Məhkəmə qərarları › İş №2(011)-2738/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2738/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2738/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1457,50 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh sayğacın mənfiyə işləməsini əsas gətirərək 2024-cü ilin sentyabr ayında ona əlavə olaraq 1457,50 manat əlavə borc hesablamışdır. Sayğac ona məxsus ünvandan çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plomblar cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni, iş materiallarında sayğacın kənar təsir nəticəsində xarab olması ilə bağlı hər hansı sübut yoxdur. Sayğacın öz özünə mənfiyə işləməsi istehsalçı zavodun qüsuru ola bilər, ki, buna görə onu təqsirli hesab edərək, hər hansı borcun yüklənməsi qanuni və ədalətli ola bilməz. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı təxminən 3 il müddət ərzində istifadə etdiyi təbii qazın haqqını ödəməmişdir. İddiaçıya hesablanmış borc məbləği sayğac açılan zaman onun üzərində qeyd olunmuş 7884 m3 göstəriciyə əsasən hesablamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Oktyabr küçəsi, ünvanında (istehlakçı İddiaçı) qaz sayğacı mənfiyə işləməsi səbəbindən çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Sayğac çıxarılan zaman mənfi göstərici 7884 m3 olmuşdur. Akt Cavabdeh İB-nin əməkdaşları və istehlakçı tərəfindən imzalanmışdır. “Gasrep” saldosundan görünür ki, 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayına kimi ödəniş olmamışdır. “Gasrep” saldosunun borc bölməsindən görünür ki, 2024-cü ilin iyul ayı üzrə 1457,50 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İş materialları ilə təsdiq olunur ki, iddiaçının evinə quraşdırılan sayğac mənfiyə işləməsi səbəbindən yenisi ilə əvəz edilmiş, bununla bağlı akt tərtib edilmiş, aktda mənfi göstəricinin 7884 m3 olması qeyd edilmiş, akt Cavabdeh İB-nin əməkdaşları və istehlakçı tərəfindən imzalanmışdır. İddiaçı məhkəmə iclasında 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayına qədər təbii qazdan istifadə etdiyini və ödənişləri həyata keçirdiyini bildirmiş, lakin ödənişlərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. “Gasrep” saldosundan görünür ki, 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayına kimi ödəniş olmamışdır. Məhkəmə hesab edir ki, 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayına kimi iddiaçının təbii qazdan istifadə etdiyi, lakin istifadə etdiyi təbii qaza görə ödəniş etmədiyi təsdiq olunduğundan, xx.xx.2024-cü il tarixli aktda qeyd edilən sayğacın mənfi göstəricisinə uyğun olaraq debitor borcunun hesablanması əsaslı olmuşdur. Lakin, məhkəmə hesab edir ki, 7884 m3 göstəriciyə görə borc ödəniş edilməyən 32 aya (2021-ci ildə 2 ay, 2022-ci ildə 12 ay, 2023-cü ildə 12 ay, 2024-cü ildə 6 ay) uyğun olaraq orta aylıq 246,375 m3 (7884 m3 : 32 ay = 246,375 m3) sərfiyyata və həmin dövrdə qazın 1 m3 -nin qiymətinə görə hesablanmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, 2021-ci ilin noyabr ayından təbii qazın 1 m3 -nin qiyməti 1200 m3 -ə qədər 0,12 manat, 1200 m3 dən 2500 m3 -ə qədər 0,20 manat, 2500 m3 -dən çox olan hissəsi 0,25 manat olmuşdur. Belə olan halda, 2021-ci il üçün əvvəlki aylarda olan sərfiyyat da nəzərə alındığında borc 98,55 manat (246,375 m3 x 2 ay= 492,75 m3, 492,75 m3 x 0,20 manat = 98,55 manat) təşkil etmişdir. 2022-ci il üçün borc 518,13 manat (246,375 m3 x 12 ay = 2956,5 m3 , 1200 m3 x 0,12 manat = 144 manat, 1300 m3 x 0,20 manat = 260 manat, 456,5 m3 x 0,25 manat = 114,13 manat, ümumilikdə, 144+260+114,13 = 518,13 manat) təşkil etmişdir. 2023-cü il üçün borc 518,13 manat (246,375 m3 x 12 ay = 2956,5 m3 , 1200 m3 x 0,12 manat = 144 manat, 1300 m3 x 0,20 manat = 260 manat, 456,5 m3 x 0,25 manat = 114,13 manat, ümumilikdə, 144+260+114,13 = 518,13 manat) təşkil etmişdir. 2024-cü il üçün borc 199,65 manat (246,375 m3 x 6 ay = 1478,25 m3 , 1200 m3 x 0,12 manat= 144 manat, 278,25 m3 x 0,20 manat = 55,65 manat, ümumilikdə, 144 + 55,65 = 199,65 manat) təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, istifadə edilmiş təbii qazın dəyərinin ödənilmədiyi 32 ay üzrə cəmi borc 98,55 + 518,13 + 518,13 + 199,65 = 1334,5 manat təşkil etdiyindən, həmin məbləğdə borc saxlanılmaqla qalan 123 manat (1457,5 - 1334,5 = 123) məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********40000) İddiaçı hesablanmış 123 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar