Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2736/2020 23.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı cavabdeh “Azərışıq" Açıq Səhmdar Cəmiyyətinin 303,72 man yazdığı borcun ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov 95 ünvanında yaşayır və həmin ünvanda da qeydiyyatdadır. Həmin mənzil onun mülkiyyətindədir. Belə ki, 2012-ci ildə AZE seriyalı, 18527 nömrəli qeydiyyat vəsiqəsi almışdır və xüsusi qeydiyyat kimi hüquqi qeydiyyatdan keçmişdir. Kommunal xidmətləri vaxtlı-vaxtında ödəmişdir və elektrik enerjisindən istifadə qaydalarına riayət etmişdir. Yaşadığı evin elektrik sayğacı evin girişində divarda quraşdırılıb. Evdə quraşdırılan sayğac X1 adına qeydiyyatdadır. Lakin o, 2011-ci il 18 sentyabr tarixində vəfat etmişdir, “xxxxxxxx" ASC-yə müraciət etməyinə, baxmayaraq ona heç bir akt verilməmişdir, xx.xx.2020-ci il tarixdə elektrik borcu olaraq 303.72 manat borc yazılmışdır. Onlar sayğaca iddiaçı tərəfindən müdaxilə olunduğunu bildirdilər. İddiaçı onlara sübut etməyə çalışmışdır ki, üzəri möhürlü sayğacı necə açmaq olar, olduğu kimi möhürlüdür. İddiaçının həmin borcu ödəməyə imkanı yoxdur və hər ay ciddi nəzarət edərək vaxtlı-vaxtında ödənişlər etmişdir. Bütün illərin və ayların ödənişlərini saxlamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmədən “Azərışıq" Açıq Səhmdar Cəmiyyətinin 292,38 manat yazdığı borcun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan bildiriş xəbərdarlığa görə, abonent Məmmədov Kamala 303,72 manat elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Qeyd edilən ünvan üzrə abonentə 292,38 manat məbləğində qalıq borc hesablanmışdır. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü hissəsinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstəricisinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 7.17-ci hissəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Yuxarıda istinad edilən normativ hüquqi aktın tələblərini nəzərə alaraq və mülki işin faktiki hallarını təhlik edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Naximov 95-ci mənzil üzrə hesablanmış 292,38 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. “xxxxxxxx” ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 95 nömrəli mənzil üzrə (abonent kodu **********0103B) elektrik enerjisinin istehlakına görə İddiaçı hesablanmış 292,38 (iki yüz doxsan iki manat, otuz səkkiz qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxxxxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2736/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-2736/2020
23.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver