Məhkəmə qərarları › İş №2(011)-2513/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2513/2020

21.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2513/2020 21.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi ilə, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş tikilinin sökülərək mühafizə rejiminin təmin edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsindən keçən İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin əhalisi, dövlət, özəl və ictimai obyektlər tərəfindən axıdılan tullantı sularının kanalizasiya qurğuları vasitəsi ilə qəbul edilib müvafiq məntəqələrə ötürülərək zərərsizləşdirilməsi gündəlik həyat üçün çox vacib vəzifələrdəndir. Çirkab suların fasiləsiz və normal qaydada qəbul edilməsi üçün şəhərə xidmət göstərən kanalizasiya sistemlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara mütəmadi texniki xidmətin göstərilməsi olauqca vacib məsələlərdəndir. Belə ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsindən keçən “İddiaçı'' Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında özbaşına tikili inşa etdirmişdir. Belə ki, özbaşına tikilinin inşası nəticəsində cavabdeh tərəfindən qüvvədə olan "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun və "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnıfatı”-nın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydalarının və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur.Nəticədə yuxarıda adı çəkilən özbaşına tikili nəticəsində 8-ci kilometr kanalizasiya kollektorunun böyük hissəsinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrin başverməsi, çirkab suyun əraziyə axmasıyla gigiyenik təhlükənin yaranma ehtimalını artırır, başvermiş qəzaların vaxtında və operativ şəkildə qarşısının alınmasında ciddi maneələr yaradır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan İddiaçı ASC-nin “Bakı Sukanal” İdarəsinin rəisi Habil Quliyev tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubuna əsasən bildirilmişdir ki, özbaşına inşa etdiyi tikilinin sökülməsi və sözügedən kanalizasiya kollektorunun mühafizə zonasının boşaldılmasını təmin etsin, əks təqdirdə İcra Hakimiyyəti orqanları və ya məhkəmə vasitəsi ilə özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi həyata keçiriləcək və bununla bağlı çəkilmiş bütün xərclər əlavə olaraq ondan tələb olunacaqdır. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/1040 saylı ekspert rəyinə əsasən, mülki iş materialında İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan kanalizasiya kollektorunun üzərində inşa edilmiş tikintiyə dair hüquqmüəyyənedici və texniki sənəd olmadığına görə inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmadı; Xətai rayonu, Şahin Səmədov küçəsi, döngə 1, ev 14 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus yeraltı kanalizasiya kollektorunun üzərində Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və 2 mərtəbəli fərdi yaşayış evinin xx xxxxxxx 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin a) bəndində göstərilən 5.0m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “Su təchizatı və tullantı suları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan sutəchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 109 nömrəli qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi qaydaları"nın tələblərinə əsasən hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq onların ətrafında mühafizə zonalarının ölçüləri aşağıdakı kimi qəbul edilir: Kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların uburaxma qabiliyyətindən asılı olaraq: 10 kub. m/san qədər olduqda — 10 m; 10-30 kub. m/san olduqda — 25 m, 30-50 kub. m/san olduqda — 60 m, 50 kub. m/san-dən artıq olduqda — 100 m. məsafədə Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə görə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iddiaçının qanunsuz tikilinin sökülməsi ilə bağlı iddia tədəbinə münasibətdə qeyd edir ki, qanunvericilikdə qanunsuz tikili məhfumu mövcud olmadığından müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların – yəni özbaşına tikintinin məhkəmənin qərarı əsasında sökülməsi nəzərdə tutulmuşdur. İddia tələbində mübahisə edilən ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərinə uyğun inşa edilmədiyi, bununla da, iddiaçının hüquqlarının pozulması məhkəmə baxışı zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat ilkin iddia üzrə cavabdehə aid edilməklə ondan dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 3 ünvanından keçən İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş özbaşına tikili sökülsün və kəmərlərin üzərinin və mühafizə zonalarının boşaldılması təmin edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh aid edilməklə ondan dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar