Məhkəmə qərarları › İş №2(011)-270/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-270/2025

27.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-270/2025 27.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, yaşadığı ünvanda istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında poçt, bank və ya terminal vasitəsilə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. Abonent kodu **********01080 olan abonetin saldosundan görünür ki, müvafiq ayları üzrə vaxtlı-vaxtında ödənişlər etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulma aşkar edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 26 iyul 2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, tələbnamdə göstərilmişdir ki, Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş 12 saaat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası» üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilsin. Cavabdehin nümayəndələri tərəfindən iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına ayda iki dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş iddiaçıya təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyəri həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricisinə uyğun və tam şəkildə mütəmadi olaraq tərəfindən ödənilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra cavabdeh təşkilat iddiaçını əsassız və qanunsuz olaraq mənbəyi məlum olmayan həddindən artıq 2073.60 məbləğində cərimə etmişdir. Cavabdehin tərtib etdiyi xx.xx.2023cü il tarixli ******* saylı aktdakı imza isə akt boş şəkildə olduğu zaman texniki müayinə adı altında etdirilmişdir. İddiaçı hesab etmişdir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvota doldurmaq üçün iddiaçını qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və X2 pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, istifadəsində olan qaz sayğacı fərdi yaşayış evinə giriş qapısından çöldə quraşdırılmışdır. Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və sayğac müvafiq örtüklə örtülməmişdir. Bundan başqa Cavabdeh İB barəsində xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmiş, lakin həmin əməkdaşlar faktiki yoxlama aparmadıqlarından aktda sayğacın həmin tarixdə olan göstəriciləri, istifadəsindəki qaz cihazları və digər nüanslar qeyd edilməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin əməkdaşları iddiaçının ünvanına baxış keçirməmiş, iddiaçının iştirakı təmin edilməmiş və sadəcə formal mülahizələrlə akt tərtib olunmuşdur. Sonda isə akt əsasında qaz sayğacının nominal saatlıq qaz sərfi 4 kub metr saat orta günlük iş rejimi 12 saat və hesabaat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın hesabatı aparılmış və 2073.60 manat cərimə məbləği müəyyən edilmişdir. Cavabdeh İBnin tərtib etdiyi sənədlərlə apardığı cərimə hesabatı ilə bu sahəni tənzimləyən X2 tələbləri arasında ziddiyyət vardır. "Azəriqaz” İstehsalat Birliyi iddiaçıya qarşı cərimə məbləği tətbiq edərkən hesabat müddətini 360 gün müəyyən etməsi tamamilə əsassızdır və bu əsassızlıq qaydaların tələbləri ilə təsdiq edilir. "Azəriqaz” İstehsalat Birliyi hər ay qaz sayğacının göstəricisinin götürülməsi və bildirişin təqdim olunması üçün iddiaçının ünvanında olur və sayğaca baxış keçirir. Göstəricinin götürülməsi ilə baxış hər ay təkrar olunur və bu zaman hər hansı kənarlaşma olsa idi hökmən aşkar olunacaqdır. Lakin "Azəriqaz” İstehsalat Birliyi itki göstəricilərini aşağı səviyyəyə endirmək üçün ən yaxşı halda bir ay müddət üçün aparmalı olan hesabatı bir il üçün aparmışdır. Əgər bir il hesabat aparılırsa deməli Cavabdeh nümayəndəsi iddiaçının ünvanına göstəricinin götürülməsi üçün bir ildən bir gəlir ki, bu da absurd bir yanaşmadır. Çünki saldodan görünür ki “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi hər ay sayğac göstəricisinin hesabatını aparmışdır və kənarlaşma olsa idi aşkar etməsi mütləqdir. Digər tərəfdən Qaydalara görə qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Bu müddətlər qaz sayğacları daxildə olduğu halda 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə əhatə edir. Göründüyü kimi "Azəriqaz” İstehsalat Birliyi cərimə tətbiq etməsi üçün ilk öncə hesabat aparıkan müddətin başlanğıcının (əvvəlini) hansı tarixdən götürəcəyini müəyyən etməlidir. Bunun üçün isə qaz sayğaclarına daxildə olduğu halda 6 (altı) ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə texniki baxış keçirməlidir. Lakin təqdim edilən sənədlərdə iddiaçının sayğacına və qaz xətlərinə “Azəriqaz" İstehsalat Birliyinin texniki baxış keçirməsi ilə bağlı sübut mövcud deyildir. Belə bir vəziyyətdə isə hesabat müddətinin on iki ay olması və onun əvvəlinin hansı səbəbə görə bir öncədən götürülməsi qeyri-müəyyəndir və Cavabdeh on iki ay hesabat müddətinin hesabatı üçün istinad edəcəyi mənbə sənədi yoxdur. Ona görə də "Azəriqaz” İstehsalat Birliyinin hesabatın aparılması üçün əlində texniki baxış sənədi olmadığından yaxşı halda bir aylıq hesabat apara bilərdi, çünki Cavabdeh yeganə istinad edəcəyi sənəd onun hər ay göstərici götürməsini əks etdirən abonent saldosudur. Bundan əlavə sənədlərdən də göründüyü kimi hesabat qaz sayğacının nominal saatlıq qaz (4 kub metr saat) nəzərə alınmaq aparılmışdır ki, burda da Cavabdeh düzgün etməmiş və belə bir hesabatın aparılması yol verilməzdir. Belə ki, Qaydaların tələblərindən göründüyü kimi hesabatın qaz sayğacının nominal saatlıq qaz sərfinə görə aparılması üçün mənzildə qaz cihazlarına baxışın keçirilməsi mümkün olsun və ya həmin cihazlar barədə tərəf məlumatsız olsun və bu barədə aktda qeyd olmalı idi, mənzildə qaz cihazlarına baxışın keçirilməsi mümkün olmamışdır. Əgər əməkdaşlar həqiqətən də yoxlama aparsa idi, mənzildə olan cihazın sərfiyyatına uyğun hesabat aparılmalı və hesabat aparılarkən hesabat dövrünün hansı mövsümə düşməsi nəzərə alınmalı idi. Ancaq "Azəriqaz” İstehsalat Birliyi qaz sayğacının nominal saatlıq qaz sərfi nəzərə almaqla 360 gün hesabat aparmış, həmin müddət ərzində isə qış, payış, yaz, yay mövsümləri nəzərə almamışdır. Nəticə etibarilə "Azəriqaz” İstehsalat Birliyi on iki aylıq cərimənin tətbiq etməsi üçün sübutları mövcud olmadığından, xüsusilə də texniki baxış keçirmədiyindən və bununla bağlı sənəd təqdim etmədiyindən ən yaxşı halda yeganə istinad edəcəyi abonent saldosuna uyğun bir aylıq hesabat (2073.60 / 12 ay = 172.80 m) aparmalı idi. Çünki "Azəriqaz” İstehsalat Birliyi hər sayğaca baxış keçirir və onun göstəricisinin qeydiyyatı zamanı belə bir kənarlaşma var idisə onu görməli idi. Bununla belə cavabdeh təşkilat bu prosedurlara əməl etməmiş, həqiqətdə iddiaçının qanunsuz hərəkətlərini aşkar etmədiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə təqdim etməmişdir, bu baxımdan iddiaçıya cərimə tətbiq olunması və həmin cəriməni tələb etməsi əsassızdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış və **********01080 abonent koduna vurulmuş 2073,60 manat borcun silinməsi barədə sadələşdirilmiş qaydada qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh İB-nə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyi və imkanının olmaması səbəbinə görə məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh tərəf məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üçün borcu 2073,60 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii X2 pozulması haqqında” 25 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Ağdaş rayonu, Gürcüva kəndində yerləşən qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olundu” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 26 iyul 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Ağdaş rayonu, Gürcüva kəndində G4 markalı, 40035785 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyıti 4 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan 4 m3 x12 saat x 360 gün=17280 m3 müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1361 saylı, 10 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii X2 pozulması haqqında 25 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın surətində “sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olundu” kimi qeydlər edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 2073,60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1361 saylı, 10 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçının silinməsini tələb etdiyi Ağdaş rayonu, Gürcüva kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 2073,60 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 40.74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayonu, Gürcüva kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********01080 olan) hesablanmış 2073,60 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 40.74 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 65 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar