Məhkəmə qərarları › İş №2(011)-293/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-293/2020

13.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-293/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı qanunsuz və əsassız olaraq hesablanmış 1732,20 manat pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Nərimanov rayonu LO 38.10 ev 97 J ünvanda yaşayır və qanuni əsaslarla da ona məxsus ünvana qaz sayğacı quraşdırılmışdır 2018 və 2019-cu illər ərzində Cavabdeh əməkdaşları tərəfindən qanunsuz olaraq iki dəfə akt tərtib edilərək cəmi 1732.20 AZN borc yazılmışdır. Akt da qeyd edilsədəki sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi aşkar olunmuşdur bu hal həqiqəti əks etdirmir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət etsə də, ilk öncə başqa mənzilin foto şəklini ona təqdim etdilər sonradan isə həmin foto şəkilidə ona təqdim etməkdən imtina etdilər. Evin ətrafından keçən qaz xəttinə də diqqət yetirdikdə orada olan boruya heç bir müdaxilənin edilmədiyi bəlli olur. Hesab edir ki, cavabdeh bununla bağlı məhkəməyə də heç bir sübut təqdim edə bilməyəcək. Hal-hazırda cavabdeh idarənin ərazi üzrə əməkdaşlarının təqsiri üzündən hesabı bloklanmış və bu səbəbdən də qazsız qalmışdır, əlavə xərclər çəkmək məcburiyyətində qalmış və bu səbəbdən də ziyana düşmüşdür. Hesab edir ki, onların təqsiri üzündən yaranmış pozuntunun nəticəsini vətəndaş çəkməli deyil. İddiaçı hesab edir ki, ona məxsus ev üzrə 1732,20 manat qalıq borc yazılması əsassız və qanunsuzdur. Cavabdeh tərəfə bu günə kimi dəfələrlə müraciət etməyinə və eləcə də 2018 və 2019-cu il tarixində əsassız və qanunsuz borc məbləği hesablayaraq qazın verilməsini dayandırdıqdan sonra borcun silinməsi və qazın verilməsinin bərpa olunması üçün müraciət etsələr də, hələ bir heç əsaslı cavab verilmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, 088987 saylı, xx.xx.2016-cı il tarixli aktlarında “abonent qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə aşkar edilmişdir” qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2018-ci il, xx.xx.2016cı il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”nin surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi 324 m3, 6048 m3, 4317 m3 və 2520 m3, qazın dəyərinə borc hesablanmış, 1752,60 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Mülki iş üzrə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən Cavabdehnə vurulmuş ziyanın müəyyən edilməsi üçün Cavabdehnə məxsus qaz xəttinin hansı təzyiqdə olması və evdə sayğacdan kənar qaz xəttinə qoşulu olmuş qaz işlədicilərinin sayı, növü, texniki pasportları, onlardan istifadə müddətləri, qoşulma nöqtəsində dəliyin en kəsiyinin sahəsi barədə rəsmi məlumatların Mərkəzə təqdim edilməsi ilə bağlı məhkəməyə xx.xx.2020-ci ildə vəsatət daxil olmuşdur. Məhkəmə tərəfindən qeyd edilən sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu xx.xx.2020ci il tarixində Cavabdehnə məktub göndərilmişdir. Lakin Cavabdeh tərəfindən vəsatətin təmin edilməsi məqsədi ilə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmiş, bunun üzrlü səbəblərdən baş verməsi barədə isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Nəticədə, mülki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1985 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mülki iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olmuşdur. Aktların mötəbərliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. xx.xx.2020-ci il tarixli, 10/1985 saylı vəsatət təmin edilmədiyinə görə Cavabdehnə vurulmuş ziyan müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qaz sərfiyyatına görə iddiaçıya hesablanmış 1732,20 manat məbləğində borcun silinməsi ilə bağlı iddia əsaslı hesab edilməli və qeyd edilən borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 102 manat cavabdehdən tutularaq dövlət hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********70000) hesablanmış 1732,20 (bir min yeddi yüz otuz iki manat iyirmi qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 (yüz iki) manat dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar