Məhkəmə qərarları › İş №2(011)-2599/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2599/2021

13.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2599/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanındakı fərdi yaşayış evinə əsassız olaraq yazılmış 756 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh İB-nin nümayəndələri tərəfindən akt tərtib olunmuş, iddiaçıya 756 manat borc hesablanmışdır. Həmin ərazidə təbii qazdan istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir və istifadə etdiyi qaza görə borcu ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, izahatında ondan tələb olunan 756 manat borcun yüksək məbləğ olduğunu qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatlara əsasən müəyyən olunmuşdur ki, o, 2020-ci ildə ünvan 1 ünvanındakı fərdi yaşayış evində yaşamağa başlamışdır. İddiaçı ilə Cavabdeh İB arasında xx xxxxxx 2020-ci il tarixli qazın alğı-satqısı barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı adına yeni abonent kodu açılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2020-ci il tarixli akta əsasən, həmin mənzildəki sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur, abonentin saldosuna əsasən həmin ünvana itirilmiş təbii qazın dəyəri olaraq 2021-ci ilin fevral ayına 756 manat borc yazılmışdır. İddiaçı 756 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı mübahisələndirilən ünvanda 2020-ci ilin əvvəlindən yaşamağa başladığını qeyd etmişdir. Bunun sübutu olaraq məhkəməyə “xxxx” ASC-dən Abunə haqqında məlumatını təqdim etmişdir. Məlumata əsasən müəyyən edilir ki, qeyd edilən ünvanda enerji sərfiyyatı 2019-cu ilin dekabr ayından başlayır. Daha sonra iddiaçının məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, o qeyd edilən ünvana köçdüyü zaman mənzilin qaz borusu nazik borulardan ibarət olmuşdur. Qaz idarəsindən gələn işçilər məhz bu xəttin mövcudluğunu əsas götürərək iddiaçının qeyri-qanuni xətdən istifadə etdiyi qənaətinə gəlmişlər. İddiaçı bilmədiyindən bu hal baş vermiş və sərf etdiyi qazın dəyərini ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edilən hala qiymət verərək hesab edir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, məhkəmə ötən ayların hesabatlarına əsasən hesablama aparmışdır. Belə ki, iddiaçının 2019-cu ilin dekabr ayından 2020-ci ilin fevral ayına qədər qazdan qanunsuz istifadə etdiyi nəzərə alınaraq, 2020-ci və 2021-ci ilin analoji ayları üzrə sərfiyyatı əsas götürülməklə hesablandıqda qeyd edilən dövr üzrə (3 ay) sərfiyyat 81,6 manat kimi qeyd edilmişdir (saldoya əsasən). Məhkəmə bu məbləği əsas götürərək cərimə məbləğinin bu həddə olmasını qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00042 saylı abunə koduna hesablanmış 756 manat borcdan 81.60 manat çıxılmaqla, qalan 674.40 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00042 saylı abunə koduna hesablanmış 756 (yeddi yüz əlli altı) manat borcdan 81.60 (səksən bir manat altmış qəpik) manat çıxılmaqla, qalan 674.40 (altı yüz yetmiş dörd manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar