Məhkəmə qərarları › İş №2(011)-2814/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2814/2023

16.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2814/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. İddiaçı2 fərdi yaşayış evi evi üzrə **********00040 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə azalması barədə qeyd aparılaraq, X1 Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8640 m3 olması müəyyən edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçılar cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 17 yanvar 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və mülkiyyətində olan Gəncə şəhəri, M.Maqomayev küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə İddiaçı2 adına açılmış **********00040 saylı abonent Koduna qanunsuz hesablanmış 1036,80 cərimənin ləğv edilməsi və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Fərdi yaşayış evini 2013-cü ildə almış və həmin fərdi yaşayış evi xx.xx.2013-cü il qeydiyyat tarixli Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 mülkiyyətindədir. Hərbi qulluqçu olduğu üçün həmin ünvanda daimi yaşamamış, xidmət etdiyi ərazilərdə ailəsiylə birlikdə kirayələrdə yaşamışdır. Bu hal abonentin saldosundan edilmiş xx.xx.2023-cü il tarixli çıxarışla da öz təsdiqini tapır. Mülkiyyətində olan fərdi yaşayış evinə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli aktla quraşdırılmış “ZENNER” tipli G-4T markalı № **********3 saylı sayğac, cavabdehin sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, 20 iyul 2022-ci il tarixli aktla çıxarılmış və əvəzinə “ZENNER” tipli G-4T Smart markalı № **********024 saylı sayğac quraşdırılmışdır. 2023-cü ili fevral ayında ona məlum olmuşdur ki, Fərdi yaşayış evinə atası İddiaçı2 adına açılmış **********00040 saylı abonent Koduna cərimə hesablanmışdır. Bununla bağlı cavabdeh təşkilata müraciət olunmuş və cavabdeh tərəfindən ona ünvanlanmış TŞ-xx/xx-0253 saylı, xx.xx.2013- cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “ZENNER” tipli G-4T markalı № **********3 saylı sayğac 20 iyul 2022-ci il tarixdə çıxarıldıqdan sonra Dövlət yoxlamasına göndərilmiş, Qaz sayğacının yoxlanması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710-04411-1 saylı rəyə əsasən Sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı qeyd edilmişdir. Bu səbəbdən də, 8640 m3 həcmində 1036,38 manat dəymiş ziyan hesablanmışdır. Bundan sonra cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 17 yanvar 2023-cü il tarixli aktın və Cavabdeh İB-nin X2 İstismarı İdarəsinin 30 yanvar 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətləri əldə edilərkən cavabdehin əməkdaşlarının qanunsuz olaraq Fərdi yaşayış evinə atası İddiaçı2 adına açılmış **********00040 saylı abonent Koduna cərimə yazılmasını müəyyən etmişdir. Hesablanmış cərimə borcu əsassızdır. Belə ki, Fərdi yaşayış evi onun mülkiyyətindədi və ona məxsusdur. Atası İddiaçı2 həmin evdə yaşamır onun özünə məxsus Gəncə şəhəri, İ.Qayıbov küçəsi 3-cü döngədə yerləşə 25 №-li fərdi yaşayış evi var və o ailə üzvləri ilə həmin evdə yaşayır. Lakin, buna baxmayaraq ona məxsus evə aid **********00040 saylı abonent Kodu səhvən atasının adına qeydə alınıb. Ona məxsus Fərdi yaşayış evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı kimi təqsiri sübuta yetirilmədən, istehlakçıya, yəni ona əsassız və qanunsuz cərimə tətbiq etmişdir.

5. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Digər iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

17. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

18. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

19. Maddə 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

21. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, akt iddiaçının adına tərtib edilmiş, lakin onun tərəfindən imzalanmamışdır.

22. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən etibarsız hesab edilməlidir.

23. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.

24. Bundan başqa, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.

25. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.

26. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçıların təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 1036,80 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.

28. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

29. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməklə, həmin akt əsasında İddiaçı2 (abonent kodu: **********00040) hesablanmış 1036,80 manat məbləğində borc silinsin. 30,36 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar