Məhkəmə qərarları › İş №2(011)-2706/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2706/2024

11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2706/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvan üzrə qaz sayğacı üzrə abonent kodu iddiaçının adınadır. İşdə olanda evdən iddiaçıya zəng gəlmişdir ki, sayğac qırılmışdır. İddiaçı dərhal evə gələrək sayğacın şəklini çəkmiş, Cavabdeh İB-nin qaynar xəttinə zəng etmişdir. Heç kimin gəlmədiyini gördükdə növbəti gün Cavabdeh İB-nin Xırdalanda idarəsinə getmiş və onlar iddiaçıya Cavabdeh İB-nin baş ofisinə getməyi tövsiyyə etmişlər. Sonra iddiaçı Cavabdeh İB-nin baş ofisinə getdikdə iddiaçıya qaynar xəttə zəng etməyi yenidən tövsiyyə etmişlər. İddiaçı qaynar xəttə zəng etdikdə gəlib sayğacı dəyişmişlər. Sonradan iddiaçıya bildiriş gəlmişdir ki, onun qaza 1036 manat borcu vardır. İddiaçı borcun nədən yarandığını öyrənmək üçün qaz idarəsinə getdikdə sayğacın plombunun qırıq olduğunu bildirmiş və ona itirilmiş qazın bərpası üçün hər saata 4 kub olmaqla, 90 günlük itirilmiş məbləğ 4x24x90=8640 kub yəni 1036 manat borc yazılmışdır. İddiaçı sayğacın küçədə olduğunu sayğacın ekranının hansısa avtomobil tərəfindən qırıldığını və onun dərhal Cavabdeh İB-nin qaynar xəttinə zəng etdiyini və bir neçə gündən sonra sayğacla təmin olunduğunu bildirsə də, ona əhəmiyyət verən olmamışdır. Cavabdeh İB iddiaçının evinə baxış keçirmiş, evdə yalnız bir qurğu 4 göz qaz plitəsi olduğunu aşkarlamışdır. Bundan əlavə iddiaçı hər ay, bəzən bir neçə aydan bir karta 10 ya 20 manat pul yükləyib qazdan istifadə etmişdir. Təzə sayğac quraşdırıldıqdan sonra dekabrdan marta qış olmasına baxmayaraq, 20 manat qaz istifadə etmişdir. İddiaçının maddi vəziyyəti aşağı olduğuna görə evin qızdırılmasında odun peçindən istifadə etmiş və bunu Cavabdeh İB-nin işçiləri də görmüşlər. İddiaçı xx.xx.2023-cü ildə Cavabdeh İB-nin satış departamentinin rəisi Zamin Mehrəliyevə də ərizə ilə müraciət etmişdir. Heç bir tədbir görülmədiyini gördükdə, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh İB xx.xx.2022-ci ildə sayğacı dəyişdirərkən iddiaçıya ******* nömrəli akt vermişdir. xx.xx.2023-cü ildə ******* nömrəli akt tərtib edərək əsassız olaraq 8640 kub itirilmiş məbləğ hesablamışlar. Sayğac qırılmış və yararsız vəziyyətdə olmuş, ona görə də iddiaçı qaynar xəttə zəng etmişdir. İddiaçı hesab edir ki, ola bilər laboratoriyada işləri çox olduğuna görə plombu qırıq görüb buna görə akt tərtib etmişlər. Cavabdeh İB Qaz sayğacının yoxlanması barədə 5-ci qrafada iddiaçının sayğacı barədə bəhs edilmişdir. Sonuncu cədvəldə sayğacın G-4 olduğu və baxış zamanı xx.xx.2022-ci ildə Alarm-1 rejimi aşkar olunmuşdur. Bu o deməkdir ki, sayğac xx.xx.2022-də zədələnib və digər aktda (6828950) da görünür ki, sayğac xx.xx.2022-ci ildə yenisi ilə əvəzlənmişdir. Sayğacın 6 gün gec dəyişilməyi iddiaçının günahı ucbatından olmamış, o, dəfələrlə qaynar xəttə zəng vurmuş və qaz idarəsinə getmişdir. Cavabdeh İB iddiaçıya vurulmuş zərər yazırsa, bunu əsaslandırmalıdır. Bunlardan əlavə iddiaçının sayğacı G-4 tipli smart sayğac olmuşdur, bu sayğaca pul vurulmasa işləmir və müdaxilə olduqda dərhal müəyyən edilir. Qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə edilə bilməz, çünki həmin sayğac küçədə quraşdırılmışdır. Quraşdırılmasına görə isə məsuliyyəti cavabdeh daşımalıdır. Qarşı tərəf ilə iddiaçı arasında küçədə yerləşən qaz sayğacının korlanması nəticəsində ziyanın istehlakçı tərəfindən ödənilməsi hüquqa zidd əməldir. İddiaçıya 1036 manat pulu nəyə görə yazdıqları aydın deyil, bildiyinə görə hər ay sayğaca nəzarətçi baxış keçirməlidir. 3 aydan bir sayğaca baxış keçirilib akt tərtib edilməli idi, lakin iddiaçıda smart kart tipli sayğacdır, kartda pul olmasa necə işləyə bilər? Bundan başqa iddiaçı smart kartla işləyən sayğaca necə müdaxilə edə bilər? Sayğac sınmış və bir neçə gün işləməmişdir. İddiaçıya qaz gəlməmiş, bunlar nəyin əsasında borc hesablayıb iddiaçıya aydın deyildir. İddiaçının sayğaca müdaxilə etməyi barədə qarşı tərəf heç bir sübut təqdim etməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən tərtib edilən ******* saylı aktın etibarsız hesab edilməsi və ona hesablanmış 1036 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********38552) 2023-cü il üçün 1036,80 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 May küçəsi ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğac istismara yararsızdır” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 May küçəsi ünvanında qaz sayğacının maksimal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan “4x24x90=8640 m3” kimi müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktın surətində “sayğac istismara yararsızdır” qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış iddiaçının silinməsini tələb etdiyi 1036 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 May küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********38552) dair hesablanmış 1036 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 May küçəsi ünvanına (abonent kodu: **********38552) hesablanmış 1036 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar