Məhkəmə qərarları › İş №2(011)-2840/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2840/2022

12.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2840/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xətai rayon Sukanal idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq yazılmış 40 manat su pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh su sayğacını dəyişib plombladıqda iddiaçıya müraciət etməmişdir. Sayğac iddiaçının imzası olmadan plomblanmışdır. Sayğac quraşdırılarkən qonşu ilə su xətləri dəyişik salınmışdır. Araşdırmadan sonra məlum olmuşdur ki, 02 dekabr 2021-ci ildən 28 yanvar 2022-ci ilə qədər iddiaçıya 52 manat su puluna görə borc yazılmışdır. 2021-ci ildə orta su sərfi ayda 7 manat olmuşdur. İddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh borcu silməmişdir. İddiaçı 28 yanvar 2022-ci ildən 26 fevral 2022-ci il tarixə qədər 7 kub, 26 fevraldan 28 marta qədər 5 kub su işlətmişdir. 02 dekabr 2021-ci ildən 28 yanvar 2022-ci ilə qədər suyun tez-tez kəsilməsi nəzərə alınsa, 52 kub deyil, 12 kub su pulu ödənilməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Xətai rayon Sukanal idarəsinin əsl Cavabdeh ASC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi, ev 3A, giriş 1, mənzil 1 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının su və kanalizasiya xidmətinə görə 28 sentyabr 2021-26 oktyabr 2021-ci il tarixdə 9 manat sərfiyyatı, 9 manat ödənişi olmuş, 26 oktyabr 2021-27 noyabr 2021-ci il tarixdə 8 manat sərfiyyatı, 10 manat ödənişi olmuş, 27 noyabr 2021-28 yanvar 2022-ci il tarixdə 17 manat sərfiyyatı, 15 manat ödənişi olmuş, 28 yanvar 2022-26 fevral 2022-ci il tarixdə 42 manat sərfiyyatı olmuş, ödənişi olmamış, 26 fevral 2022-28 mart 2022-ci il tarixdə 5 manat sərfiyyatı, 7 manat ödənişi olmuş, 28 mart 2022-25 aprel 2022-ci il tarixdə isə 5 manat sərfiyyatı olmuş, ödənişi isə olmamışdır. Hazırkı iş üzrə iddiaçı məhkəmə iclasında verdiyi izahatlarda onun yaşadığı ünvana yeni sayğac quraşdırılmamışdan öncə istifadə etdiyi ən yüksək su sərfiyyatının 9 kub metr olmasına, cavabdeh təşkilat tərəfindən ona yazılmış borcun əsassız olmasına istinad edərək, borcun silinməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvana (abonent kodu: **********010) su sayğacı 2022-ci ilin yanvar ayında quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra iddiaçının su sərfiyyatı çoxalmışdır. Xətai rayon Sukanal İdarəsi tərəfindən təqdim edilmiş arayışdan da göründüyü kimi, iddiaçının ona aid ünvana su sayğacı quraşdırılana qədər istifadə etdiyi ən yüksək su sərfi 9 kub metr həcmində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Belə ki, “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 2.1-ci maddəsinə əsasən, STKM-nin vəzifələrinə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.19-cu maddəyə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə, STKM ilə müqavilə bağlanılmadıqda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) daxildir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin qaydaların 7.6-cı bəndinə əsasən verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. İş materiallarında olan Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş hesabfakturadan görünür ki, iddiaçıya 28 yanvar 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək su sərfiyyatına görə 42 manat borc yazılmışdır. Yuxarıda istinad edilən arayışdan görünür ki, 26 fevral 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək olan dövr üçün abonent 5 manat dəyərində su istifadə etmiş, istifadə etdiyi suyun dəyəri olaraq 7 manat ödəmiş, onun hesabında qalıq 2 manat vəsait qalmışdır. Odur ki, abonentin 28 yanvar 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək olan dövrə 40 manat borcu olduğundan, o, məhz bu məbləğin silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin borc məbləği ilə bağlı iddiaçının etirazına qiymət verərək, cavabdeh tərəfin məhkəmə iclasında iddiaçıya aid mənzilə yeni sayğac quraşdırıldığına, yeni quraşdırılmış sayğacların isə ilk vaxtlar normadan artıq sərfiyyatı qeydə ala bilməsinə dair verdiyi izahatlara istinad edərək hesab edir ki, həmin borc məbləği əsassız hesab edilməlidir. İddiaçıya yazılmış borcdan istifadə etdiyi ən yüksək 9 kub metr sərfiyyatın dəyəri tutulmalı, qalan 31 manat borc məbləği isə silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiymətinin 1.000 manatadək olması və iddia tələbinin qismən təmin olunması nəzərə alınaraq cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********010 saylı abunə koduna hesablanmış 40 (qırx) manat borcdan 9 (doqquz) manat saxlanılmaqla qalan 31 (otuz bir) manat məbləğində borc abonentin hesabından silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar