Məhkəmə qərarları › İş №2(011)-2578/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2578/2023

17.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2578/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi–şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizənin dəlilləri: Ərizəçi - qızı 26 noyabr 2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 26 noyabr 2005-ci il təvəllüdlü X6 iddiaçının övladıdır. Ərizəçinin qızının “kvadroplegik spastik serebral iflic, spastik tetraplegiya” ciddi qulluq və müalicə tələb edən xəstəliyi vardır. Ərizəçinin qızı anadangəlmə xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa, yardıma ehtiyacı vardır. İllərdir qızı bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. Belə ki, 26 noyabr 2005-ci il təvəllüdlü X6 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Onun günlük tələbatlarının ödənilməsində ərizəçi yardımçı olur. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə tələbi irəli sürülmüş X6 26 noyabr 2005-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışa əsasən, X1 spastik serebral iflic, spastik tetraplegiya xəstəliyi diaqnozu qoyulmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. İşə baxan məhkəmənin mövqeyi: X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2578/2023 saylı 06 aprel 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-psixiatriya ekspertizası keçirilməsi qərara alınmışdır. Məhkəmə-psixiatriya ekspertizasının 1295 saylı, 10 may 2023-cü il tarixli rəyindən görünür ki, X4 dərin əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlardan nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X2, X8 müalicədə olması, xəstəliyi ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-bələdliyinin pozulması, sualları başa düşməməsi, əhval-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X6 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 anası olduğundan, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizə təmin edilsin. 26 noyabr 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar