Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2493/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, xx.xx.1991-ci il tarixdən o könüllü olaraq Laçın rayonun özünümüdafiə taborunda sonradan həmin tabor (oktyabr 1991-ci il tarixindən N saylı hərbi hissənin) tərkibinə daxil olmuşdur. O zaman o, erməni separatçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak olundu və N saylı hərbi hissə dağılmışdır. 20.0.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinə qədər xəstəliklə əlaqədar müalicə almışdır. xx.xx.1994-cü il müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.1994-cü il tarixdən xəstəliklər cədvəlinin bir qrafasının 11-ci maddəsinin “b” bəndinə əsasən dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Döyüşlərdə iştirak etdiyi üçün o, müharibə veteranı adı və vəsiqəsini almaq üçün Laçın rayon Səfərbərlik şöbəsinə dəfələrlə müraciət etmişdir. Oradan rədd cavabı alaraq, Bakı İnzibati Məhkəməsində iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmuşdur. Bununla yanaşı döyüşdə yaralanması barədə SHXÇDX-nin Laçın şöbəsinə müraciət etmişdir ki, Müdafiə Nazirliyinin MHNK-na (oktyabr 2022-ci il) aldığı travma Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hesab olunsun. xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası SHXÇDX-nin Laçın rayon bölməsindən “Xidmət illəri haqqında məlumat olmadığı üçün tərəfimizdən sizə məlumat verilməsi mümkün deyil” cavabı verilmişdir. Eyni zamanda qeyd olunan şöbədə onun qeydiyyat kartını göstərərək bildirmişlər ki, burada hərbi xidmətdə olduğu barədə heç bir qeydiyyat aparılmamışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1991-ci il tarixdən 1994-cü il tarixə kimi hərbi xidmət dövrü faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizəsini dəqiqləşdirərək, məhkəmədən 1992-ci ilin aprel ayının 5dən 1994-cü ilin fevral ayının 15-ə qədər Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin Laçın tərkibində gedən döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi eyni zamanda izahatında bildirmişdir ki, o, 1993-cü ilin oktyabr ayından əlilliyə görə əmək pensiyası alır. Halbuki, o, yaralanmaq haqqında Tibbi ekspertiza komissiyasına arayış təqdim etmişdir. Hal-hazırda, o, həmin arayışı itirmişdir. Çünki Kəlbəcər rayon mərkəzi xəstəxanası erməni separatçıları tərəfindən 2 aprel 1993-cü il tarixdə işğal olunmuşdu. Bu səbəbdən həmin arayışı ala bilmir. Laçın rayon Səfərbərlik şöbəsi Mərkəzi Hərbi Həkim Komissiyasının ünvanlandığı məktubunda qeyd edir ki, döyüş əməliyyatlarında iştirak etdiyi Ərizəçi göstərilib, lakin hərbi xidmət dövrü kimi göstərilməmişdir. 1991-ci ilin iyun ayında könülü olaraq öz ərizəsi ilə döyüşlərə qatılmışdır. 1991-ci ilin oktyabr ayının 1-dən özünümüdafiə dəstələri ləğv olunmuş və hərbi hissənin tərkibinə daxil olmuşdur. 1992-ci ildə yaralanmış, sağalandan sonra o, yenə döyüşlərə qatılmışdır. 1992-ci ilin may ayından sonra Qubadlı tərəfdə döyüşmüşdür. 1992-ci ilin fevral-mart ayında yaralanandan sonra 10-15 gün xəstəxanada yatmışdır. 1992-ci ilin avqust ayından isə Kəlbəcər istiqamətində döyüşmüşdür. 1993-cü ilin fevral ayında minada yaralanmışdır. O, kontuziya almış, onu Bakıya gətirmişlər. Xəstəxanada yer olmadığı üçün evdə müalicə almışdır. 5-6 ay müalicə almış, sonradan yenidən Füzuli Cəbrayıl zonasında döyüşlərə qayıtmışdır. 1994-cü ilin mart-aprel ayında yenə mərmi partlayanda kontuziya almışdır. Füzulidə qospitalda yatmış, sonradan Bakıya qospitala göndərmişdir. 32 gün orada qalmışdır. 1994-cü ilin iyul ayında onu tərxis etmişlər. O, həmçinin 1991-ci ildən sonra və 1992-ci ilin may ayından sonra da döyüşmüşdür. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 14 iyun 2023-cü il tarixli iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X6 izahatında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. O, eyni zamanda qeyd etmişdir ki, ərizəçi özünümüdafiə dəstələrində xidmətinin həqiqi hərbi xidmətə daxil edilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməlidir. Müdafiə Nazirliyi ərizəçinin vaxtilə özünümüdafiə dəstələrində döyüşməsini həqiqi hərbi xidmət dövrü kimi müəyyən etməlidir. Maraqlı şəxs ancaq onun döyüşlərdə iştirak etməsinə qiymət verə bilər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 28 oktyabr 2022-ci il tarixli 364 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1991-ci ildən 1992-ci ilin may ayına qədər Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin Laçın tərkibində gedən döyüş əməliyyatlarında iştirak etmiş və erməni hərbi birləşmələri tərəfindən atılan mərmilərin partlaması nəticəsində qəlpələrin küt təsirindən yaralanmışdır. xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək xəstəliklə əlaqədar möhlət verilmişdir. xx.xx.1994-cü il müddətli həqiqi hərbi xidmətə göndərilmişdir, xx.xx.1994-cü il tarixdən SSRİ MN-nin 1987ci il tarixli 260 №-li əmri ilə təsdiq edilmiş xəstəliklər cədvəlinin İ qrafasının 11-ci maddəsinin “b” bəndinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. xx.xx.1994-cü il tarixdən keçmiş Laçın rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 15 fevral 2023-cü il tarixli 70 nömrəli arayışdan görünür ki, məlum hadisələrlə əlaqədar olaraq keçmiş Laçın rayon Hərbi komissarlığınına arxiv-uçot sənədləri işğal zonasında qaldığı üçün Ərizəçi 1991-1994-cü illərdə həqiqi hərbi xidməti barədə hazırda Xidmətiun Laçın rayon bölməsində mövcud uçot sənədlərində məlumat yoxdur. xx.xx.1991-ci ildən 1992-ci ilin may ayına qədər Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin Laçın tərkibində gedən döyüş əməliyyatlarında iştirak etmiş və erməni hərbi birləşmələri tərəfindən atılan mərmilərin partlaması nəticəsində qəlpələrin küt təsirindən yaralanmışdır. xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək xəstəliklə əlaqədar möhlət verilmişdir. xx.xx.1994-cü il tarixdən SSRİ MN-nin 1987-ci il tarixli 260 №-li əmri təsdiq edilmiş xəstəliklər cədvəlinin İ qrafasının 11-ci bəndinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. xx.xx.1994-cü il tarixdən keçmiş Laçın rayon Hərbi Komissisarlığında hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən Azərbaycan Respublikası Səfərbərəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə ünvanlanmış 2615 nömrəli 31 oktyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, aşağıdakı səbəblərə görə vətəndaş Ərizəçi aldığı yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi mümkün olmamışdır. Ərizəçi Azərbaycan Respublikası Səfərbərəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 202 nömrəli arayışda xx.xx.1991-ci ildən 1992-ci ilin mayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin Laçın tərkibində gedən döyüş əməliyyatlarında iştirak etdiyi göstərilmişdir. (göstərilən tarix hərbi xidmət dövrü kimi göstərilməlidir.) İş materiallarında olan Ərizəçi məxsus H3 seriyalı ******* №-li hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən Azərbaycan Respublikası Səfərbərəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi tərəfindən Ərizəçi ünvanlanmış 22 fevral 2023-cü il tarixli 3-43-41/2-195/2023 nömrəli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsində xidmət illəri haqqında məlumat olmadığı üçün tərəflərindən məlumat verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1610/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə iddiaçı xx.xx.1974-cü ildə Laçın rayonunda doğulmuş Ərizəçi ona müharibə veteranı adı və statusunun verilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddia tələbini qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 21 may 2019-cu il tarixl 1/Ə-6708 nömrəli məktubun surətindən görünür ki, Ərizəçi “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” nın iclasında baxılmış və Ərizəçi “Müharibə veteranı” adı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müadafiəsi Nazirliyi tərəfindən verilmiş TSE-0 seriyalı, 645430 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivindən Laçın Rayon Hərbi Komissarına ünvanlanmış 2612-2808 nömrəli, 01 oktyabr 1998-ci il tarixli cavab məktubunun surətindən görünür ki, X1 01 aprel 1992-ci il tarixli 04 №-li əmri ilə N saylı hərbi hissəyə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0271№-li 27 mart 1992-ci il tarixli əmrinin surətindən görünür ki, kapitan X3 ərazi müdafiə taburunun komandirinə podpolkovnik rütbəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02335 nömrəli 6 noyabr 1992-ci il tarixli əmrinin surətindən görünür ki, ehtiyatda olan baş leytenant X7 alayın qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, ilk vaxtlarda Söhrabın hələ 18 yaşı tamam olmamışdı. 1988-ci ilin aprelin 29-da onlar rəsmi olaraq Müdafiə Komitəsinin Laçın rayon İcraiyyə Komitəsini təsdiq etmişlər. O zaman Müdafiə Komitəsi var idi. Bu, qeyri-rəsmi idi. Yerli hakimiyət orqanlarının qərarı ilə təsdiq olunurdu. Həmin vaxt Söhrab cavan uşaq idi, gəlib onlara qoşulurdu. Heç kəs istəmirdi o, iştirak etsin, lakin vətənpərvər olduğu üçün heç kim ona maneə ola bilmirdi. Söhrabın atası da Müdafiə Komitəsində iştirak edirdi. 1991-ci ilin oktyabr ayında o, ilk əmri vermiş və Laçın alayı yaranmışdır. Həmin dövrdən Söhrab bütün əməliyyatlarda, hərbi hissənin təlimat və təchizatında iştirak etmişdir. Söhrab 1992-ci ilin fevral-mart aylarında yaralanmış, xəstəxanada yatmışdır. Onu 1992-ci ilin 30 aprelində işdən çıxarmışlar. O vaxt bəziləri onun işləməyini istəmirdi və bu səbəbdən onu işdən çıxarmışlar. Onu yenidən işə qaytarmamışlar. Sonra müxtəlif yerlərdə məxfi və qeyri məxfi çalışmağa başlamış, Şıxovda xüsusi təyinatlılar yaratmışdır. O, Söhrabın 1991-ci ilin oktabr ayından 1992-ci ilin 30 aprelinədək döyüşlərdə iştirak etməsi faktını təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Söhrabı döyüş vaxtlarından tanıyır, həmin vaxtdan çox müddət keçdiyindən tarix dəqiq yadında deyil. O, təxminən N-cı ildən Laçın rayon X2 döyüşmüşdür. Komandirin 01 aprel 1992-ci il tarixli 04 №-li əmri ilə N saylı hərbi hissəyə qəbul edilmişdir. N-cı ildə Söhrabı könüllü azyaşlı olduğuna görə elə hamı tanıyırdı. 1991-ci ildə Söhrab onlara qoşulmuşdur. E.Əliyev 1992ci ilin sentyabr ayına qədər döyüşmüş, sonra səhhəti ilə bağlı döyüşlərdə iştirak edə bilməmişdir. Sonra Beyləqanda və Sabirabadda yaşamışdır. Həmin vaxta qədər Söhrab orada olmuşdur. Həmin vaxt yəni, Laçın işğal olunanda Söhrab kimi uşaqlar və pensiya yaşına çatmış kişilər də döyüşlərdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, Söhraba orta məktəbdə dərs demişdir. Söhrab həm də onun əsgəri olmuşdur. O, 1991-ci ilin oktyabrin 1-dən 1994-cü ilin yanvarınadək hərbi hissənin qərargah rəisi olmuşdur. Ordu yaranmamışdan qabaq Müdafiə Komitəsi var idi. Söhrabın hələ yaşı çatmadığı zaman da, postlara gəlmək istəmiş, onu postlardan qovurmuş. Sonradan atası da ona bildirmişdir ki, Söhrab orduya getməklə bağlı ata və anasını bezdirir. Mümkün qədər postlara gəlməsinə icazə verməsələr də, mane ola bilməmişlər. Ordu yaranmamışdan boy-buxunlu olduğu üçün özündən yaşlılarla birgə qoşulurdu. Ordu yarananda yenə də yaşı az idi. Əvvəl-əvvəl onu orduya qeyri-rəsmi qəbul etmiş, yaşı çatanda isə rəsmi olaraq qəbul etmişlər. Söhrab əvvəldən döyüşlərə qatılırmış. O, Laçın rayon X4 tərkibində, 1992-ci ilin mart ayında Laçın alayı N saylı hərbi hissənin tərkibində, sonradan isə N saylı hərbi hissənin tərkibində döyüşürdü. Söhrab döyüşlərdə təxminən 2 dəfə yaralanmışdır. Birinci dəfə yaralanandan sonra yenidən döyüşlərə gəlirmiş. O, buna sərt reaksiya bildirmişdir. İkinci dəfə yaralanandan sonra artıq komandiri ona hospitala getməli olduğunu bildirmişdir. Söhrab da bu yaraya görə hospitala getməyə ehtiyac olmadığını bildirmişdir. O, Söhrabın 1991-ci ilin oktabr ayından 1994-cü ilin yanvarınadək döyüşlərdə iştirak etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları muəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, ərizəçinin 05 aprel 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixə qədər Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin Laçın tərkibində gedən döyüş əməliyyatlarında iştirak etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir, odur ki, ərizə təmin edilməli, ərizəçinin 05 aprel 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixə qədər Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin Laçın tərkibində gedən döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrinin tələblərini rəhbər tutub məhkəmə Qət e t d i : Ərizə təmin olunsun. Ərizəçi 05 aprel 1992-ci il tarixdən 15 fevral 1994-cü il tarixə qədər Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin Laçın tərkibində gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2493/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2493/2023
16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver