Məhkəmə qərarları › İş №2(011)-2845/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2845/2023

03.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2845/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00022) ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə yazılmış 1969,92 manat məbləğində silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, qaz sayğacından qanunauyğun formada istifadə edir, sayğac iddiaçının adına rəsmiləşdirilmişdir, cavabdehin əməkdaşları iddiaçının ünvanına gəlmiş, onu yenisi ilə əvəz etmişdirlər, daha sonra iddiaçıya məlum olmuşdur ki, qaz sayğacında nasazlıq olması əsası ilə barəsində akt tərtib olunmuş, ona ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə 1969,92 manat borc yazılmışdır, lakin sayğac iddiaçının evindən kənarda yerləşir, onda yaranan nasazlığa görə iddiaçı məsuliyyət daşımır, bu hal əvvəl də olmuş, iddiaçı yenə məhkəməyə müraciət edərək borcun silinməsini xahiş etmişdir, həmin borc 2022-ci ildə silinmişdir, hazırki borc isə 2023-cü ilin yanvar ayında yazılmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin təbii qazdan qanunsuz qeyri-qanuni xətlə istifadə etdiyi aşkar edilmişdir, qətnamə çıxan dövrdə də bu hal yenidən aşkar olunmuş, bu barədə yeni akt 2023-cü ildə tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, həmin akt əsasında iddiaçının abonent hesabına borc hesablanmışdır və hazırda da həmin borc iddiaçıdan tələb olunur, akt əsaslıdır. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan üzrə Honeyvell tipli qaz sayğacı, yeni Zenner tipli G-6 markalı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğacın sərfiyyat göstəricisinə müdaxilə olunaraq geriyə çəkilməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 16416 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3128/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, "Azəriqaz" İB-nin tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən fərdi yaşayış evi üzrə abonent İddiaçı hesablanmış (abonent kodu:**********00022) 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc silinməsi Cavabdehndən 30 (otuz) manat məbləğində dövlər rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********00022 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2022-ci il tarixdə 777,60 manat borc yazılmışdır, 09/2022-ci il tarixdə 777,60 manat borc hesabdan silinmiş 01/2023-cü il tarixə “Qalıq və aktlar” əsasında yenidən 1969,92 manat borc yazılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəzləşdirilmiş, əvəz edilmiş sayğaca baxış keçirilmiş və “sayğacın sərfiyyat göstəricisinə müdaxilə olunaraq geriyə çəkilməsi” barədə nöqsan qeyd olunmuşdur, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, akta əsasən itirilmiş qazın bərpası üzrə 01/2023-cü il tarixinə 1969,92 manat borc iddiaçının **********00022 saylı abonent hesabına yazılmışdır, hazırda həmin məbləğ ondan tələb edilir, həmçinin abonentə “Qalıq və aktlar” əsasında 02/2022-ci il tarixdə 777,60 manat borc yazılmış, həmin borc Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3128/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən silinmişdir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə qaz sayğacına müdaxil edilməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq akt əsasında hesablanmış 1969,92 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00022) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1969,92 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 39,70 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00022 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1969 (min doqquz yüz altmış doqquz) manat 92 (doxsan iki) qəpik borc silinsin. Cavabdehndən 39 (otuz doqquz) manat 70 (yetmiş) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar