Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2896/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı – Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksi, 25-ci küçə, 6 saylı binanın, 24-cü (abunə kodu: **********60024) mənzilinə yazılmış borcdan qalıq məbləği 735 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun faktiki yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” Yaşayış Kompleksi, 25-ci küçə, 6 saylı bina, mənzil 24 (abunə kodu: **********60024) ünvana "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən qanunsuz olaraq onu xəbərdar etmədən, iştirakı olmadan akt tərtib edilərək 1.000 manat məbləğində borc yazılmışdır. Səbəb kimi 22 sentyabr 2024-cü il tarixdə naməlum səbəbdən “AAAF” yaşayış kompleksin daxili elektrikləri tərəfindən qısa qapanma adı altında ona məxsus 24-cü mənzilin çıxış kabelləri kəsilmişdir, hadisədən dərhal sonra o "xxxx" ASC-nin “199” çağrı mərkəzinə müraciət etmişdir, “Azərişığ”ın əməkdaşları tərəfindən onun mənzilinə işıq xətti bərpa edilmişdir. Üstündən bir müddət keçdikdən sonra 01 noyabr 2024-cü il tarixdə yenidən “AAAF” Yaşayış Kompleksinin daxili elektrikləri tərəfindən onun mənzilində işıq xətləri kəsilmişdir. Səbəb kimi, kompleksin mənzil kommunal idarəsinə dəvət edilmişdir, orada onun mənzilinin sayğacında kənar müdaxilənin aşkarlandığı bildirilmişdir. İşıq xəttinə kimi isə 22 sentyabr 2024-cü il tarixdə qısa qapanmadan sonra onun mənzilinin sayğacını düzgün quraşdırmamaları ilə bağlı olmuşdur. Həmin işıq xəttinin sayğaca düzgün quraşdırılmamasından onun xəbəri olmamışdır. Təqsir “199” çağrı mərkəzinə verdiyi məlumat əsasında kəsilmiş “Azərelektrik”in elektrikinin məsuliyyətsizliyi ucbatından olmuşdur. Onun mənzilə bir həftə elektrik enerjisi verilməmişdir, onun çoxsaylı şikayətlərindən sonra noyabr ayının 7 tarixində onun Prezident Administrasiyasına müraciətindən sonra mənzilin işıq xətti bərpa edilmişdir. Hazırda isə ona bildiriş göndərmişlər, məlum olmuşdur ki, onun günahsız olaraq mənzilinə yazılmış 1.000 manat cərimə borcundan 265 manatını ona güzəşt etmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, mənzilini kirayə verir. Onun mənzilinə gedən elektrik xətlərində kənar qoşulmanı ilk öncə “AAAF” yaşayış kompleksinin işçisi aşkar etmişdir. Bu barədə cavabdeh təşkilata məlumat verildikdən sonra ona cərimə yazılmışdır. O, şəxsən hər hansı kənar qoşulma aparmamışdır. İşıq yanmadığından "xxxx" ASC-nin “199” çağrı mərkəzinə müraciət etmişdir və nasazlığı aradan qaldırarkən kənar xətti elə həmin idarənin işçiləri çəkib. Bütün günah onların işçilərindədir. Onlar düzgün şəkildə nasazlığı aradan qaldırmalıydılar. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 365810 saylı saylı aktından görünür ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən "xxxx" ASC-nə müraciət olunmuş və 19136414 saylı sayğaca baxış keçirilən zaman məlum olub ki, sayğac dövrədən kənarlaşdırılmış və birləşmə şəbəkəyə kənar qoşulmuşdur. Kənar xəttdən axan cərəyan ölçüldü. İş materiallarında olan "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin rəisi Mahir Abdullayev tərəfindən xx.xx.2025-ci il tarixli 13-13/2-2/18-U-397-5/2025 saylı İddiaçı ünvanlanmış “müraciətin araşdırılmasına” dair məktubundan görünür ki, iddiaçının elektrik enerji sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "Azərişıq” ASC-yə ünvanlanmış müraciətinə (xx.xx.2025-ci il tarixli, U-397-5/2025 nömrəli) baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, **********60024 nömrəli abunə kodu üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, Abşeron RETSİ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində Rİ 365810 saylı akt tərtib edilmişdir. Akta əsasən 7.697 kvt.s, (1.000,61 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Qeyd edilir ki, "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən komissiyada xx.xx.2025-ci il tarixində protokol tərtib olunaraq, kompüter məlumatlar bazasında 2.413 kVt.s (265,43 manat) elektriki enerjisi dəyərinə dürüstləşmə aparılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin MXİ 0025-Ə saylı razılaşma protokolunun məzmunundan görünür ki, abonentin "xxxx" ASC-nə daxil olmuş 13-13-/1-U-397-5/2025 saylı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən Abşeron RETSİ-i tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Rİ 365810 saylı aktla verilmiş 7.697 kvts (1.000,61 manat) enerji sərfiyyatı ilə əlaqədar məsələyə baxılıb. Abunə haqqında bildiriş vərəqinin təhlilini və aktda qeyd edilən 19136414 saylı elektrik hesabat sayğacının pilləkən qəfəsində yerləşdiyini nəzərə alaraq, akta görə aparılmış hesabata yenidən baxılıb. 8,5 A x 0,22 V = 1,87 kvt; 1,87 kvt x (0,7) x 24 saat x 180 gün = 5.655 kvts; 5.655 kvts x 0.13 manat = 735,15 manat; 1.000,61 manat – 735,15 manat = 265,46 manat; Ödəniləcək məbləğ: 735 manat; azalma: 2.413 kvts x 0.11 manat = 265,43 manat; abonentə 2.413 kvts (265,43 AZN) azalma verilib. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı X1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” Yaşayış Kompleksi, 25-ci küçə, 6 saylı binanın 24 saylı mənzilində quraşdırılmış elektrik xətlərində xx.xx.2024-cü il tarixdə kənar xətt aşkar edilmişdir. Buna görə abonentə 1.0061,61 manat cərimə hesablanmışdır. Daha sonra hesablama yenidən aparılaraq, ümumi cərimənin məbləği 265,43 manat azaldılmışdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 7.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X2 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. müstəqil enerji istehsalçısı tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı müvafiq olaraq pozuntuya yol vermiş tərəfin vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, müstəqil enerji istehsalçısı tərəfindən müvafiq olaraq dövlət elektroenergetika müəssisəsinin, yaxud enerjitəchizatı müəssisəsinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə müstəqil enerji istehsalçısı pozuntuya yol vermiş tərəfdən istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.17.1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur. Həmin Qaydaların 10.18.9-2-ci bəndinə əsasən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Həmin Qaydaların 11.13-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, enerjiresurslarından səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Göründüyü kimi, iddiaçının mənzilində enerji təchizatının təmin edilməsi üçün quraşdırılmış elektrik xətlərində kənar qoşulmanın mövcudluğu işin mübahisəsiz halıdır. İddiaçının bu xəttin onun tərəfindən və ya onun nəzarəti altında deyil, cavabdeh təşkilatın işçiləri tərəfindən ondan xəbərsiz çəkməsi barədə dəlilləri müvafiq sübutlarla təsdiq olunmadığından, əsaslı hesab edilə bilməz. İşdən görünür ki, kənar qoşulma ilə bağlı hesabat 6 ay müddəti üçün maksimal sərfiyyat göstəricisi (hər kvts üçün 0,13 manat hesablanmaqla) üzrə aparılmışdır. Kənar xəttin mövcudluğu işin mübahisəsiz halı olduğundan, hesablamanın maksimal sərfiyyat üzrə aparılması əsaslı hesab olunur. Məhkəmə hesab edir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyəri ilə bağlı sayğacın göstəricilərinə əsasən hər ay məlumat (hesab) təqdim etməli olduğundan və buna görə də kənar xəttin olduğu halda itkilərin qarşısının alınması üçün tədbir görmək imkanında olduğundan, hesablama cəmi 30 gün (1 ay) müddəti üçün aparılmalıdır. (8,5 A x 0,22 V= 1,87 kvt; 1,87 kvt x 0,7 x 24 saat x 30 gün = 942,28 kvts; 942,28 kvts x 0,13 manat = 122,5 manat). Abonentə hesablanmalı borc 122,5 manat olduğundan, cəmi hesablanmış borcdan həmin borc çıxılaraq (735,18-122,5=612,68), 612,68 manat məbləğində borc abonentin hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qismən təmin edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********60024) Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksi, 25-ci küçə, 6 saylı bina, mənzil 24 ünvanı üzrə cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 612,68 (altı yüz on iki manat altmış səkiz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2896/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2896/2025
23.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver