Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-261/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı “qanunsuz tikilinin sökülməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh X2 qarşı – iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, ev 54C ünvanına bitşik ərazidə cavabdeh tərəfindən özbaşına inşa olunmuş fərdi yaşayış evinin sökülməsinə və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xaiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək ünvan 1 ünvanına bitişik ərazidə cavabdeh tərəfindən özbaşına aparılmaqda olan tikinti işlərinin dayandırılmasına, cavabdehin istifadəsində olan fərdi yaşayış evi ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasında inşa olunmuş uzunluğu 3 metr, eni 2 metr olan hasarın cavabdeh tərəfindən sökülməsinə, iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsinin qarşısına yığılmış tikinti materiallarının cavabdeh tərəfindən götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayı evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı bildirir ki, ona məxsus yuxarıda qeyd olunan fərdi yaşayış evinə bitişik ərazidə cavabdeh özbaşına fərdi yaşayış evi inşa etmişdir. Həmin ev ilə iddiaçının evinin arasında 1,5 metr məsafə vardır. Bu isə tikinti normalarının tələblərinə tam ziddir. Tikililər arasında məsafənin az olması onun əmlakının gələcəkdə yanğından və bu kimi digər bədbəxt hadisələrdən qorumağa imkan vermir. Bundan başqa tikililər arasında məsafənin az olması iddiaçının evinə gün işığının düşməsini 70-80% məhdudlaşdırır. Bu azmış kimi cavabdeh həmin ərazidə digər yaşayış evi inşa etməkdədir. Əgər həmin ərazidə başqa tikili inşa olunsa ona məxsus evə gün işiğının düşməsi tam məhdudlaşdırılacaq. Bu isə heç bir halda ədalətli olmamaqla yanaşı həm də mülki qanunvericliyin tələblərinə daban-dabana ziddir. Mən dəfələrlə tikinti işlərinin dayandırılmasını cavabdehdən tələb etsəm də o, özünün qanunazidd hərəkətlərindən əl çəkməmişdir. Cavabdehin bu hərəktləri isə iddiaçının hüquqularına toxunur. İddiaçı həmçinin qeyd edir ki, cavabdeh tərəfindən yol verilmiş qanunsuz hərəkətlərə bağlı o dəfələrlə hüquq-mühafizə orqanlarına və digər qurumlara müraciət etsə də, aralarında yaranmış mübahisənin məhkəmənin predmeti olması əsas gətirilərək ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X3 xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Onların məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Gəncə prospekti, ev 54C mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Xətai RPİ-nin 36-cı PB tərəfindən xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı qonşusu Vüsalənin onun etirazına baxmayaraq evinin yanında əlavə bir ev tikiliməsi, həmin ev tikilərsə onun evinin günəş işığından məhrum olmasına barədə şikayət ərizəsi ilə Xətai RPİ-nin 36-cı PB-nə müraciət etmiş və araşdırma zamanı hər hansı bir tikinti işlərinin aparılması faktının müəyyən edilmədiyi, verilmiş məlumatın subuta yetmədiyi İddiaçı şikayəti və tələbinin olmadığı, bununla da cinayət hadisəsinin olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6363/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7912 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, 1ci sual üzrə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəd hasarına bitişik, kərpicdən uzunluğu 2,1 metr, hündürlüyü 2,0 metr olan hasar inşa edildiyi, sözügedən hasar tikilisinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq: olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğuları yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə - razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı : və həmin bəndlərin tələbləri pozulduğu müəyyən edilmişdir. 2-ci sual üzrə cavabdeh tərəfindən yığılmış tikinti materialları iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən 1,7 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikinti materiallarının iddiaçının evinə gün işığının düşməsini məhdudlaşdırmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13 (l hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7.Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilən ərəfələrdə cavabdeh tərəfindən tikiti materialla iddiaçının evinin pəncərələrinin önünə yığılmış, lakin iddia verildikdən sonra həmin əşyaların yerləri dəyişdirilmiş və bir qədər uzağa daşınmışdır. İddiaçı həmin əşyaların onun evinə gün işığının düşməsinin məhdudladlaşdırdığını iddia etsə də, məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən cavabdeh tərəfindən yığılmış tikinti materialları iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən 1,7 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikinti materiallarının iddiaçının evinə gün işığının düşməsini məhdudlaşdırmadığı müəyyən edilmişdir. Odur ki, iddia tələbi “iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsinin qarşısına yığılmış tikinti materiallarının cavabdeh tərəfindən götürülməsinə” dair hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən özbaşına aparılmaqda olan tikinti işlərinin dayandırılmasına” dair hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən həmin ərazidə hər hansı bir tikinti işlərinin aparılmaması iş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə həmçinin, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, əgər cavabdeh tərəfindən gələcəkdə sözügedən ərazidə özbaşına tikinti işlərinin aparılması iddiaçının fərdi yaşayış evindən istifadəsi ilə bağlı qanunla qorunan hüquqlarını və onun sağlam şəraitdə yaşamaq hüququnu pozarsa, o zaman hüquqlarının müdafiəsi ilə bağlı dövlət qurumlarına və ya məhkəməyə müraciət edə bilər. Həmçinin cavabdehə gələcəkdə məhz həmin ərazidə hər hansı tikinti işlərinin aparılmasının qadağan edilməsi öhdəliyinin qoyulması onun “gözlənilən” mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddia tələbi bu hissədə də, əsassız olduğun təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin istifadəsində olan fərdi yaşayış evi ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasında inşa olunmuş uzunluğu 3 metr, eni 2 metr olan hasarın cavabdeh tərəfindən sökülməsinə” dair hissəsində məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razılaşaraq və onu mötəbər sübut kimi qiymətləndirərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhəd hasarına bitişik, kərpicdən uzunluğu 2,1 metr, hündürlüyü 2,0 metr olan hasar qanunvericiliyin tələblərinə uyğun inşa olunmadığı və onun tələblərini pozduğu üçün cavabdehin hesabına sökülməlidir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evləri yanaşı yerləşirlər. İddiaçının evinin pəncərələri cavabdehə məxsus fərdi yaşayış evinin həyətinə baxır. Cavabdeh tərəfindən tikiti materiallarının iddiaçının evinin pəncərəsinin birindən 1.7 metr aralı məsafədə yığılması, iddiaçının evinin rütubətli olduğu lakin həmin tikinti əşyalarının iddiaçının evini günəş işığından məhrum etmədiyi, hazırda hər hansı bir tikinti işlərinin aparılmadığı və tərəflərin torpaq sahəsinin sərhəd hasarına bitişik, kərpicdən uzunluğu 2.1 metr, hündürlüyü 2,0 metr olan hasar olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı istifadəsində olan fərdi yaşayış evi ilə cavabdeh X2 məxsus fərdi yaşayış evi arasında inşa olunmuş uzunluğu 2.1 metr, hündürlüyü 2 metr olan hasar cavabdeh X3 tərəfindən sökülməlidir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan fərdi yaşayış evi ilə cavabdeh X2 məxsus fərdi yaşayış evi arasında inşa olunmuş uzunluğu 2.1 metr, hündürlüyü 2 metr olan hasar cavabdeh X3 tərəfindən sökülsün. 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdeh X1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-261/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-261/2023
07.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver