedikləri yerə - laboratoriyaya aparmışdır, 1-ci mərhələdə yoxlamış, sayğacın normal olduğunu demişdirlər, daha sonra avqust ayında Cavabdeh ASC-nin ofisinə yaxınlaşmış və ərizə ilə borcun silinməsini xahiş etmişdir, lakin bu müraciətinə cavab gəlməmişdir, daha sonra online formada müraciət etmiş, cavabdehin əməkdaşları ona rəyə baxdıqlarını, borcu qaytara bilməyəcəklərini bildirmişdirlər, hazırda hesabına yazılmış əsassız 148 manat borcun silinməsini istəyir. Sonda iddiaçının nümayəndəsi M.İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi N.H.Hümmətov izahat verərək bildirdi ki, sayğac xx.xx.2022-ci ildə yenisi ilə əvəz edilib, onun sökülmə göstəricisi 200 olmuşdur, həmin sayğac xx.xx.2021-ci ildə qoyulmuşdur, bu zaman onun göstəricisi 1 olmuşdur, digər sayğac, yəni yeni sayğac 1421 ilə qoyulub, sayğac işlənmiş olub, bu ola bilər, yeni sayğac pilləkən qəfəsində olub, borc iddiaçının borcudur, bir ailədə 3-4 nəfər olan vaxt bir aya 3 kub yazıla bilməz, sayğac laboratoriyaya gedəndə görüblər ki sayğacın üzərində göstərici 200-dür, əvvəl yazılanlar az, yəni 6-7 kub olub, sayğacı laboratoriyaya aparanda onu dərhal yenisi ilə əvəz edirlər. Sonda N.H.Hümmətov qeyd etdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdən tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Abonent kartı”nın surətindən görünür ki, xx.xx.2016-cı il tarixli 34058536 №-li müqaviləyə əsasən, İddiaçı Xətai, Polad Həşimov küçəsi, ev 33, mənzil 2 ünvanında **********020 saylı abonent koduna 2017-ci il üzrə 112,5 manat, 2018-ci il üzrə 75 manat, 2019-cu il üzrə 75 manat, 2020-ci il üzrə 67,5 manat, 2021-ci il üzrə 95,77 manat, 2022-ci il üzrə 213 manat borc yazılmışdır, yekun borc 160 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ətraflı Abonent kartı”nın surətindən görünür ki, xx.xx.2016-cı il tarixli 34058536 №-li müqaviləyə əsasən, İddiaçı Xətai, Polad Həşimov küçəsi, ev 33, mənzil 2 ünvanında (abonent kodu **********020) CSS-20 markalı sayğac xx.xx.2021-ci il tarixdə quraşdırılmış, göstəricisi “1” olmuş, xx.xx.2022-ci il tarixdə sökülmüş, bu zaman sökülmə göstəricisi “200” olmuşdur, Smart CSS-20 markalı sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmış, ilkin göstərici “1421” olmuşdur, hazırda ünvan üzrə su borcu 103,80 manat, çirkab borcu 44,49 manat olmaqla, cəmi 148,29 manatdır. İş materiallarında olan Cavabdeh ASC X6 İdarəsi “X3 Laboratoriyası”nın 48887/0208528 №-li Rəyinin surətindən görünür ki, **********020 saylı abonent kodu üzrə xx.xx.2022-ci il tarixdə çıxarılmış, Mexaniki DN-20 tipli, 21148887 zavod nömrəli suölçən cihaz istismara yararsızdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/4/01-7/6/17048 saylı məktubun surətindən görünür ki, sonuncuya, sözügedən ünvanın su təchizatı və çirkab suların axıdılması xidmətindən istifadəyə görə heabatı su xətti üzərinə quraşdırılmış CSS-20 markalı, 21148887 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparıldığı, sayğac istismara yararsız olduğundan xx.xx.2022-ci il tarixinə su xətti üzərindən sökülmüş və yerində Smart CSS-20 markalı, 116619 nömrəli ilkin göstəricisi 1421 m3 olmaqla mexaniki tipli su sayğacı quraşdırılaraq istifadəyə verildiyi, abonent hesabında heç bir uyğunsuzluq aşkar olunmadığı, hazırda sayğacın göstəricisi 1457 m3 olmaqla xidmətlərdən istifadəyə görə hesabda (kod: **********020) 160 manat borc olduğu, qeyd edilən borcun istismardan çıxarılmış və faktiki sayğacın göstəricisinə əsasən, hesablanmış ümumi məbləğin ödənilməmiş hissəsi olduğu bildirilmişdir. İş materiallarında olan Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli “Xəbərdarlıq” məktubunun surətindən görünür ki, sonuncuya xx.xx.2023-cü il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 148,29 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcunun yarandığı bildirilmiş, 7 iş günü müddətində borcunun ödənilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı ünvan 5 ünvana xx.xx.2021-ci il tarixdə 21148887 nömrəli sayğac quraşdırılmışdır, həmin sayğac Cavabdeh ASC X6 İdarəsi “X3 Laboratoriyası”nın xx.xx.2022-ci il tarixli rəyinə əsasən “suölçən cihazın istismara yarasız olması” əsası ilə yeni 116619 saylı sayğac ilə əvəzləşdirilmişdir, əvəzləşdirilmiş 21148887 nömrəli sayğacın sonuncu (sökülmə) göstəricisi 200 m3, quraşdırılmış 116619 saylı sayğacın ilkin göstəricisi 1421 m3 olmuşdur, iddiaçıya xx.xx.2022-ci il tarixində 21148887 nömrəli sayğac göstəricisinə uyğun olaraq 148 manat borc hesablanmışdır, həmin ünvan üzrə borc su sayğacının göstəricisinə əsasən, xx.xx.2022-ci il tarixə 4 manat, xx.xx.2022-ci il tarixə 6 manat, xx.xx.2022-ci il tarixə 9 manat,xx.xx.2022-ci il tarixə 4 manat, xx.xx.2022-ci il tarixə 10 manat, xx.xx.2022ci il tarixə 10 manat olmuşdur, həmin aylarda sayğaclarda hər hansı bir qüsur aşkar olunmamış, sayğacın “işəmri növü” normal olmuşdur, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla bərabər, sudan sayğacdan kənar və qeyri-qanuni istifadə halları müəyyən edilmədi. Məhkəmə, xx.xx.2022-ci il tarixə yazılmış 148 manat borca münasibətdə hesab edir ki, qeyd olunan borc, 21148887 nömrəli sayğacın göstəricisinə uyğun olaraq hesablandığından və həmin sayğac xx.xx.2022-ci il tarixli laboatoriya rəyinə əsasən istismara yararsız hesab edilməklə yenisi ilə əvəzləşdirildiyindən, yararsız sayğac üzrə göstəriciyə uyğun olaraq iddiaçının abonent hesabına xx.xx.2022-xx.xx.2022-ci il (27 gün) müddəti üçün 148 manat borc daxil edilməsi əsaslı olmamışdır. Məhkəmə, silinməli olan borcun məbləğinə münasibətdə isə hesab edir ki, əvəzləşdirilmiş 21148887 nömrəli sayğacda iyul ayınadək, habelə iyul ayında quraşdırılmış yeni 116619 saylı sayğacda qüsur olmasına, həmçinin iddiaçının sudan hər hansı bir qeyri-qanuni istifadəsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, xx.xx.2022-xx.xx.2022-ci il müddəti üzrə sudan istifadəyə görə sərfiyyat həcmi əvvəlki və sonrakı aylar üzrə sayğacın göstəricisinə uyğun olaraq (xx.xx.2022-ci il tarixə 4 manat, xx.xx.2022-ci il tarixə 6 manat, xx.xx.2022-ci il tarixə 9 manat,xx.xx.2022-ci il tarixə 4 manat, xx.xx.2022-ci il tarixə 10 manat, xx.xx.2022-ci il tarixə 10 manat) hesablanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-xx.xx.2022-ci il müddəti üzrə orta aylıq sərfiyyata uyğun olaraq 8 manat həddində müəyyən edilməli, iddiaçının abonent hesabına iyul ayı üzrə hesablanmış ümumilikdə 148 manat borcdan 8 manat ödənilməli, qalan 140 (148-140) manat borc isə silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun 30cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 58-ci maddəsinə əsasən, ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə vəbu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı **********020 saylı abonent koduna hesablanmış 140 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddianın təmin edilmiş hissəsi, onun həcmi nəzərə alınmaqla (1000 manatdan az olduğundan), cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********020 saylı abonent koduna hesablanmış 140 (yüz qırx) manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar