Məhkəmə qərarları › İş №2(011)-2763/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2763/2022

21.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2763/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ona 2019cu ildən mənzilinin (ünvan 1) qaz istifadəsinə görə 972 manat qanunsuz borc təyin edilib. Qərarın surəti ona göndərilməyib. Kartla olan Smart sayğac istifadə etdiyinə baxmayaraq balansından borc olaraq az-az məbləğ qanunsuz olaraq silinir. Bügunki tarixə qədər 23.1 manat kart sayğaca yüklənildikdən sonra balansdan silinmişdir. O, məhkəmənin nəzərinə çatdırmışdır ki, yaşadıqları “Yüksəliş-C MTK”-da 2018-ci ildə cavabdeh tərəfindən aparılan araşdırmalar zamanı binanın təbii qazdan qeydiyyatsız istifadə etməsi və ümumilikdə 34020 manat borcu olduğu aşkar olunmuşdur. Əlavə olaraq Bakı Regional Qazın Satışı Departamentinin rəisi Natiq Qəmbərovun Cavabdeh İB-nin Baş Direktorunun Satış və istismar üzrə müavini Cahid Hüseynova yazdığı məktubda hesablanmış ümumi məbləğin açılan hesab kodları üzrə əlavə olunan cədvəldə göstərilən məbləğlər üzrə abonentlərin kodlarına işlənməsini xahiş etmişdir. Həmin cədvəldən də görünür ki yaranmış borc abonentlər arasında bərabər miqdarda - 972 manat manat olaraq qanunsuz və şəxsi mülahizələrə əsasən bölüşdürələrək binanın məsuliyyəti abonentlərin üzərinə yüklənmişdir. Bina rəhbərliyinin məsuliyyətinin sakinlərə yüklənməsi yolverilməzdir. Binanın bəzi sakinlərinə həmin məbləğdə borc təyin olunmuşdu və məhkəməyə müraciət olunaraq hakim tərəfindən xitam verilib. Bütün bu səbəblərdən cavabdeh tərəfindən smart kartlara yüklənmiş məbləğlərin avtomatik çıxarılması dayandırılmalı və 972 manat məbləğindəki qanunsuz borc silinməldiir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 2337-ci məhəllə, mənzil 5a mənzilində qaz istifadəsinə görə 972 manat müəyyən edilmiş qanunsuz borcun silinməsi, smart kartdan avtomatik silinmiş 23.1 manat və məhkəməyə ödənilmiş rüsumun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanına 2020-ci il üçün 972 manat borc hesablanmışdır. İş materiallarında olan hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində ünvan 1 ünvanına aid borca görə cavabdeh tərəfindən 23.1 manat məbləğində pul vəsaiti tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış 972 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzilə dair hesablanmış 972 manat məbləğində borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 23.1 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarından dövlət rüsumu iddiaçı tərəfindən ümumiyyətlə ödənilmədiyindən iddia tələbi ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanı ilə bağlı hesablanmış 972 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 23.1 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-nə həvalə edilsin. İddia tələbi “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar