Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2522/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. ünvan 1 ünvanında yerləşən 21 saylı evə qoyulmuş qaz sayğacı xx.xx.2023-cü il tarixdə cavabdeh X5 nümayəndələri tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Növbəti ay qazdan istifadə edərkən məlum olmuşdur ki, dövlət tərəfindən müəyyən olunmuş 1200 m3 qaz limiti 1 aya qurtarmışdır. Belə ki, 1 aya 330,95 manat qaz borcu yaranmışdır. Bu mümkün olmadığından iddiaçı tərəfindən məsələ araşdırılmış və məlum olmuşdur ki, qaz sayğacının qaz borusu ilə birləşdirilən hissəsi tam bərkidilməmiş və həmin hissədə qaz sızması vardır. İddiaçı tərəfindən qaz sızması test edilərək videolentə alınmışdır.
2. Daha sonra iddiaçı tərəfindən X6 müraciət edilmiş və X2 nümayəndələri baxış keçirmişlər. Həqiqətən də məlum olmuşdur ki, X2 nümayəndələrinin səhlənkarlığı səbəbindən qaz sayğacının qaz borusu ilə birləşdirilən hissəsi tam bərkidilməmiş və həmin hissədə qaz sızması yaranmışdır. Əməkdaşlar tərəfindən həmin hissə lehimlənmiş və qaz sızması dayandırılmışdır. Lakin bununla bağlı iddiaçıya heç bir sənəd təqdim edilməmişdir.
3. Dövlət tərəfindən müəyyən edilmiş 1200 m3 qaz limitini iddiaçı 3-4 aya sərf etdiyi halda qaz limiti 1 aya bitdiyindən hazırda da qaz üçün əlavə pul ödəməkdədir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qaz sayğacı çıxarılarkən laboratoriyaya göndərilmiş və düzgün işləmədiyi bildirilərək 43,20 manat da borc yazılmış və 330,95 manat borca əlavə edilmişdir.
İddiaçının tələbi:
4. Cavabdeh X9 tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 21 saylı evə (abonent kodu: **********00088) hesablanmış 330,95 manat borcun silinməsi və qaz limitinin bərpa edilərək 1500 m3 olması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. xx.xx.2024-cü il tarixdə cavabdeh X9 tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, qaz sayğacını qaz borusu ilə birləşən hissəsində sızma olmuşdur, bunu təsdiq edən videogörüntüləri iş materiallarına əlavə etmişdir. X9 tərəfindən əsassız olaraq onun abonent koduna borc hesablanmışdır, məhkəmədən əsassız hesablanmış borcun silinməsi və qaz limitinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Agentliyinin nümayəndəsi X7 öz izahatında qeyd etmişdir ki, videolentdə əks etdirilmiş görüntülərdən də müəyyən olunur ki, ora sayğacın girişidir və çox cüzi sızma mövcuddur ki, bu cür az miqdarda sızma nəticəsində də bu qədər çox itkinin hesablanması mümkün deyil. Abonent saldosundan müəyyən edilir ki, borc hamısı abonentin öz borcu və debitor borcudur. Həmin borcdan sadəcə 43,20 manat itirilmiş qaz sərfiyyatına görə əsassız borc hesablanmışdır. Sayğac yeni sayğacdır, hesablanmış borc da məhz yeni quraşdırılmış sayğacın borcudur. İddiaçının abonent saldosundan görünür ki, iddiaçının qaz sərfiyyatı çoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır.
10. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023cü il tarixli, ******* №-li akta əsasən, zenner tipli, G4 markalı **********3 №-li sayğac quraşdırılmışdır.
11. Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə 14-2-2/3-5-13338/Q001 №li akta əsasən 23 dekabr 2023-cü il tarixdə sayğaca ümumi baxış keçirilmiş, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır.
12. Abonentin saldosuna əsasən, iddiaçıya qalıq və aktlar üzrə 2023-cü ilin dekabr ayı üzrə 43,20 manat məbləğində borc hesablanmışdır.
13. xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlığa əsasən X4 məxsus **********100088 saylı abonent koduna ay sonuna olan ödəniləcək borc 330,95 manat təşkil edir.
14. AZ-İİ 323430 №li nikah haqqında şəhadətnaməyə əsasən X1 və X8 xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində 308 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir.
15. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər və 1 ədəd fləşkart.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda 30 manat 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərərvuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
25. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. (§9) Məhkəmə qeyd edir ki, qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
26. İddiaçının abonent koduna hesablanmış 330,95 manat borcun silinməsi tələbi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən, zenner tipli, G4 markalı **********3 №-li sayğac quraşdırılmışdır (§10). Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Agentliyinin nümayəndəsi X7 öz abonent saldosu və digər sənədlərlə, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş sayğacın videogörüntüləri ilə tanış olaraq qeyd etmişdir ki, abonent saldosuna əsasən görünən 330,95 manat borc abonentin öz debitor borcudur, sayğac qaz sərfiyyatını hesablamadığından yenisi ilə əvəzlənmiş və yeni sayğac quraşdırıldıqdan sonra istifadə edilmiş qaza görə 330,95 manat borc əsaslı olaraq hesablanmışdır, iddiaçının sonrakı aylar üzrə sərfiyyatı da çoxdur. Həmçinin, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlığa əsasən X4 məxsus **********100088 saylı abonent koduna ay sonuna olan ödəniləcək borc 330,95 manat təşkil edir. (§13) Lakin məhkəmə araşdırması zamanı iddiaçının abonent saldosuna “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən hesablanmış 43,20 manat borc yazıldığı müəyyən olunmuş, qalan məbləğin iddiaçının debitor borcu olduğu müəyyən edilmişdir.
27. İddiaçının digər tələbi qaz limitinin bərpa edilərək 1500 m3 olması barədə qətnamə qəbul edilməsidir. Belə ki, qaz paylayıcısı və istehlakçı arasında münasibətlər qazın alqısatqısı müqaviləsi əsasında müqavilə azadlığı prinsipi rəhbər tutularaq tənzimlənir. İddiaçı cavabdehin müqavildən kənar hərəkət, verilən qazın miqdarının azalması ilə bağlı hər hansı ağlabatan izah və sübtlar təqdim etməmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir.
28. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00088 saylı abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən hesablanmış 43,20 manat məbləğində borc silinməlidir.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh tərəfindən İddiaçı ünvan 2 ünvanı üzrə **********00088 saylı abonent koduna hesablanmış 43,20 manat məbləğində borc silinsin.
3. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova