Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2496/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci, 2018ci, 2019-cu və 2020-ci illər üçün cavabdehdən iddiaçının xeyrinə 1.380 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün 624 ailəlik yaşayış kompleksi tikilib istifadəyə verilmişdir. Mənzillər “xxxx” MTK tərəfindən müxtəlif illərdə ipoteka yolu ilə satılmışdır. Mənzillər satılarkən hər bir mülkiyyətçi ilə MTK arasında yaşayış kompleksində mənzil-kommunal xidməti göstərmək məqsədi ilə müqavilələr bağlanmışdır. Sonradan MTK öz fəaliyyətini dayandırdığına görə Vergilər Nazirliyi tərəfindən xx xxxx 2018-ci ildə İddiaçı MMC yaradılmışdır və həmin MMC bu günə qədər mülkiyyətçilərə kommunal xidməti göstərməkdədir. Bir çox mülkiyyətçilər və sakinlər dəfələrlə şifahi, rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək bu günə qədər kommunal xidmət haqqını ödəməkdən yayınırlar, bu da müəssisənin fəaliyyətinə mənfi təsir göstərir. Mülkiyyətçi Cavabdeh xx xxxxxx 2016-cı il tarixdə “xxxx” MTK-dan ünvan 1 ünvanında 90,3 kv.m sahəsi olan ev almışdır. Elə həmin tarixdə də “xxxx” MTK ilə mülkiyyətçi arasında mənzil-kommunal xidməti haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin 3-cü bölümünün 3.1-ci bəndində göstərildiyi kimi, 2.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin MTK tərəfindən yerinə yetirilməsi müqabilində hər ayın 1-ci tarixindən gec olmayaraq 30 manat məbləği icraçı MTK-ya nağd və ya köçürmə yolu ilə ödəməli olmuş, lakin mülkiyyətçi Cavabdeh bu günə kimi müqaviləyə əməl etməyərək kommunal xidmət haqqını ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vaqif Məmmədov iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, xx xxxxxx 2016-cı il tarixdə “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, bina 97, mərtəbə 12, mənzil 3 ünvanında yerləşən ev Cavabdeh satılmışdır. Mənzilin dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Həmin tarixdə Cavabdeh ilə xxxx” MTK-nın arasında mənzil-kommunal xidmət haqqında müqavilə bağlanmışdır. Hazırkı iddia tələbinin əsasını müqavilə üzrə ödənilməmiş kommunal xidmətlərin ödənilməsi təşkil edir. Məhkəmə hazırkı iş üzrə iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən məqamın mənzil-kommunal xidməti haqqında müqavilənin olmasını qeyd edərək qanunvericilikdə müqavilə ilə bağlı maddələrə nəzər yetirməyi zəruri hesab edir. Mülki Məcəlləyə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər (406.3). Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (407.2). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (337.1). Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sözügedən mənzil-kommunal xidməti müqaviləsinin surətini nəzərdən keçirərək qeyd edir ki, sözügedən müqaviləni “xxxx” MTK-nın adından onun nümayəndəsi bağlamış, müqavilə həmin şəxs tərəfindən imzalanmış, lakin həmin şəxsin hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olmasını təsdiq edən hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmişdir. Yaranmış vəziyyətdə isə müqavilədəki imzanın səlahiyyəti təsdiq edilməmiş şəxs tərəfindən icra edilməsi müqavilənin etibarlılığını şübhə altına almışdır. Eyni zamanda müqavilə “xxxx” MTK-nın rəhbəri tərəfindən hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə qeyd edilən hala qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliklə müqavilə üçün nəzərdə tutulmuş qaydaların pozulması ilə bağlanmışdır. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Daha sonra məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, “xxxx” MTK təşkilati hüquqi formasına görə mənzil-tikinti kooperativi olmuşdur, o, fəaliyyətini dayandırdığına görə Vergilər Nazirliyi tərəfindən xx xxxx 2018-ci il tarixdə İddiaçı MMC yaradılmışdır. Yaradılmış qurumun təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmuşdur. Mübahisəli müqavilə cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış, lakin müqavilə üzrə öhdəliyin icrası tələbi ilə İddiaçı MMC məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı MTK-nın bağladığı müqavilələr üzrə tələb etmə hüququnun MMC-yə keçməsi barədə hər hansı subut təqdim edilməmiş, məhkəmədə bu halı təsdiq edəcək hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsaslanaraq belə qənaətə gəlir ki, İddiaçı MMC heç bir subyektiv hüququ olmadan cavabdehdən müqavilə üzrə pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının belə subyektiv hüquqa malik olması və onun hüququnun cavabdeh tərəfindən pozulması faktı məhkəmə tərəfindən aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdehin arasında mənzil-kommunal xidmətin göstərilməsi ilə bağlı hər hansı müqavilə və yaxud razılaşma olmamış, sözügedən müqavilə hazırkı iş üzrə cavabdeh ilə “xxxx” MTK arasında bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləlklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər üçün cavabdehdən iddiaçının xeyrinə 1.380 manat məbləğində pulun tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2496/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2496/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver