Məhkəmə qərarları › İş №2(011)-2513/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2513/2024

28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2513/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq yazılmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında əsassız hesablanmış borca görə 5.699,72 manat məbləğin (**********70015) hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında iddiaçıya məxsus evə cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən ********* nömrəli sayğac quraşdırılmış və **********70015 saylı hesab kodu verilmişdir. Bu günə qədər qeyd olunan evdə istifadə etdiyi işıq sərfiyatına görə iddiaçı hər ay hesab koduna aylıq gecikmələr olmadan ödəniş etmişdir. Bu vaxta qədər heç bir borcu olmamışdır. "xxxx" ASC tərəfindən borcla bağlı heç bir rəsmi bildiriş verilməmişdir. 19 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanına iddiaçının iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının faza xətlərindən keçən yükü elektrik sayğacının qeyd etməməsi barədə 037993 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında iddiaçının hesab koduna 5.699,72 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı hesab edir ki, "xxxx" ASC-nin yazdığı borc əsassızdır. Belə ki, qeyd olunan evdə iddiaçı istifadə etdiyi işıq sərfinə görə hər ay ödəniş etmişdir. Eyni zamanda akt tərtib olunarkən iddiaçının iştirakı olmamış, iddiaçının, hal şahidlərinin, üçüncü nəzarətçinin iştirakı olmamış və iddiaçının imzası olmadan tərtib edilmişdir. Yeni qoyulmuş elektrik sayğacının üzərində 4070 kv olmuşdur. Bu göstərici tərtib olunmuş protokolda qeyd olunmuşdur. Sayğac dövlət yoxlamasında keçərkən 026415 saylı protokol əsasında sayğacın dövlət möhürü normada olması və qüsurun olmaması qeyd olunmuşdur. Bu əsassız və qanunsuz hesablanmış borcun hesab kodumdan silinməsi ilə bağlı iddiaçı tərəfindən müraciət edilmiş, lakin bugünə kimi cavabdeh tərəfindən hesab koduna əsassız olaraq yazılmış 5.699,72 manat borc silinməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçıya məxsusdur. Həmin ünvanla bağlı tərəflər arasında enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısına dair 24 yanvar 2024-cü il tarixdə müqavilə bağlanmış, iddiaçıya məxsus ünvanda elektrik sayğacı quraşdırılmışdır. 19 yanvar 2024-cü il tarixdə cavabdeh tərəfindən 037993 saylı akt tərtib edilmiş, aktda müəyyən edilmişdir ki, iddiaçıya məxsus sayğaca baxış keçirilərkən abonentə məxsus elektrik sayğacı faz xətlərindən keçən yükü qeyd etmir. Cavabdeh tərəfindən iddiaçıya məxsus sayğaca 5.699,72 manat borc hesablanmış və hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Elektrik enerjisindən istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunu: 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, istehkaçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır. Xüsusi icazə fəaliyyəti sahəsinin (ərazisinin) hüdudlarında enerji paylayıcısının vəzifələri: dövlət tənzimləməsinə uyğun olaraq özü verdiyi enerjinin qiymət və tariflərini müəyyən etmək, həmçinin enerjinin paylanması üçün istehlakçının energetik qurğulara qoşulmasının ümumi şərtlərini müəyyən etmək; müqavilə bağlanmış sahə (ərazi) hüdudunda istehlakçıların tələbi ilə onları energetik qurğulara qoşmaq və razılaşdırılmış qiymətlər, tariflər və şərtlər əsasında enerji ilə təchiz etmək; paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların enerjiyə tələbatını kəmiyyət və keyfiyyətcə müntəzəm ödəmək məqsədilə elektrik və istilik enerjisinin istehsalı, alınması və ötürülməsi üçün bütün tədbirləri görmək; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında sənaye sahələrinin və istehlakçıların öz ehtiyaclarından artıq istehsal etdikləri elektrik və istilik enerjisinin satın alınması. İstehlakçı özü elektrik enerjisi istehsalçısıdırsa və ya paylayıcı aşkar iqtisadi səbəblərdən (nisbətən uzun və baha başa gələn məsafəyə az miqdarda enerji ötürmək sifarişi alırsa və həmin sahənin istehlakçılarını tez şəbəkəyə qoşa bilmirsə) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edirsə, həmin istehlakçılar enerji istehsal edən, nəql edən və paylayan digər müəssisələr tərəfindən təchiz edilə bilərlər. 11-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının izahatını dinləyib işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddiaçıya məxsus evdə 24 yanvar 2024-cü il tarixdə elektrik sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının abonent hesabına 22 yanvar 2024-cü il tarixdə 5.699,72 manat borc hesablanmış və həmin məbləğ iddiaçıdan tələb edilmişdir. Hazırda cavabdeh tərəfindən iddiaçıdan qeyd olunan borc məbləğinin tələb edilməsi əsassızdır. Belə ki, sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdıyır. Məhkəmə araşdırması zamanı sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı **********70015 saylı hesab koduna hesablanmış 5.699,72 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Odur ki, cavabdehdən 77 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı **********70015 saylı abunə koduna hesablanmış 5.699,72 (beş min altı yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 77 (yetmiş yeddi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar