Məhkəmə qərarları › İş №2(011)-2903/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2903/2023

25.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2903/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Məmmədova X7 rayonundan məcburi köçkündür. 2017-ci ilin sonlarında Abşeron rayonu Masazır qəsəbəsində ruhi xəstəliyi olan qızı mərhum X1 yaşaması üçün ev almışdır. İddiaçının qızı həmin evdə 3 azyaşlı övladı ilə birlikdə bir müddət yaşamışdır. İddiaçı həmin evi alarkən evdə qaz xətti yox idi. Qaz xətti evin hasarından həyətinə ayrılsa da evə heç bir qaz xətti daxil olmamış, həmçinin evdə qaz peçi də mövcud deyildir. İddiaçının qızı ruhi xəstə olduğu üçün ilin çox vaxtını yaxınlıqda yerləşən iddiaçının evində qalır, bir sıra hallarda isə Maştağada yerləşən 1 saylı ruhi-əsəb xəstəxanasında müalicə olunurdu. İddiaçı həm qızına, həm də onun azyaşlı uşaqlarına baxırdı. Evlərini qızdırmaq üçün elektrik enerjisindən istifadə edirdilər.

2. X2 2021-ci il ərzində bir neçə dəfə Maştağadakı ruhi-əsəb xəstanasında müalicə almış, 2022-ci ilin 29 yanvar tarixində iə vəfat emişdir. Həmin vaxtdan sonra sözügedən mənzildə yaşayış olmamışdır, mərhumun üç azyaşlı övladı isə bu günə qədər iddiaçının himayəsində yaşamışdırlar. Sözügedən mənzildə yaşayış olmadığı vaxt, xx.xx.2022-ci ildə Cavabdeh Davudov Vüsal, Rzayev Məhərrəməli və Əhməd Elnur adlı əməkdaşları yaşayış olmayan mənzilə gələrək bir neçə dəfə akt tərtib etmişdirlər. Akta əsasən qazdan sayğacsız istifadə olundğu bildirilmiş və 2918.88 manat məbləğində cərimə yazılmışdır.

İddiaçının tələbi:

3. Cavabdeh əməkdaşları tərəfindən ******* saylı, xx.xx.2022-ci tarixli və ******* saylı, xx.xx.2022-ci il tarixli aktlarına əsasən hesablanmış 2918.88 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

4. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd edillən hallara uyğun izah vermiş, həmin evə heç vaxtı qanunsuz kənar xətt çəkilmədyini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 qeyd etmişdir ki, qeyd edilən ünvanda kənar xətt mövcud olmuş, qaldırılmış iddianın obyektiv araşdırılması, həmçinin borcun təhqiqi istiqamətində aktlar və dəymiş ziyanı hesabatları əsasında mülki iş üzrə məhkəmə-trasoloji ekspertizasının keçirilməsini xahiş etmişdir. İddia tələbinə etiraz etdiyini bildirmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. Qaz sayğacının çıxarılması, quraşırılması və istismara qəbulu haqqında ******* nömrəli Akt;

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən təbii qazdan istifadə etdiyi aşkar olunmuş, İddiaçı aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir;

8. xx.xx.2022-ci il tarixli akta əsasən, abonent kodu **********00048 olan istehlakçı təbii qazdan sayğacsız istifadə etdiyinə görə, təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır;

9. AZ-İİ № 267856 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X2 xx.xx.2022-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 268 № ilə qeyd edilmişdir;

10. Abonentin saldosundan görünür ki, abonentin qalıq və aktlar üzrə 2021-ci il dekabr ayı üzrə 1346.40 manat, 2022-ci il fevral ayı üzrə 967.68 manat, həmin ilin mart ayı üzrə 604.80 manat cərimə borcu mövcuddur.

11. xx.xx.2023-cü il tarixli 3/763 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında və ona bərkidilmiş giriş-çıxış boruda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, qaynaq izi aşkar edilməmişdir;

12. Ekspertiza xərclərinə dair bildirişə əsasən, aparılmış məhkəmə-trasoloji ekspertizasının dəyəri 110 manat məbləğində müəyyən edilmişdir;

13. İş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu.

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”. 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

26. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İş materiallarından aydın olur ki, iddiaçının abonent koduna 2021-ci ilin dekabr ayında, daha sonra 2022-ci ilin fevral və mart aylarında cərimə borcu yazılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* №-li aktda “təbii qazdan istifadə etdiyi aşkar olundu” qeyd edilmiş,(§7) cavabdeh məhkəmə iclasında verdiyi izahında həmin ünvanda kənar xətt olduğunu qeyd etmişdir (§5). Lakin “Qaz təchizatı haqqında” Qanuna 2022-ci ilin fevral ayında 13-cü maddəyə yeni məzmunda 8-1-ci hissə əlavə edilmişdir. İddiaçının abonent koduna yazılmış son iki cərimə 2022-ci ilin fevral və mart aylarına təsadüf etdiyindən, həmin aktlar tərtib edilərkən Qanunun 13.8-1-ci maddəsində qeyd edilən şərtlərə müvafiq qaydada əməl edilməli idi. Belə ki, kənar xətt, yəni qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.(§16) Lakin məhkəmə araşdırması zamanı sadalana ardıcıllığa əməl edilmədən istehlakçıya cərimə yazıldığı müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, xx.xx.2023-cü il tarixli 3/763 saylı ekspert rəyinə əsasən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında və ona bərkidilmiş giriş-çıxış boruda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, qaynaq izi aşkar edilməmişdir. (§11)

27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə kənar xətt, sayğacın quraşdırılması, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimənin silinməsi barədə iddia tələbi təmin edilməlidir.

28. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00048 saylı abunə koduna hesablanmış 2918.88 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 49.18 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh tərəfindən İddiaçı **********00048 saylı abunə koduna hesablanmış 2918.88 (iki min doqquz yüz on səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin.

3. Cavabdehndən 49.18 (qırx doqquz manat on səkkiz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

4. Ekspertiza tədqiqatının dəyəri 110 manat Cavabdeh tərəfindən X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

5. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar