Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2571/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabladığı 3.110,40 manat məbləğində debitor borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Evinin qaz təchizatı ilə təmin olunması barədə Cavabdeh ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlamışıdır. Bu müqavilə müqavilənin şərtlərindən asılı olaraq hər il bir il müddətinə uzadılır və ya müddətsiz bağlanmışdır. Uzun müddətdir ki, yaşadıqları ünvanın istilik və digər ehtiyaclarını maye qaz yanacağı ilə təchiz edirlər, ilk vaxtlar mexaniki ölçü hesablama sayğacı quraşdırılmışdır sonralar isə daha müasir ödəmə sistemləri tətbiq olunmuşdur. Bu müddət ərzində Azəriqaz qarşısında heç bir borc olmamış və ödəmələr də vaxtında aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına və təbii qazın alqı-satqısı müqaviləsinə uyğun olaraq, cavabdehin nümayəndələri hər ayın müvafiq vaxtlarında-sonlarında qaz sayğacına baxış keçirir və borcun və qaz sayğacına müdaxilənin olub olmamasını yoxlayırlar və nəzarəti həyata keçirirlər. 2023-cü ilin mart ayında yaşadıqları binanın önündəki Məshəti küçəsində, 50 EG-917 dövlət qeydiyyat nişanlı kran avtomobilinin qəza törətməsi nəticəsində istifadə etdikləri və küçədə quraşdırılmış qaz sayğac zədələnərək yararsız hala düşmüşdür. Hadisənin törəndiyi vaxt Cavabdehın 104 çağrı mərkəzinə zəng edərək, bu barədə məlumat vermişdir. Ancaq, sayğacın dəyişməsini aprel ayında həyata keçiriblər. Cavabdehin nümayəndələri hadisə olan vaxt hadisə yerində olublar, qəza törədən avtomobilin sürücüsü ilə söhbət edib və müvafiq sənədləşmə tədbirləri gördükdən sonra çıxıb getmişlər. Qaz sayğacına baxışın nəticəsi ondan ibarət olmuşdur ki, qaz sayğacına kənar müdaxilə olmamışdır, Alarm 1 rejiminin aşkar olunmaması göstərilmişdir. Həmin tarixlərədək olan dövrlərdə, quraşdırılmış qaz sayğacları bir neçə dəfə dəyişdirilmişdir, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktlar tərtib olunarkən, borcunun olması barədə o və ya ailə üzvlərinə heç nə bildirməmişdir. Qaz sayğacında hər hansısa detalın işlək olub-olmaması onun müdaxilənin və səlahiyyətinin xaricindədir, o heç zaman bu məbləğdə qaz israfına yol verməmişdir və cavabdehin bu tələbinin də heç bir hüquqi əsası yoxdur. Sayğacın işləyib işləməməsi zəminində dəyişdirilməsi, cavabdehin müstəsna hüququna və vəzifəsinə aiddir. Amma, borcunun hansı vaxtdan hazırki vaxtadək yığılıb qalması və ona bildirilməməsi, artıq bu cavabdehin problemi olmuşdur. Digər tərəfdən isə, cavabdehin nümayəndələri tərəfindən qaz sayğacına hər ay mütəmadi baxış keçirilir və qəbz yazılaraq müştəriyə-abonentə təqdim edilir. Qaldı ki “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin şərtlərinin onun tərəfindən pozulmasına - bu sübut edilməli və həqiqəti əks etdirməlidir. Ona görə ki, əvvəla yaşadığı mənzildə elə bir böyük həcmdə qaz istehlak edilmir, ikincisi isə onun və ailənin qazancı istehlak etdikləri qaza görə ödəməni yerinə yetirməyə kifayət edir. Odur ki, hər hansı akt tərtib edərkən diqqətli olunmalıdır. Təbii qazın onun tərəfindən o məbləğdə 25.920 k.m istifadə edilməsinə dair xx.xx.2023 tarixində tərtib edilmiş aktda, qaz sayğacında zədələnmənin hansı səbəbdən baş verməsi göstərilməmişdir. Belə ki, səbəbi o onlara demişdi və cavabdehin nümayəndələri də hadisə baş verən gün orada olmuşlar. Qaz sayğacının sıradan çıxması onun və ya ailə üzvlərinin təqsiri üzündən baş verməmişdir. Ona görə də zərərin onun tərəfindən ödənilməsi tələbi qanunsuzdur. “ASAN Xidmət”dən əldə etdiyi illik saldolara görə, onun borcunun olması ümumiyyətlə göstərilməmişdir. Cərimə ilə razılaşmadığına görə müraciətləri və xahişini nəzərə alaraq, cavabdehin nümayəndələri, xx.xx.2024 tarixli, 14-2-2-4/2-V-xx-xx/2024 saylı məktublarında, ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh ona qarşı hesabladığı 3.110,40 manat məbləğində cərimənin silinməsi barədə qətnamənin qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və iddiaçının izahatını dinləyərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, hesablama mexanizminin qoruyucu örtüyü gövdədən tamamilə aralı vəziyyətdədir. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, sayğacın çıxarılmasına səbəb sayğacın ekranın qırılması olmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4425-1 saylı “Qaz sayğacının yoxlanılması barədə” aktın surətindən görünür ki, sayğaca baxış keçirildi. Hesablama mexanizminin qoruyucu örtüyü gövdədən tamamilə aralı vəziyyətdədir. Hesablama mexanizminin iş prinsipinə maneə törətmək mümkündür. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı məxsus **********10080 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin may ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 3.110,4 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsin”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 25.920 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə olunmuş “İcbari Sığorta Bürosu” tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, büronun informasiya sistemində axtarış zamanı 2023-cü ilin mart, aprel və may aylarında 50EG917 dövlət qeydiyyat nişalı nəqliyyat vasitəsi üzrə sığorta ödənişin icra olunub-olunmaması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamentindən İddiaçı ünvanlanmış sonuncunun müraciətinə baxılması barədə məktubun surətindən görünür ki, quraşdırılmış G-4 markalı **********002 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilmək üçün xx.xx.2023-cü il tarixində öncədən ödənişli yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4425-1 saylı aktına əsasən “sayğaca baxış keçirildi hesablama mexanizminin qoruyucu örtüyü gövdədən tamamilə aralı vəziyyətdədir hesablama mexanizminin iş prinsipinə maneə törətmək mümkündür sayğac istismara yararsızıdır” kimi rəy verilmişdir. İddiaçıa məkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş 25.920 m3 qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3.110,4 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 3.110,40 manat məbləğində hesablanması ağlabatan deyildir. Belə ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablamalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4425-1 saylı “qaz sayğacının yoxlanılması barədə” aktın məzmunundan da görünür ki, sayğac istismara yararsızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 3.110,40 manat manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 51,10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən ev üzrə (abonent kodu: **********10080) üzrə İddiaçı 2023-cü ilin may ayı üçün hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. 51,10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2571/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2571/2024
22.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver