Məhkəmə qərarları › İş №2(011)-262/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-262/2022

19.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-262/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh3, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Əhmədli qəsəbəsi, 8-ci Əhmədli küçəsi, dalan 2.6 saylı, ümumi sahəsi 111,18 kv.m olan fərdi evinin qarşısında qanunsuz inşa edilmiş 60 kv.m sahədə hündürlüyü 2,5 m. olan 8 ədəd sütunun sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DƏDRX-i tərəfindən verilmiş ******* saylı reyestrdən çıxarışdan göründüyü kimi Bakı şəhəri, Əhmədli qəsəbəsi, 8-ci Əhmədli küçəsi, dalan 2,6 saylı, ümumi sahəsi 111,18 kv.m olan fərdi ev cavabdehlərlə paylı mülkiyyətlərində olan yaşayış evidir. Ev 4 yaşayış və köməkçi sahələrdən ibarətdir. Mübahisənin predmeti olan ev cavabdehlərlə paylı mülkiyyətlərində olmuş olsa da, cavabdehlərdən Cavabdeh3 1983-cü ildə, Cavabdeh1 1989-cu və Cavabdeh2 isə 2002-ci ildə mübahisəli evdən Rusiya Federasiyasının Novorosiysk şəhərinə köçərək Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək o vaxtdan bu günədək Rusiyada yaşadıqlarına görə mübahisənin predmeti olan ev uzun müddət iddiaçının və 6 nəfər ailə üzvünün istifadəsində olmuşdur, onlardan Cavabdeh3 2012-ci ildə Bakıya qayıtmışdır və o vaxtdan da evin böyük hissəsindən istifadə etməyə davam edir. Bu müddət ərzində cavabdehlər mübahisəli evin aralarında paylarına uyğun naturada bölünməsinə dair məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2011-ci il tarixli 2(011)-3217/2011 saylı qətnaməsi ilə iş üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona qarşı qaldırdıqları iddia təmin edilməmişdir. Həmin qərardan göründüyü kimi iddiaçıların iddia tələblərinin təmin edilməməsinə əsas iş üzrə verilmiş məhkəmə tikinti ekspertizasının 12 sentyabr 2011-ci il tarixli 14877 saylı rəyi ilə evin naturada bölgüsünün texniki cəhətdən mümkün olmamasının müəyyən edilməsi olmuşdur. 2012-ci ilin sentyabr ayının əvvəllərində iddiaçının müvəqqəti Bakı şəhərində olmamasından istifadə edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakıya gələrək evin sahəsi 21,75,10,78 kv.m yaşayış və 8,93 və 5,44 kv.m köməkçi sahələrindən 5 nəfər ailə üzvlərini zorla çıxarıb özləri həmin hissəyə yerləşmiş, hətta evin həmin hissədəki mebel, avadanlıqlara və əşyalara sahiblənmişlər. İddiaçının ailə üzvləri məcburiyyət qarşısında qalaraq evin yaşayış üçün yararsız olan digər hissəsində məskunlaşmağa məcbur qalmışlar. 2012-ci ilin dekabr ayından evin yaşayışa yararlı olan sahəsi 21,75,10,78 kv.m yaşayış və 8,93 və 5,44 kv.m olan hissəsinə yerləşdiyindən iddiaçı ailə üzvləri ilə birlikdə evin yaşayışa yararsız olan, çiy kərpicdən inşa edilmiş 1902-ci ilin tikilisi olan hissəsinə yerləşmək məcburiyyətində qalmışdır. Lakin Cavabdeh3 hər gün evin həmin hissəsində də iddiaçının yaşamını zorlaşdırmağa çalışır. Növbəti dəfə Cavabdeh3 2021-ci ilin iyul ayının əvvəllərindən başlayaraq istifadəsindəki tikililərin qarşısında qanunsuz əlavə tikili inşa etmək məqsədi ilə istifadəsindəki tikililərin qarşısında qanunsuz əlavə tikili inşa etmək məqsədi ilə iddiaçının istifadəsindəki yataq otağının pəncərəsinin tam qarşısında kubik daşlarından eni 1 kv.m olan sütunların inşasına başlamış, iddiaçının etirazına baxmayaraq tikinti işlərini dayandırmamış, nəticədə iddiaçının yataq otağının tam qarşısında 60 kv.m sahədə hündürlüyü 2.5 m olan 8 ədəd sütun inşa etməklə otağına çöldən gedən işığın, havanın, günəşin qarşısını tam alaraq onun vəziyyətini tam məhdudlaşdırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(011)-262/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” barədə mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən (iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir) xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin əsasını cavabdehlərlə ümumi istifadələrində olan torpağın üzərində cavabdehlərin tikili inşa etməsi, bununla da onun hüquqlarının pozulması təşkil edir. Məhkəmə işin hallarının araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2022-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin qarşısında-mülkiyyətçilərin ümumi istifadəsində olan ərazidə inşa edilmiş 8 ədəd sütundan 1 ədəd 3 m hündürlüyündə 0,40 m enində sütunun 1,20 sm pəncərədən ara məsafəsində inşa olunduğunu nəzərə alaraq həmin sütunun İddiaçı aid hissəsində yerləşən yaşayış evinə düşən gün işığının qarşısının qismən alındığı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin İddiaçı aid hissəsində yerləşən pəncərə texniki pasportun məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin qarşısında-mülkiyyətçilərin ümumi istifadəsində olan ərazidə inşa edilmiş 8 ədəd sütun vasitəsi ilə hər hansı bir ( talvar, anbar və s) tikili inşa olunduğu zaman İddiaçı aid (ümumi istifadədə olan torpaq sahəsindən) hissəsindən istifadə edilməsinə maneə yarada bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından hazırkı iş üzrə İddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və hüquqlarının pozulması ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iddiasının əsası kimi AR MM-nin 180.4-cü maddəsinə istinad etmişdir. Hazırkı maddənin tələblərindən irəli gələrək məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş sütunlar tərəflərin ümumi istifadəsində olan və dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş, iddiaçının ona paylı mülkiyyətlə aid olan əmlakından istifadəsi üçün hər hansı maneə yaratmır. Yalnız iddiaçıya məxsus texniki pasport məlumatlarında əks olunmayan pəncərədən yaşayış evinə düşən gün işığının qarşısının qismən aldığı müəyyən edilmişdir, bu hal isə özlüyündə həmin tikilinin (sütunun) sökülməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası MM-nin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı işin halları ilə həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin iddiaçının hüquq və mənafeyini pozması halı aşkarlanmamışdır. Belə olan halda iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı - cavabdehlərlə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Əhmədli qəsəbəsi, 8-ci Əhmədli küçəsi, dalan 2.6 saylı, ümumi sahəsi 111,18 kv.m olan fərdi evinin qarşısında qanunsuz inşa edilmiş 60 kv.m sahədə hündürlüyü 2,5 m. olan 8 ədəd sütunun sökülməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar