Məhkəmə qərarları › İş №2(011)-2773/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2773/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2773/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir-tikinti işlərinin aparılması üçün ödədiyi 5370 manat, vəkilə ödədiyi 1500 manat məbləğinin əvəzi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6900 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 04.08.2020-ci il tarixində cavabeh Cavabdeh MMC ilə aralarında eyni tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin və müqaviləyə əlavə edilmiş 1 saylı əlavənin şərtlərinə əsasən, MMC həmin əlavədə qeyd olunan təmir-tikinti işlərini yerinə yetirməyi, o isə bu müqavilə ilə razılaşdırılmış dəyərini yəni, 10740 manat məbləğini MMC-yə ödəməyi öhdəliərinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən, təmir-tikinti işləri ilkin olaraq ümumi məbləğin 40 faizini yəni, 4296 manat, tikinti (bölgü hörgü), tavan elektrik və su xətlərinin çəkilişi və suvaq işləri bitdikdən sonra ümumi məbləğin 30 faiz yəni, 3222 manat məbləğini, üzlənmə (boyama, divar kağızı, kafel, metlax və s.), elektrik açarlarının və yuvalarının qurulması, sanitar qovşağının tam hazırlanması bitdikdən sonra ümumi məbləğin 20 faizi yəni, 2148 manat məbləğini, döşəmə, qapı quraşdırma və 1 saylı əlavədə göstərilmiş bütün aksessuarlarm yerləşdirilməsindən və təhvildən sonra ümumi məbləğin 10 faizi yəni, 1074 manat məbləğini ödəməli idi. Cavabdeh tərəfindən yuxarıda qeyd olunan müqavilə üzrə təmir-tikinti işlərinin 1-ci mərhələsi başa çatdırıldığı üçün cavabdehə onun tərəfindən ilkin olaraq 04.08.2020-ci il tarixində 4300 manat, daha sonra isə lazımi materialların alınması üçün 24.09.2020-ci il tarixində 3222 manat, 11.11.2020-ci il tarixində isə 2148 manat ödəniş edilmişdir. Lakin, təmir-tikinti işlərinin 1-ci mərhələsi başa çatdıqdan və növbəti mərhələ üçün lazım olan materialların bir qismi alındıqdan sonra cavabdeh müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirməmişdir və təmirtikinti işlərini yarımçıq qoymuşdur. Bununla da, cavabdeh "xxxx" MMC-nin ona təmir-tikinti işlərinin görülməsi üçün ödədiyi 5370 manat məbləğində borcu yaranmışdır. Bugünədək cavabdehdən pulun ödənilməsini tələb etsə də, cavabdeh tərəfindən pulun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Sonuncu dəfə isə rəsmi şəkildə cavabdehə ərizə vasitəsi ilə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 04.08.2020-ci il tarixli podrat müqaviləsinin və 1 saylı əlavənin surətindən görünür ki, podratçı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində (bundan sonra - 1 saylı Əlavə) qeyd olunan təmir-tikinti işlərini yerinə yetirməyi (bundan sonra - İş(lər)), sifarişçi isə İş(lər)in bu Müqavilə ilə razılaşdırılmış dəyərini (ümumi məbləğini) ödəməyi öz öhdəsinə götürür. 1.2. Müqavilə üzrə göstərilən İş(lər)in təsviri, dəyəri və digər vacib şərtləri Müqavilənin Əlavəsində öz əksini tapır. 2.1. Bu Müqavilənin ümumi məbləği bütün vergilər daxil olmaqla 10 740 (on min səkkiz yüz qırx) Azərbaycan manatı (AZN) təşkil edir. 2.2. Podratçı işə başlamaq üçün sifarişçi ümumi məbləğin 40% yəni 4296 (dörd min iki yüz doxsan altı) Azərbaycan manatı (AZN),Tikinti(bölgü,hörgü),tavan,elektirik və su xətlərinin çəkilişi və suvaq işləri bitdikən sonra ümumi məbləğin 30% yəni 3222 (üç min iki yüz iyirmi iki) Azərbaycan manatı (AZN),Üzlənmə(Boyama,Divar kağızı,kafel,metlaq və s),Elektirik Açarlarının və yuvalarının qurulması,sanitar qovşağının tam hazırlanması bitdikən sonra ümumi məbləğin 20% yəni 2148 (iki min yüz qırx səkkiz) Azərbaycan manatı (AZN),Döşəmə,Qapı quraşdırma və 1 saylı əlavədə göstərilmiş bütün aksesuarların yerləşdirilməsindən və təhvildən sonra ümumi məbləğin 10% yəni 1074 (bir min yetmiş dörd) Azərbaycan manatı (AZN) ödəməlidir. İddia ərizəsdinə əlavə olunmuş ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə 04.08.2020-ci il tarixində 4300 manat, 24.09.2020-ci il tarixində 3222 manat, 11.11.2020-ci il tarixində isə 2148 manat ödəniş edilmişdir. Məhkəmənin 20.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 3 saylı evdə yerləşən 62 saylı mənzildə aparılmış təmir işlərinə sərf olunmuş pul vəsaitinin məbləği müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 19.11.2021-ci il tarixli, 10/3836 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, aparılmış tədqiqatla, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində 3 saylı binanın A bloku 10-cu mərtəbəsində 1 otaqdan ibarət sahəsi 64,57 m2 olan 62 nömrəli mənzildə kərpicdən divar hörülmüş, tavana alcipan vurulmuş, tavanına və divarlarına şpaklyovka çəkilmiş, sanitar qovşağının divarlarına kafel, döşəməsinə metlağ vurulmuş, otaqların döşəməsi beton məhlulu ilə hamarlanmış, elektrik, su və kanalizasiya xətləri çəkilmişdir. Tədqiq olunan ünvanda görülmüş təmir-tikinti işlərinin həcimləri yuxarıda göstərilən smetada ətraflı göstərilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04.08.2020- ci il tarixli podrat müqaviləsinin 2.2-ci bəndində nəzərdə tutulmuş qaydada mövcud vəziyyət üzrə təmir-tikinti işlərinin tamamlanmamış və podrat müqaviləsinin 2.2-ci bəndində nəzərdə tutulmuş qaydada mərhələlər şəklində aparılmış təmit-tikinti işlərinin həcmi təqribən 50% təşkil edir. ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində 3 saylı binanın A bloku 10-cu mərtəbəsində 1 otaqdan ibarət sahəsi 62 nömrəli mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 5426,9 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında işin həqiqi halları və işin digər materialları ilə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında iddiaçının sahibi olduğu ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində 3 saylı binanın A bloku 10-cu mərtəbəsində 1 otaqdan ibarət sahəsi 64,57 m2 olan 62 nömrəli mənzildə təmir işlərinin aparılması barədə müqavilənin olması, həmin müqaviləyə görə işlərin cəmi dəyərinin 10 740 manat məbləğində müəyyən olunması, iddiaçı tərəfindən cavabdehə 9670 manatın ödənilməsi, cavabdeh tərəfindən cəmi 5426,90 manat məbləğində təmir-tikinti işlərinin aparılması müəyyən edilmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilərək cavabdehdən 4243,10 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 12.01.2021-ci il tarixliödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 12 saylı vəkil bürosunun hesabına 1500 manat pul ödənilmişdir. Məhkəmə hazırki üş üzrə nümayəndənin yardımına görə tələb olunan 1500 manat məbləğini ağlabatan məbləğ hesab edir və iddia tələbini həmin hissədə təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.11.2021-ci il tarixli, 10/3836 saylı məhkəmə ekspertizasına əlavə olunmuş eksrertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etməklə dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 80 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 24 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri isə ödənilmiş tələbin məbləğinə münasib olaraq 80 manat hissəsi cavabdehə, 20 manat hissəsi iddiaçıya aid edilməklə onlardan tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 4243,10 (dörd min iki yüz qırx üç manat 10 qəpik) manat, hüquqi yardıma görə ödənilmiş 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin 80 (səksən) manatı cavabdeh "xxxx" MMC-dən, 20 (iyirmi) manatı İddiaçı tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar