Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2871/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanına "xxxx" ASC tərəfindən yazılmış 19,01 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Lütfizadə 10, mənzil 94 ünvanında ərizəçinin 09 may 2007-ci il tarixdə vəfat etmiş atası X1 neçə illər (vəfatından sonra) adında qeyd olunan **********00094 abunə kodu ilə enerji təchizat qeydiyyatı halhazırda ərizəçi İddiaçı məxsus olduğu üçün o, öz adına qeyd olunması ilə bağlı 11 mart 2022-ci il tarixdə Vunq-Tau küçəsində yerləşən “Asan” xidmətə müraciət edərkən ona 19,01 manat məbləğində borcu olduğu bildirilmişdir. Həmin borcla bağlı ərizəçinin yaşadığı ünvana heç bir bildiriş gəlməmiş, sözügedən ünvanda enerji təchizatı heç vaxt dayandırılmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə 10, 94 saylı mənzildə abunə kodu İddiaçı adına olmuşdur. İddiaçı hazırda sözügedən ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialı tərəfindən İddiaçı ünvanlanmış 10 mart 2022-ci il tarixli cavab məktubundan görünür ki, hesabda 07 dekabr 2000-ci il tarixdən 07 fevral 2002-ci il tarixinə qədər dövrə aid olan və tələb olunmayan borclar qrafasına daxil edilmiş 19,01 manat məbləğində borcun olduğu məlum olmuşdur. Borcun silinməsi ilə bağlı "xxxx" ASC-yə məktub göndərilmişdir. "xxxx" ASC-nin cavab məktubunda sözügedən borcun 01 yanvar 2022-ci il tarixinədək istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş elektrik enerjisinin dəyəri olduğu və borcun yalnız abunə vərəqində ad dəyişdirilərkən və ya borcun olmaması barədə arayış alınarkən tələb olunması bildirilmişdir. Tələb olunmayan borclar qrafasına daxil edilmiş borcun hesabdan silinməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Elektrik enerjisindən istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanununun 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 07 dekabr 2000-ci ildən 2002-ci ilin fevral ayınadək iddiaçının sahibliyində olan ünvana hər ay işıq sərfiyyata görə borc hesablanmışdır. İddiaçının sahibliyindəki mənzilin abunə koduna "xxxx" ASC tərəfindən yazılmış son borc 07 fevral 2002-ci il tarixdə olmuşdur. Həmin tarixdən cavabdeh təşkilat tərəfindən iddiaçının abunə koduna yazılmış borc məbləği tələb edilməmiş, vaxtaşırı ödənişlərlə bağlı borcun tələb edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş beş illik müddət ötürülmüşdür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı **********00094 saylı abunə koduna hesablanmış 19,01 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiymətinin 1.000 manatadək olması və iddia tələbinin tam təmin olunması nəzərə alınaraq cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı **********00094 saylı saylı abunə koduna hesablanmış 19,01 (on doqquz manat bir qəpik) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2871/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2871/2022
12.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver