Məhkəmə qərarları › İş №2(011)-2531/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2531/2024

23.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2531/2024 23.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 9, mənzil 9 ünvanında quraşdırılmış **********90009 abonent kodlu işıq sayğacına əsassız olaraq hesablanmış 1211,48 (bir min iki yüz on bir manat qırx səkkiz qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 9, mənzil 9 ünvanında quraşdırılmış **********90009 abonent kodlu işıq sayğacına 1211,48 manat məbləğində borc yazılmışdır. Bu barədə iddiaçıya heç bir rəsmi bildiriş göndərilməmiş, xx.xx.2024-cü il tarixində işıq sayğacına müdaxilə olunması ona şifahi şəkildə bildirilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edən zaman ona məlum olmuşdur ki, onun iştirakı olmadan işıq sayğacına baxış keçirilmiş, xx.xx.2024-cü il tarixində 036268 saylı akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, guya iddiaçı kənar xəttdən istifadə etmişdir. Halbuki, işıq sayğacı küçədə yerləşdiyindən ona nəzarət edə bilmir. Belə ki, cavabdehin işıq sayğacına nəzarət etmək vəzifəsi olduğundan öz vəzifələrini lazımi şəkildə yerinə yetirməməsi nəticəsində iddiaçıya qarşı bu qədər borcun hesablanması onun qanunla qorunan hüquqlarına toxunur. İddiaçıya məxsus sayğaca 2024-cü ilədək 1211,48 manat məbləğində borc yazılmış, iddiaçı isə sözügedən fərdi yaşayış evində uzun müddətdir ki, yaşamır. Hər daim iddiaçının mülkiyyətçi olduğu müddətdə fərdi yaşayış evində quraşdırılmış işıq sayğacından istifadəyə görə vaxtlı-vaxtında ödəniş edilmiş, istifadə olunan işıq enerjisinə uyğun ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. Məhz bu səbəbdən də, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 9, mənzil 9 ünvanında quraşdırılmış **********90009 abonent kodlu işıq sayğacına dair hər hansı borc olmadığından ondan əsassız olaraq tələb olunan 1211,48 manat məbləğində pul vəsaitinin məhkəmə qaydasında silinməsi qanunauyğundur. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən ondan qanunsuz olaraq tələb olunan 1211,48 manat məbləğində borcun silinməsini məqsədəmüvafiq hesab edir, hüquq və qanuni mənafelərinin bərpa olunması və ədalətin bərqərar edilməsi üçün son ümid yeri olan ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyini, lakin məhkəməyə gəlmədiyini nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında məlumatlardan görünür ki, ünvan 1 ünvanında abonent Şahmar Fəhrədova məxsus sayğac üzrə 1211.48 manat borc yazılmışdır. İş materiallarında olan 36 saylı dövlət notariat kontoru təsdiq edilmiş 11 aprel 2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 bütün əmlakını ünvan 2 ünvanında yaşayan qızı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 891879 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 23 may 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli NDM 036268 №-li aktın surətindən görünür ki, Şahmar Fəhrədova məxsus ünvan 1 ünvanında sayğaca baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzildə sayğac sxemindən kənar faz xəttindən istifadə edilir. Kənar faz xətti, sayğacın giriş faz xətti yuvasından 2.5 mm2 en kəsikdir. Alüminium naqildə götürülərək mənzili qidalandıran xətti üzərindəki avtomat ayırıcıya birləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/512 saylı, 14 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydalarının” 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. «Qaydalar»ın 8.31-ci bəndinə əsasən məişət abonenti müəyyən olunmuş gündən sonra 10 gün müddətində ödəniş sənədi üzrə sərf etdiyi elektrik enerjisinin haqqını ödəmədikdə, sonrakı hər bir gün üçün ödəniş aparılan günədək, ödəniş sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verməlidir. Məişət abonenti bundan sonrakı 20 gün müddətində ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəmədikdə dəbbə (penya) tutulması hüququndan asılı olmayaraq, enerji təchizatı müəssisəsi 3 gün əvvəl xəbərdar etməklə onu enerjiyə görə borc ödənilənədək elektrik şəbəkəsindən aça bilər. Elektrik şəbəkəsindən açıldığı müddətdə məişət abonentindən dəbbə (penya) tutulmur. “X2 Qaydalarının” 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, "xxxx" ASC tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 yanvar 2024-cü il tarixli NDM 036268 №-li aktın surətində “mənzildə sayğac sxemindən kənar faz xəttindən istifadə edilir” kimi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən kənar elektrik xəttindən istifadə ilə bağlı, həmçinin iddiaçının yaşadığı evinə dair hesablanmış 1211,48 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/512 saylı, 14 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 9, mənzil 9 (Abonent kodu: **********90009) ünvanına dair hesablanmış 1211,48 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 32.12 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 9, mənzil 9 ünvanına hesablanmış 1211,48 manat borc məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh "xxxx" ASC-dən 32.12 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 64 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar