Məhkəmə qərarları › İş №2(011)-2906/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2906/2023

05.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2906/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00032 saylı, 2942-2935A saylı fərdi yaşayış evi üzrə isə **********00862 saylı abonent kodu ilə qeydiyyata alınmış, birinci mənzilə quraşdırılmış sayğac xx.xx.2023-cü il tarixində yenisi ilə əvəz edilərək, bu barədə ******* saylı akt tərtib edilmiş, hər iki mənzilə quraşdırılmış sayğac xx.xx.2023-cü il tarixində yenisi ilə əvəz edilərək, bu barədə ******* və ******* saylı aktlar tərtib edilmişdir.

2. Cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə mənzillər üzrə xx.xx.2023-cü il tarixdə ******* saylı və ******* saylı aktlar tərtib edilmişdir. Hər iki aktda sayğacdan sayğaca müdaxilə olunaraq göstəricinin geriyə çəkildiyi müəyyən olunması barədə qeyd aparılmaqla, Bakı Regional Qaz İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin ******* saylı akt üzrə 4560 m3 (547,20 manat), ******* saylı akt üzrə isə qaz itkisinin 6384 m3 (766,08 manat) olması müəyyən edilmişdir.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı ona məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində 2942- 2935A (abonent kodu: **********00862) və Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində 2942Q-2935A (abonent kodu: **********00032) ünvanlarında quraşdırılmış qaz sayğacları ilə bağlı cavabdeh tərəfindən tərtib olunmuş aktlara görə mənə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 766,08 manat və 547,20 manat olmaqla ümumilikdə 1313,28 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində 2942-2935A və 2942Q- 2935A ünvanında yerləşən iki ədəd fərdi yaşayış evi mənə məxsusdur. Hər iki ünvanda quraşdırılmış qaz sayğacları onun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları sözügedən fərdi yaşayış evlərində quraşdırılmış qaz sayğaclarını əvəz etmiş, hər iki sayğacda guya müəyyən nasazlıqların olması əsas gətirilərək Cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilmiş və ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində 2942-2935A ünvandında quraşdırılmış qaz sayğacına görə 766,08 manat, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində 2942Q-2935A ünvandında quraşdırılmış qaz sayğacına görə isə 547,20 manat olmaqla ümumilikdə 1313.28 manat məbləğində əsassız borc yazılmışdır. qaz sayğacları mənim evlərimdən kənarda yerləşdiyi üçün həmin sayğaclarda yarana bilən nasazlıqlardan ötrü heç bir halda o, cavabdehlik daşımamalıdır. Qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

7. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür.

11. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

12. Maddə 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

13. Maddə 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

14. Maddə 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

16. İşə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçının yaşadığı evlərə dair qazdan istifadə qaydalarının pozulması barədə sayğaca müdaxilə edilməsi barədə xx.xx.2023-cü il tarixdə ayrı-ayrı olmaqla iki akt tərtib edilmişdir.

17. Məhkəmə hesab edir hər iki akt üzrə borcun iddiaçıdan tələb edilməsi əsassızdır.

18. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.

19. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini sübut edə bilməmişdir.

20. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğaca müdaxiləsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 475,2 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.

22. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

23. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 1313,28 manat olduğu nəzərə alındıqda, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 33,13 manat təşkil edir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 518,4- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00032) dair İddiaçı ümumilikdə hesablanmış 547,20 manat məbləğində borc silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00862) dair İddiaçı ümumilikdə hesablanmış 766,08 manat məbləğində borc silinsin. 33,13 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar