Məhkəmə qərarları › İş №2(011)-2580/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2580/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2580/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı məcburi köçkün olaraq ünvan 1 ünvanında qeydiyyatda olmaqla xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixədək isə işilə əlaqədar olaraq ailəsi ilə birgə təxminən son üç ili Bakı şəhəri, ünvan 4 ünvanında kirayədə yaşamışlar. Təxminən bir neçə gün bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında yerləşən evinə işdən qayıtdıqda darvazanın qarşısında məktub görmüş və məktuba əsasən "Azəriqaz" İB-nin BRQSD-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən evimə quraşdırılmış G4 markalı **********679 saylı sayğacın çıxış plsamas borusunda deyiş aşkar olunduğu üçün ******* saylı akt tərtib olunaraq müvafiq qurumlar qarşısından dəymiş ziyanın hesablanması tələb kimi qoyulmuşdur. Bundan sonra müvafiq orqanlara müraciət etmiş və məlum olmuşdur ki, ******* saylı akt əsasında ona 1036.80 manat qazdan qanunsuz sərfiyyat hesablanıb. Əlavə olaraq qeyd edir ki, hazırda o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında köçüb yaşadığı üçün hər həftə qazdan istifadə üçün müəyyən məbləğdə qaza pul yükləyir və yüklədiyi pulun 50 faizi ******* saylı akt əsasında hesablanmış 1036.80 manat qanunsuz sərfiyyata çıxılır. Qeyd olunan aktda hansı tarixdə və hansı saatda tərtib edilməsi göstərilmədiyi üçün aktın tərtib edildiyi dəqiq tarixi bilinmir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq bu tipli aktlar tərtib edilərkən iki hal şahidinin iştirakı məcburidir. Lakin ******* saylı aktdan da göründüyü kimi aktı bir tək işin nəticəsində maraqlı olan "Azəriqaz" İB BRQSD-nin əməkdaşları Tağıyev Elbrus, İbrahimov Elçin və Məmmədov Ramiz imzalamışlar. Əlavə olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq bu tipli aktlar tərtib edilərkən aktı tərtib edənlərin adı, soyadı və ata adı ilə yanaşı aktın tərtib edildiyi ünvan və tarixdə aktda qeyd olunmalıdır. Lakin aktda nəzərə yetirdikdə aktın imzalayanların soyadı və adı aktda qeyd edilsədə ata adları qeyd edilməyib. Bu isə qüvvədə olan bütün qanunvericilik aktlarının tələblərini pozmaqla yanaşı "Azəriqaz" İB BRQSD-nin əməkdaşlarının özbaşına hərəkətlərindən başqa bir şey deyil və bu hallara görə iddiaçı hesab edir ki, "Azəriqaz" İB-nin BRQSD-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında yerləşən evə quraşdırılmış G4 markalı **********679 saylı sayğacın çıxış plsamas borusunda deşik aşkar olunduğu üçün ******* saylı aktla müəyyən edilmiş 1036.80 manat qaz sərfiyyatı qanunsuz olduğu üçün silinməlidir. İddiaçının tələbi: Cavabdeh Bakı X2 Departamentinin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış ******* saylı aktın ləğv edilməsi, qaz sərfiyyatına görə hesablanmış 1036.80 manat borcun silinməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin şəxsin etirazı: Cavabdehin nümayəndəsi X1 tərəfindən iddia ərizəsinə etiraza verilərək qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək əsassız hesablanmış 1036.80 ( bir min otuz altı manat səksən qəpik ) manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddia tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacı quraşdırılmışdır. Belə ki, İddiaçı uzun müddət sayğaca müdaxilə nəticəsində təbii qazdan qeyri-qanuni istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar cavabdehin əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir (Akt № MSK-29/1710-004971- 1). İddiaçı təbii qazdan sayğaca müdaxilə vasitəsilə istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 1036.80 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********10010 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı cavabdehin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, aktla müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz sayğacına müdaxiləsi nəticəsində 8640 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 8640 m3 x 0,12 man. = 1036.80 man . Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 1036.80 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Beləliklə, İddiaçı Cavabdeh İB-yə qarşı iddiasına etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li akta əsasən sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar olunmuş və dəymiş ziyanın hesablanması qərara alınmışdır (aktın tarixi qeyd edilməmişdir); - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı aktın əsasında dəymiş ziyanın həcmi 8640 m3 hesablanmışdır - Abonentin saldosundan görünür ki, 2023-cü ildə abonentin qalıq və aktlar üzrə 1036.80 manat borcu mövcuddur. - MSK - 29/1710-04971-1 №-li, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh İBnin SOCAR**********30991710X04971 saylı, 29 dekabr 2022-ci il tarixli telefonoqramına əsasən BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş Əhali sektorunda istismarda olan müvafiq qaz sayğaclarında 30 dekabr 2022-ci il tarixində aparılmış dövlət yoxlaması nəticəsində 1802AZ**********52 zavod nömrəli qaz sayğacı istismara yararsız hesab olunmuşdur; Tətbiq edilən hüquq: Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, yeyinti məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri ucbatından olması sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1036.8 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********10010 saylı abunə koduna hesablanmış 1036.8 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 30.36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********10010 saylı abunə koduna hesablanmış 1036.8 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdehdən 30.36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar