Məhkəmə qərarları › İş №2(011)-2879/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2879/2021

16.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2879/2021 16.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci Sahə ünvanında yerləşən fərdi yaşayış evinə (abonentin kodu: **********00000) hesablanmış 600 manat borcun və 235,88 manat sayğac pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci Sahə ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən sökülmüş və əvəzində digər sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuşdur. Cavabdeh” İB-nin əməkdaşları tərəfındən köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verilmişdir ki, sayğacda problem olub və bununla bağlı sayğacın pulunu ödəməlidir. Qaz İdarəsinin əməkdaşları ona qaz sayğacının zədələndiyini və bu səbəbdən də sayğacın dəyəri kimi 235,88 manat və 600 manat əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı evdə quraşdırılmış sayğacın klapanı işlək olmadığından dəyişdirilmiş və 4860 kub metr qaz itkisinə görə dəymiş ziyanın hesablanması qərara alınmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra sayğacın dəyərinə görə istehlakçıdan 235,88 manat tələb olunmuş, xx.xx.2019-cu il tarixli ******* saylı aktına əsasən istehlakçıya qaz sərfiyyatına görə 486 manat dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul vəsaiti tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, hesablanmış 486 manat borcun və sayğacın dəyərinə görə 235,88 manat silinməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci Sahə ünvanında yerləşən fərdi yaşayış evinə (abonentin kodu: **********00000) hesablanmış 486 (dörd yüz səksən altı) manat borcun və sayğaca görə ödənilmiş 235,88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manatın silinməsi Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apllyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar