Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2751/2024 22.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Əhmədiyyə oğlunun nümayəndəsi Nümayəndə2, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Əhmədiyyə oğlunun Cavabdehnə qarşı “kommunal xərclər ilə bağlı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında İddiaçı Əhmədiyyə oğlunun adına əsassız olaraq hesablanmış 2056 manat qaz sərfiyyatı borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək onun abonent koduna əsassız olaraq hesablanmış 1832,5 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Əhmədiyyə oğlu özünə məxsus olan ünvan 1 ünvandakı yaşayış sahəsində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin Bakı şəhəri Xətai rayonu 2 nömrəli X4 küçəsi ev 75C ünvanda yerləşən yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsinə əsasən X1 almışdır, daha sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona verilmiş **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir və həmin Çıxarışa əsasən həmin yaşayış sahəsi xx.xx.2022-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin yaşayış sahəsi alındığı zaman tam təmirsiz olmuş, orada daha əvvəl heç bir yaşayış olmamışdır. Evin satışı ilə məşğul olan makler Nümayəndə1 evin təmirini özü təşkil etmiş, iddiaçı ona xx.xx.2022-ci il tarixli 747239 nömrəli etibarnamə verərək, iddiaçının adımdan həmin evə elektrik, qaz, su, telefon, internet, Kabel-tv xəttlərinin çəkilişi ilə məşğul olmağı da ona həvalə etmişdir. İyun ayında iddiaçı ailəsi ilə həmin yaşayış sahəsinə köçərək, orada yaşamağa başlamışdır. 2023-cü ilin may ayında "Azəriqaz" İB-nin əməkdaşları gələrək qaz sayğacı quraşdırmış, 22 iyun 2023-cü il tarixdə isə ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktı təqdim etmiş və sayğacın plombunu yerləşdirmişlər. Həmin vaxt iddiaçıya şifahi qaydada bildirmişlər ki, iddiaçıya yeni abunə kodu açıldı, heç bir borcu yoxdur və bu gündən etibarən qazın istifadə edilməsinə görə aylıq ödənişləri edə bilər. Daha sonra 2023-cü noyabr ayının əvvəlində "Azəriqaz" İB-nin əməkdaşları yenidən gələrək, bildirmişlər ki, əvvəlki sayğacı dəyişdirərək, iddiaçının hesabına yeni "Smart-kart" tipli sayğac quraşdıracaqlar, iddiaçıya qanunsuz istifadə olunmuş qaza görə 2056 manat cərimə yazılmışdır, həmin borcun ödənilməsi üçün bugündən etibarən hər ay ödədiyi məbləğin 50%-i kartdan çıxılacaqdır. Lakin bu zaman tələb etməyimizə baxmayaraq, belə bir borcun olmasına dair bizə akt təqdim etmədilər. İddiaçı onlara bildirmişdir ki, onun belə bir borcunuz ola bilməz, çünki sayğac quraşdırılanda hər hansı borcunun olması bildirilməmişdir. Daha sonra 24 noyabr 2023-cü il tarixdə "Azəriqaz" İB-nin əməkdaşı aktın və tələbnamənin surətini gətirib bizə təqdim etmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında yaşadığı Bakı şəhəri Xətai rayonu 2 nömrəli X4 küçəsi ev 75C ünvana 14468 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc iddiaçının **********00010 nömrəli abunə hesabından silinməlidir. Belə ki, həmin yaşayış sahəsində təmir işləri davam edərkən etibarnamə əsasında makler Nümayəndə1 və iddiaçı özü də dəfələrlə qaz xəttinin çəkilməsi və sayğac quraşdırılması üçün rəsmi müraciətlər etmişlər. Nümayəndə1 bildirdiyinə görə, podradçı Elşən adlı bir şəxs evdəki istilik sisteminin yoxlahılması üçün evə müvəqqəti qaz xətti çəkmiş və qeyd etmişdir ki, evə sayğac quraşdırılana qədər qaz xəttindən istifadə edərək yoxlanışı edə bilərlər, ən qısa müddətdə evə sayğac quraşdırılacaqdır. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, sayğac quraşdırılmamışdır. Yenidən müraciət olunduqdan sonra mart ayında qaz idarəsindən gələn əməkdaşlar yoxlama işləri aparmış, lakin daha sonra koordinatlar düz gəlmir deyə bildirərək sayğacın quraşdırılmasının mümkün olmadığını qeyd etmişlər. Bundan sonra yenidən "Azəriqaz" İB-yə gedərək problemin həll edilməsi üçün müraciət etmişdir, bundan sonra problem həll edilmiş və tezliklə sayğacın quraşdırılacağını bildirmişlər. Lakin sayğacın quraşdırılması yalnız iyun ayında başa çatmış, bu barədə iddiaçıya 22 iyun 2023-cü il tarixli ******* saylı "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt təqdim etmişlər. Göründüyü kimi, cavabdeh "Azəriqaz" İB özü sayğacın vaxtında quraşdırılması üçün vaxtında addım atmamış, onların podratçısı olan Elşən adlı şəxs qaz xəttini çəkdikdən sonra tezliklə qaz sayğacının quraşdırılacağını və hər hansı problem olmadığını bildirmiş, 22 iyun 2023-cü il tarixdən istifadə etməyə başladığımız qaz sayğacı quraşdırılan zaman iddiaçıya hər hansı borcu olması bildirilməmiş, necə olursa noyabr ayında yenidən sayğacı dəyişdirmək lazım olduğunu, lakin hansı əsasla bunu etdiklərini göstərməmiş və 2056 manat cərimə borcu olduğunu bildirmişlər. Cavabdehin özünün və əməkdaşlarının məsuliyyətsiz davranışlarını nəzərə almadan hansısa qanunsuz əsasla tərtib etdiyi akt və ona əsasən hesablanmış borc əsassızdır. Bununla belə sayğacın olmadığı dövrdə evdəki istilik sistemlərinin yoxlanması məqsədilə təbii qazdan istifadə edilmişdir, hansı ki, bu müddətdə ərzində aprel ayında 35 manat dəyərində qaz sərfiyyatı olmuşdur, buna görə də həmin dövrdə istifadə edilmiş qaz sərfiyyatı nəzərə alınaraq 1832,5 manat borcun silinməsini xahiş edir. Sonda Nümayəndə2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 6 ay ərzində yaşadığı ünvanda təbii qazdan sayğac olmadan istifadə etmiş, nəticədə təbii qazın satışı ilə məşğul olan Cavabdeh İB-ə zərər vurmuşdur, həmin hal əməkdaşların baxışı zamanı aşkar olunmuş və bununla bağlı əməkdaşlar tərəfindən akt tərtib edilmişdir, həmçinin iddiaçı özü də altı ay ərzində təbii qazdan sayğacsız istifadə etdiyini bildirir, iddiaçı təbii qazdan sayğacsız istifadə etdiyinə görə, Cavabdeh İB-ə vurulmuş ziyan hüsablanmış və iddiaçının abonent hesabına borc şəklində yazılmışdır, borc 2056 manatdır, həmin borc da iddiaçıdan tələb olunur. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı Əhmədiyyə oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı Əhmədiyyə oğluna məxsus ünvan üzrə xx.xx.2023-cü il tarixdə yeni qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda “abonent təbii qazdan sayğacsız istifadə edir” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı Əhmədiyyə oğluna məxsus abonent koduna (**********00010) itirilmiş qazın bərpası üzrə 14688 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, ünvan 4, 2 N-li Zeytun küçəsi ünvanı üzrə İddiaçı Əhmədiyyə oğlunun **********20085 saylı abonent koduna 02/2024-cü il üçün 2056,32 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı Əhmədiyyə oğlunun adına qeydiyyata alınmışdır, həmin ünvana xx.xx.2023-cü il tarixdə yeni qaz sayğacı quraşdırılmış, qaz sayğacının olmadığı dövrdə iddiaçı təbii qazda sayğacsız istifadə etmişdir, qaz sayğacının olmadığı müddət dekabr 2022 – iyun 2023-cü il müddətini əhatə edir, xx.xx.2023-cü il tarixdə onun yaşadığı evə (təbii qazdan istifadəyə) cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman “abonent təbii qazdan sayğacsız istifadə edir” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********00084 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 06/2023-cü il tarixi üzrə 2056,32 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir, iddiaçı təbii qazdan sayğacsız istifadə etdiyi dekabr 2022 – iyun 2023-cü il müddəti nəzərə alınmaqla 1832,5 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, sayğaca qanunsuz qoşulma hallarında, qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla, qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanmalıdır. Bununla belə, cavabdeh tərəfindən hesablama bu şərtlərə əməl edilmədən aparılmış, qaz qurğularının orta günlük iş rejimi 24 saat kimi qəbul edilmiş, ilin mövsümü və əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının abonent koduna hesablanmış əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddiaçıdan silinməli olan borc məbləğinə münasibətə qeyd edir ki, bu zaman sayğac olmadığı dövr ərzində istifadə edilmiş qazın dəyəri, qanunvericiliyə uyğun olaraq, sayğacın olmadığı dövrdə istifadə edilmiş qazın dəyəri orta aylıq sərfiyyata uyğun olaraq, 2023-cü ilin yanvar, fevral və mart ayı üzrə 2024-cü ilin yanvar (81,24 manat) və fevral (71,04 manat) aylarının orta sərfiyyatına uyğun 228,42 ((81,24+71,04)/2*3) manat, aprel ayı üzrə (iddiaçının öz izahatına uyğun olaraq) 35 manat, may və iyun ayları üzrə isə 2024-cü ilin iyun (10,44 manat) və iyul (13,20 manat) aylarının orta sərfiyyatına uyğun 36,96 ((10,44+13,20)/2*3) manat olmaqla, ümumilikdə 300,38 manat həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, əsassız olaraq hesablanmış 2056,32 manat borcdan 1832,5 (2056,32-300,38=1832,5) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qazdan istifadə Qaydalarının 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********20085 saylı abonent koduna hesablanmış 1832,5 manat məbləğində borc pul silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (1832,5 manat) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 38,33 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Əhmədiyyə oğlunun **********20085 saylı abonent koduna hesablanmış 1832 (min səkkiz yüz otuz iki) manat 50 (əlli) qəpik məbləğində borc silinsin. Cavabdehndən 38 (otuz səkkiz) manat 33 (otuz üç) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2751/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2751/2024
22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver