Məhkəmə qərarları › İş №2(011)-2554/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2554/2025

30.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2554/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına əsassız olaraq borc kimi yazılmış 1.223.70 manat məbləğinin borc hesabından silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Sözügedən ünvanda yaşadıldığı müddətdə hər ay mütəmadi olaraq işlədilən qazın dəyərini iddiaçı ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən həmin ünvanda quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü il tarixdə çıxarılaraq yoxlamaya aparılmış. Bununla bağlı 20 mart 2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Sayğac sözügedən ünvandan çıxarıldıqdan sonra Birliyə məxsus laboratoriyaya aparılmışdır. Laboratoriyada sayğac iddiaçı tərəfin iştirakı olmadan müayinə olunmuşdur. Laboratoriya tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli rəyə əsasən məlum olmuşdur ki, ona məxsus ünvandan çıxarılmış qaz sayğacına geriyə axın verdikdə güya hesablama mexanizminin geriyə işləmir, güya sayğac “ALARM-S” rejiminə düşmür. Güya sayğacın daxilində elektron hissəyə implus ötürən dişli çarx aşkar olunmamışdır. Güya mexaniki hissədə göstərici çarxların biri digərinə ötürücülüyü ötürücü çarx çıxarılaraq saxlanılıb. Sayğacın yaddaş arxivi oxundu, Sayğacda istismar müddətində “ALARM-1” rejimi aşkar olunmayıb. Sayğac istismara yararsızdır. Bu hal əsas gəıtirilərək Cavabdeh tərəfindən iddiaçıya 3 110,0 manat zərər hesablanmışdır. Bundan əlavə cavabdeh həmin sayğacın mənfiyə işləməsini əsas gətirərək 2023-cü ilin aprel ayında iddiaçıya əlavə olaraq 1223,70 manat əlavə borc hesablamışdır. İddiaçı yuxarıda qeyd olunan 3 110,0 manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qəbul olunmuş qətnamə əsasında həmin borc silinmişdir. Lakin bu borcdan əlavə ona 1223,70 manat borcun yazılması iddiaçıya bu yaxınlarda məlum olmuşdur. İddiaçı tərəfindən məhkəmənin nəzərinə çatdırılır ki, sayğac ona məxsus ünvandan çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plomblar cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh sayğacın kənar təsir nəticəsində xarab olmasında iddiaçını təqsirləndirərək, ona əsassız borc hesablasa da, o nəzərə alınmamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin ediliməsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyil. Beləliklə də sayğaca vurulmuş plombların qırılmamamasını nəzərə alsaq, bir daha görmək olar ki, iddiaçı tərəfindən plomb qırılmadan sayğaca müdaxilə edilməmişdir. İddiaçı məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, cavabdeh ona məxsus sayğacda müəyyən nasazlıqların olmasına, yəni sayğacın mənfiyə işləməsinə istinad edərək yuxarıda qeyd olunan 1223,70 borcu yazmışdır. Sayğacın ona məxsus evin həyətyanı sahəsindən kənarda, yol qırağında, açıq ərazidə yerləşməsi işin mübahisəsiz halıdır. Belə olduğu halda sayğaca yoldan keçən istənilən şəxs tərəfindən, o cümlədən Birliyin əməkdaşları tərəfindən müdaxilə oluna bilər ki, buna görə onu təqsirli hesab edərək üzərinə bu qədər borcun qoyulması heç bir halda əsaslı və qanuni ola bilməz. Ona görə də qanunverici fiziki şəxs olan istehlakçılara məxsus olan qaz sayğacının işlək vəziyyətdə saxlanılması öhdəliyinin qazpaylayıcının üzərinə qoymuşdur. Cavabdeh ona məxsus qaz sayğacını dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni onun vəsaiti hesabına etmək üçün qaz sayğacında onun təqsiri üzündən baş vermiş zədə aşkar etməli idi. Cavabdeh də ona məxsus sayğacı çıxarıb apararaq, ona məlum olmayan vəziyyətdə üzərində zədə aşkar etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh İB-nin nümayəndəsi X7 iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb edərək, izahatında göstərmişdir ki, İddiaçı daha əvvəl sayğaca müdaxiləyə görə 3.110,40 manat borcu var idi. Həmin borc daha sonra məhkəmə tərəfindən silinmişdir. Bu işin mübahisəsiz halıdır və hazırki borca adi deyil. Həmin müdaxilə faktınadək 2011ci ilin iyul ayından 2012-ci ilin dekabr ayınadək (dekabr daxil deyil) abonent ödəniş etməyib. (məcburi köçkünlər üçün dövlət hesabına ödənişlər istisna olmaqla). Saldodan görünür ki, 2011-ci ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) abonentin borcu olmayıb. İlk borcu yaranıb 2011-ci ilin avqust ayında - 86 manat. Sonra bu məbləğ hər ay artıb. Məcburi köçkünlər üçün verilən limitlər ümumi borcdan çıxılıb və yerdə qalan borclar sistemə işlənib. 2012-ci ilin dekabr ayından abonent elektron smart sayğacdan istifadə edib. Bundan sonra ödəniş başlayıb. (2012-ci ilin dekabr ayında 13 manat ödəniş). İddiaçının indi silinməsini tələb etdiyi 1223,70 manat borc - debitor borcudur. Bu sayğaca müdaxilə və ya kənar xəttə qoşulma ilə bağlı yazılmamışdır. İddiaçı məcburi köçkün olduğundan, ona müəyyən dövrlərdə limitlər də ayrılmışdır. Lakin, o limitdən artıq istifadə etmişdir və ödəniş etməmişdir. Abonent hər dəfə sayğaca baxış keçirməyə qoymadığına görə göstəricilər hər ay deyil, bir sıra hallarda bir neçə ayda bir dəfə qeydə alınıb sistemə yazılmışdır. Ödənişlər etmədiyinə görə təqribi 3 il ərzində borclar yığılıb olub 1.223,70 manat. Əvvəllər məcburi köçkünlərin borcları üzrə tutulamaların aparılmasına icazə verilmirdi. Sonradan buna icazə verildi və buna görə 2016-cı ilin dekabrında 1.289,90 manat borc elektron proqrama keçirilmişdir və tutulmalar aparılmağa başlanılmışdır. Daha əvvəl buna icazə vermirdilər. Buna görə də “saldo” üzrə 2016-cı ilin dekabr ayında 1.289,90 manat borc yazılmışdır. Orta hesabla abonent 2011-2012-ci ildə qış aylarında 1 aya 1.200 m3 qazdan istifadə edib. 2023-cü ilin 20 mart tarixində abonetə yenidən mexaniki sayğac qoyulmuşdur. O, iddia tələbinin əsassız olduğunu və iddia tələblərinin təmin olunmaması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 bildirmişdir ki, o iddiaçının silinməsini tələb etdiyi borc debitor borcdur. Yəni, vətəndaş bir neçə il qazdan istifadə edib, amma ödəniş etməyib. O, bildirmişdir ki, cavabdehin nümayəndəsinin qeyd etdikləri ilə razıdır. Hesab edir ki, borc yığılmasın deyə qaz təchizatı dayandırılmalı idi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin tabeliyindəki “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X3 Qaz sayğacının yoxlanılması barədə 14-2-2/3-5-3293-1 nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, “G-4t” markalı Zenner tipli 1202AQ**********9 zavod nömrəli sayğac istismara yararsızdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni olaraq sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 12.960 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. Bu borcla bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5190/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilərək, sonuncuya Cavabdeh İB tərəfindən yazılmış 3.110,40 manat məbləğində borc silinmişdir. İş materiallarında olan İddiaçı məxsus **********00040 saylı abonentin saldosundan görünür ki, abonentin 2016-cı ilin dekabr ayı üzrə 1.289,90 manat borcu olmuşdur. 2023-cü ilin aprel ayı üzrə onun ayın sonuna 1.223,70 manat borcu mövcud olmuşdur. 2023-cü ilin may ayında onun borcuna müdaxilə faktı ilə əlaqədar 3.110,40 manat əlavə edilmişdir. Həmin 3.110,40 manat borc 2023-cü ilin dekabr ayında silinmişdir. Həmin saldo üzrə görünür ki, 2011-ci ilin avqust ayından vətəndaşı borcları saldo üzrə əks olunmağa başlamışdır. 2011-ci ilin avqust ayında borc 86 manat təşkil etmişdir. Daha sonra bu məbləğ ardıcıl olaraq artmışdır, 2011-ci ilin dekabr ayının sonunda 488,90 manat, 2012-ci ilin dekabr ayının sonunda 1.314,90 manat, 2014-cü ilin mart ayının sonunda 1.294,90 manat, 2015-ci ilin aprel ayının sonunda 1.289,90 manat təşkil etmişdir. Həmin saldo üzrə görünür ki, abonent 2011-ci il üzrə cəmi 578,90 manat dəyərində qazdan istifadə etmişdir, bunun 84 manat məcburi köçkün limitindən çıxılmışdır. Qalan borc qalmışdır. 2012-ci il üzrə abonent cəmi 901 manat dəyərində qazdan istifadə etmişdir, bunun 75 manat məcburi köçkün limitindən çıxılmışdır. Qalan borc qalmışdır. Həmin saldo üzrə görünür ki, abonentin 2010-2015-ci illərdə ardıcıl ödənişləri olub: noyabr 2010 – 32,80 manat, dekabr 2010 – 15 manat, iyun 2011 – 2,80 manat, mart 2014 – 20 manat, aprel 2015 – 5 manat. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 3.1.10-cu maddəsinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi borc iddia ərizəsində göstərildiyi kimi 2023-cü ildə hesablanmış borc deyil, təbii qazdan istifadəyə görə 2011-ci ilin avqust ayından başlayaraq yığılan borcdur. Bu borc sayğacın mənfi hesablaması, sayğaca müdaxilə, kənar xətdən istifadəyə görə hesablanmış borc deyil, 2011-ci ilin avqust ayından abonent tərəfindən istifadə edilərək bunun əvəzində dəyəri ödənilməmiş borcdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddiaçı Cavabdehnə qarşı – ünvan 1 (abonent kodu: **********00040) ünvanı üzrə cavabdeh təşkilat tərəfindən yazılmış 1.223,70 (bir min iki yüz iyirmi üç manat yetmiş qəpik) manat borcun silinməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar