Məhkəmə qərarları › İş №2(011)-2798/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2798/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2798/2021 22.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 588 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu olmaqla 646 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-sutqı qiyməti 700 manat (20 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********00695 olan X4 8 markalı telefon almış və nəticədə 646 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 112 manat təşkil edir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia əsassız və qanuna zidd olduğundan tam şəkildə rədd edilmədir. Belə ki, həqiqətən də aralarında bağlanmış xx.xx.2019cu il tarixli, 01053655 saylı nisyə alqı satqı müqaviləsinə əsasən, iddiaçıona ilkin ödənişsiz, hər ay 35 manat olmaqla 20 ay müddətində, cəmi 700 manat məbləğində İMEİ kou **********00695 olan Xiaomi Redmi 8 markalı telefon satmışdır. Müqavilə şərtlərinə əsasən, satıcı tərəfindən satılmış mala 2 il müddətində qızıl zəmanət verilmişdir. Tərəfindən alınmış mal üçün 112 manat məbləğində ödəniş edilmişdir. Lakin, telefon bir müddət sonra işləmədiyindən iddiaçının rəsmi servisinə aparılmış və bu günə kimi həmin telefon servisdədir. Göründüyü kimi, belə olan halda iddiaçı özü müqavilə öhdəliklərini pozaraq, həm qüsurlu mal satmış, həm də satılmış mala 2 il qızıl zəmanət verməsinə baxmayaraq bu günki günə kimi malı təmir edib geri qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq etiraz ərizəsinə münasibət bildirərək göstərmişdir ki, servisdə texniki baxış zamanı telefonda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq - maye keçmə aşkar edilmişdir. Zəmanət talonunun şərtlərinə əsasən malda qüsurun istehlakçı tərəfindən yarandığı müəyyən olunduğu halda təmir ödənişli şəkildə həyata keçirilir. İstehlakçıya bu barədə bildirilsə də, onun tərəfindən heç bir ödəniş edilməmiş və telefon servisdən geri götürülməmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini bildirərək, təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqı-satqı qiyməti 700 manat (20 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********00695 olan X4 8 markalı telefonu cavabdehə satmışdır. Servis xidmətinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq - maye keçmə aşkar edilmişdir. İMEİ Kodu **********00695 olan X4 8 markalı telefona verilmiş Zəmanət talonunun şərtlərinə görə, müəyyən olsa ki, malda qüsur istehlakçı tərəfindən yaranıb, yəni mexaniki zədələr, səhlənkar münasibət, malın düzgün istismar edilməməsi, saxlanması, daşınma qaydalarının pozulması, texniki şərtlərin, təhlükəsizlik tələblərinin pozulması və elektrik şəbəkəsində gərginliyin qeyri-standart olması, yad cismin cihaza düşməsi, yanğın, subasma və digər qarşısıalınmaz qüvvələrin təsiri, həmçinin səlahiyyətləri olmayan şəxslər tərəfindən malda təmir işləri aparma (müdaxilə olunma) nəticəsində, belə halda "Zəmanət talonu" tərtib olunmur və təmir ödənişli şəkildə həyata keçirilir, istehlakçı tərəfdən yaranan qüsura görə "Kontakt Home" heç bir məsuliyyət daşımır. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu xx.xx.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 588 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu olmaqla 646 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC xx.xx.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyanın ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq əşyanın ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə tələb olunan dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı və 8 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 92 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun 27,60 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 588 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu olmaqla, cəmi 596 (beş yüz doxsan altı) manat borc və ödənilmiş dövlət rüsumunun 27,60 (iyirmi yeddi manat 60 qəpik) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar