Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2700/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 6.433,92 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Təzə sahə ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Təzə sahə ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh İB ilə aralarında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində iddiaçının mənzilinə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı evində quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuşdur. Bakı regional qazın satışı departmentinə şifahi olaraq müraciət etdikdə iddiaçıya sayğacın işlək vəziyyətdə olmadığını bildirmişlər. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 6.433,92 manat borc yazılmışdır. İddiaçının evində quraşdırılan qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox cavabdeh daşıyır. Cavabdeh İB tərəfindən iddiaçıya akt təqdim edilmişdir. İddiaçı kart vasitəsi ilə həmişə ödəniş etmiş və bunda heç bir çətinlik olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, iddiaçının yaşadığı evdə yerləşən sayğaca müxtəlif vaxtlarda baxış keçirilmiş və həmin evdə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2022-ci ilə 6.433,92 manat cərimə yazılmışdır. Cavabdeh tərəfindən iddiaçının qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulması əsas gətirilərək ona cərimə hesablanmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 05 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilmiş Xəzər rayonu, Qala qəsəbəsi, Təzə sahə ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı, ona bərkidilmiş giriş-çıxış və ümumi boruda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, qaynaq izi aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının abonent hesabına hesablanmış 6.433,92 manat məbləğində borcun silinməsini məhkəmə qanunauyğun hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 6.433,92 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı **********00031 saylı abunə koduna hesablanmış 6.433,92 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 84.34 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00031 saylı abunə koduna hesablanmış 6.433,92 (altı min dörd yüz otuz üç manat doxsan iki qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 84.34 (səksən dörd manat otuz dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2700/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2700/2023
07.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver