Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2894/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 519.30 manat cərimə borcunun silinməsi və cərimə tətbiq olunan gündən qanunsuz olaraq iddiaçıdan tutulan 291 manat məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları həmin ünvana yaxınlaşaraq köhnə sayğacı söküb yeni qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar. Yeni sayğac quraşdırılarkən köhnə qaz sayğacına iddiaçının borcu olmamışdır. Sonra iddiaçının yaşadığı ünvana bildiriş göndərilərək borcunun olması bildirilmişdir. İddiaçı cərimənin hansı əsasla yazıldığını araşdırmaq üçün Cavabdeh İB-yə müraciət etmiş və ona sayğaca müdaxilə edildiyi və buna görə də cərimə ödəməli olduğu bildirilmişdir. İddiaçının qaz sayğacına heç bir borcu olmamışdır. O, smart-kartla ödənişlərini vaxtında etmişdir və sayğaca müdaxilə etməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən əsassız olaraq cərimə kimi yazılmış 519.3 manat məbləğində cərimənin əsassız hesab edilməsi və cərimə borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tutulmuş 404.52 manat pulun ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə Cavabdeh İB-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, X2 iddiaçının atasıdır. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan qaz sayğacının yoxlanılması haqqında 11 fevral 2022-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkarlanmışdır. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 518.40 manat borc tələb edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı iddia üzrə məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı onun hesabına yazılmış 519.3 manat məbləğində cərimənin silinməsini tələb etsə də, abonentin saldosundan görünür ki, ona 518.4 manat məbləğində cərimə yazılmışdır. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya cərimənin yazılmasına əsas olmuş hal yuxarıda istinad olunan aktda qeyd edilmiş nasazlıqlar olmuşdur. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimə borcu silinməlidir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci il ərzində abonent tərəfindən 456.70 manat həcmində qaz sərfiyyatı edilmiş, abonent tərəfindən ümumilikdə il ərzində 626.22 manat məbləğində ödəniş edilmişdir. Bu o deməkdir ki, abonentin hesabından yazılmış cərimə borcunun silinməsi üçün tutulmalar aparılmışdır. Məhkəmə tərəfindən aparılmış hesablamalardan belə qənaətə gəlmək olur ki, 2022-ci il üçün abonentdən cərimə borcunun silinməsinə görə 169.52 manat tutulmuşdur (626.22- 456.70=169.52 manat). Abonentin saldosunun 2023-cü ili əhatə edən hissəsindən müəyyən edilir ki, abonentin qaz sərfiyyatı olmamış, lakin onun tərəfindən 235 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İstinad olunan 235 manatdan cərimə borcunun silinməsi üçün abonentdən tutulmalar olmuşdur. Beləliklə, nə qədər ki, məhkəmə abonentə yazılmış cərimə borcunu əsassız sayır, bu borcun silinməsi üçün abonentdən tutulan məbləğlər cəmlənərək abonentə geri ödənilməlidir. Yuxarıda istinad olunanlara əsasən, abonentin saldo üzrə bu günə mövcud olan 113.88 manat məbləğində cərimə borcu hesabdan silinməli, abonentdən tutulmuş 404.52 manat abonentə geri ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 113.88 (bir yüz on üç manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin. İddiaçı cərimə borcunun silinməsi üçün tutulmuş 404.52 (dörd yüz dörd manat əlli iki qəpik) manat pul vəsaiti iddiaçıya geri ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2894/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2894/2023
16.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver