Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2804/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 ilə Cavabdeh2 arasında 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat ofisində xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1b, 96 saylı mənzilə dair bağlanmış 4Ə-813 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat yazısının və onun adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, hazırda qeydiyyatda olmaqla yaşadığı, əvvəllər mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1b, 96 saylı mənzil məlumatı olmadan olmadan satılmışdır. Mənzilin satılmasına dai məlumatı bir neçə gün bundan əvvəl yaşadığı ünvana iddiaçı Cavabdeh2 ona qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində mülki işin olması barədə bildiriş aldıqdan sonra almışdır. Əmlak iradəsinə zidd olaraq satılmışdır. Belə ki, Cavabdeh2 onun qohumudur. Onun xəstə olmasından istifadə edərək aldatmış və tanış olmadığı bir sənədə imza etməyə məcbur etmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd olunan mülki iş ilə bağlı bildiriş gəldikdən sonra məlum olmuşdur ki, tanımadığı Cavabdeh3 adlı bir şəxsə əmlakı üzərində sərəncam vermək, satmaq və bağışlamaq da daxil olmaqla müəyyən səlahiyyətlərini etibar etmişdir. Etibarnamə rəsmiləşdirildikdən 4 gün sonra, xx.xx.2021-ci il tarixində həmin etibarnamə əsasında faktiki bazar qiyməti 55-60 min manat olan mənzil 29000 manata Cavabdeh2 satılmışdır. Bu barədə məlumat aldıqdan sonra dərhal həmin etibarnaməni ləğv etmişdir. İşin faktiki hallarından məlum olur ki, etibarnamə onu aldatmaq yolu ilə əldə edilmişdir. Burada əsas məqsəd onun etibarından sui-istifadə etməklə ona məxsus əmlakı ələ keçirtmək olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixində keçirilmiş hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinin etiraf olunmasına dair yazılı ərizə təqdim edərək göstərmişdir ki, həqiqətən də Cavabdeh3 ilə aralarında 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat ofisində xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1b, 96 saylı mənzilə dair bağlanmış 4Ə-813 reyestr nömrəli alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, iddiaçıya heç bir pul məbləği ödənilməmişdir. Əslində bağlamaq istədikləri müqavilə bağışlama müqaviləsi olmuşdur. Göstərilənlərə əsasən növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, AR-İİ № 556340 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1b, 96 saylı mənzilin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı, pulunu almağı və s. Cavabdeh3 etibar etmişdir. Etibarnamə Bakı şəhəri 9 saylı Notariat ofisində rəsmişləşdirilərək, reyestrdə 7Ə-9202 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan alıcı Cavabdeh2 ilə satıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1b, 96 saylı mənzili 29000 manata alıcıya satmışdır. Müqavilə satıcının əvəzindən etibarnamə əsasında Cavabdeh3 tərəfindən imzalanmışdır. 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin ofisində rəsmişləşdirilərək, reyestrdə 4Ə-813 nömrə ilə qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.5-ci maddəsinə görə isə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 359.3-cü maddəsində göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli evə dair etibarnamə verilərkən Q.İbadov (təmsil olunan) M.Hacıyevə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və M.Hacıyevin özünün maraqları daxilində deyil, Q.İbadovun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə işin faktiki hallarını, o cümlədən, cavabdeh tərəfindən iddia tələbinin etiraf olunmasını nəzərə alıb, qeyd olunan qanunvericilik normalarının tələblərinə, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh3 ilə Cavabdeh2 arasında 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat ofisində xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1b, 96 saylı mənzilə dair bağlanmış 4Ə-813 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin mənzilə dair Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat yazısı və onun adına verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında 6 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat ofisində xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1b, 96 saylı mənzilə dair bağlanmış 4Ə-813 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1b, 96 saylı mənzilə dair Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat yazısı və onun adına verilmiş çıxarış ləğv edilsin. İddianın verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2804/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2804/2022
28.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver