Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2760/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı1 və İddiaçı2 X1 qarşı “özbaşına tikintinin sökülməsi” barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin evinin arxasında avtomobil yolunun üzərində qaraj kimi istifadə etmək məqsədi ilə inşa etdiyi daş hasarın onun öz hesabına sökülməsi və həmin daş hasarın üzərində qoyulmuş su çəninin götürülməsinin qət olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi özbaşına tikintinin sökülməsi barədədir, iddia ərizəsi birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmişdir, İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddia ərizəsi birgə iddiaçılar tərəfindən verilsə də, dövlət rüsumu yalnız İddiaçı1 tərəfindən ödənilmiş, İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi barədə qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsi də mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və iddiaçının dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı1 və İddiaçı2 X1 qarşı “özbaşına tikintinin sökülməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2760/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2760/2023
15.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver