Məhkəmə qərarları › İş №2(011)-2626/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2626/2025

05.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2626/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1437,32 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin yaşayış evinə müqavilə əsasında yeni smart kart tipli sayğaclar quraşdırmışlar, kart vasitəsi ilə pul məbləği yükləyərkən kartın blokda olduğunu bilmişdir, Bakı regional qazın satışı departamentinə şifahi müraciət etdikdə, sayğacın işlək vəziyyətdə olmadığı, itirilmiş qaz sərfiyyatına görə abonent koduna 1437,32 manat borc yazıldığı bildirilmişdir. Ünvanına quraşdırılmış qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdaiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndədi X4 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddiaçının Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia tələbi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi vardır, iddia tələbi qismən təmin edilərək 7718,88 manat və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat borcun silinməsi Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Sonradan iddiaçının akta görə hesablanmış yalnız 1036,80 manat borcu vardır. Ona görə də iddia tələbinin əsassız hesab edilərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi qismən təmin edilərək, 7718,88 manat və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, iddiaçıya 2022-ci ilin sentyabr ayında 1036,8 manat məbləğində akt borcu hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/373 saylı, 06 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”: 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi qismən təmin edilərək, 7718,88 manat və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat borc silinmişdir. Qətnamədən həmçinin görünür ki, **********00010 saylı abonent kodu iddiaçının atası Əsgər Qurbanəli oğlunun adına rəsmiləşdirilmiş, Əsgər Qurbanəli oğlu vəfat etdiyindən İddiaçı borcun silinməsi tələbinə dair iddia qaldırmğa subyektiv hüququ tanınmışdır. Qətnamədən və abonentin saldosundan görünür ki, həmin qətnamə qəbul edilərkən yalnız bir akt borcu, 2022-ci ilin sentyabr ayına hesablanmış 1036,8 manat məbləğində akt borcu mübahisə predmeti olmamış, həmin məhkəmə qətnaməsi ilə 2022-ci ilin aprel ayı da daxil olmaqla iddiaçının abonent saldosu üzrə hesablanmış borcun silinməsinə hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, əvvəlki məhkəmə qətnaməsi ilə mübahisə predmeti olmayan 1036,8 manat akt borcu silinməlidir. “X3”nın 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin iddiaçı aktın tərtib olunmasından xəbərinin olmamasını, akt tərtib edilərkən onun iştirakı hər hansı formada cavabdeh tətəfindən təmin olunmamasını bildirmiş, cavabdeh isə bu halın təkzib edilməsini sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, X3nı pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməlidir. Yalnız istehlakçının təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Cavabdehin iddiaçıdan X3nın pozulmasına görə birbaşa dəymiş zərəri tələb etməsi qanuna uyğun deyil. Lakin iş materiallarından görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına akt təqdim edilməmişdir. Bu halda, iddiaçının X3nın pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcu tələb etməsi qanunsuz və əsassızdır. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/373 saylı, 06 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Abonentə hesablanmış akt borcunun mövcudluğunu, onların hansı pozuntuya və akta əsasən hesablandığını sübut etmək cavabdehin vəzifəsidir. Lakin abonent saldosunda 2022-ci il sentyabr ayında 1036,8 manat məbləğində akt borcu olmasına baxmayaraq, həmin akt məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri və ekspert rəyi ilə qaz sayğacından kənar xəttin mövcudluğunun sübut olunmadığını da nəzərə alaraq, hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 1036,8 manat məbləğində akt borcunun iddiaçının təqsirindən yaranması sübut olunmur və həmin borc silinməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, silinməsi tələb edilən 1437,32 manat borcdan 400,52 manat borc (1437,32 - 1036,8 = 400,52) sərfiyyat borcu və əvvəlki məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilən borc olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanı (abonent kodu: **********00010) üzrə hesablanmış 1036,80 manat məbləğində borc silinsin. 30,36 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. 64 manat ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar