Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2954/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, şəxsi mülkiyyətində olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 0.02 ha torpaq sahəsində ev inşa etmişdir. Hazırda həmin torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətindədir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2001-ci ildə çıxarış verilmişdir. 2021-ci ilin may ayında iddiaçı köçərək ailəsi ilə birlikdə həmin yaşayış evində yaşayır. İddiaçı qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşadığı mənzilə işıq və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə su xətti çəkilərək sayğac qoyulmuşdur. Bundan sonra o, yenidən istifadəsində olan fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2024cü il tarixli 14-2-2/2-F-4854-5/2024 nömrəli məktubla ona imtina verilmişdir. Cavabdeh imtinasını Cavabdeh İB haqqında Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. Bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərini işıq qurğularının şəbəkəyə qoşulmasının qadağan olunması ilə əsaslandırılmışdır. Aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun istifadəsində olan yaşadığı Sabunçu rayonu X1 yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunan mülkiyyət haqqında çıxarışdan da görünür ki, həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Mülkiyyət isə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. İddiaçı inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmişdir və çəkiləcək kommunal xətlər tam nəzərə alınmışdır, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədilə elektrik enerjisi ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Göründüyü kimi bu da əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmamışdır. Cavabdehin əsaslandığı daşınmaz əmlak tərəfindən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış verilmişdir. Bundan başqa cavabdehin imtinasından biri də Cavabdeh Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. İddiaçı hesab edir ki, bu da əsassız imtinadır. Çünki iddiaçı həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. Cavabdeh imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının AR Konstitusiyasında təsbit edilmiş konstitusion hüquqlarını kobud surətdə pozur. Ona görə də cavabdehin imtinası əsassızdır. İddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab edilməsi, 0.02 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsini cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmalıdır. İddiaçı iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə aidiyyatı sənədlərlə birlikdə baxılması üçün göndərmişdir, lakin məhkəmənin hakimi Fərid İsmayılzadə xx.xx.2025-ci il tarixdə həmin iddiaya mülki qaydada baxaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumununn “İnzibati və Mülki hüquq” münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-nin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyatı üzrə mübahisəyə baxılmasından irəli gələn münasibətlərin məhkəmə aidiyyatına dair həll edilməsi müvafiq tələblə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh imtinasının əsassız hesab edilməsi, Sabunçu rayonu X1 0.02 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, yaşadığı ev 1 mərtəbəli olmaqla, hündürlüyü 4,5 metrdir. Həmin evi mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa etmişdir və həmin ölçüdə tikinti üçün icazə tələb olunmur. Həmçinin iddiaçı bildirmişdir ki, ətrafdakı qonşular da evlər tikib yaşayırlar və cavabdeh təşkilat onların evinə qaz çəkmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 09 sentyabr 2011-ci il tarixli 1867 nömrəli icarə müqaviləsi və 30 dekabr 2023-cü il tarixli 3M-746 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında İddiaçı icarəyə verilməsi ilə bağlı 29 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 01 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Cavabdeh İB-yə daxil olmuş müraciətinə baxılmış və bildirilmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə 13, bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Eyni zamanda, sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədilə, qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilir. Bununla əlaqədar, fərdi yaşayış evlərinin qazlaşdırılması ilə əlaqədar texniki şərtlərin alınması üçün fiziki və hüquqi şəxslər (bundan sonra-sifarişçi adlanır) Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müvafiq mülkiyyət sənədləri (çıxarış, plan ölçü sənədi, texniki pasport və s.) təqdim etməklə müraciət etməlidir. Texniki şərtlər və ya əsaslandırılmış imtina məktubu müraciət qeydə alındığı sənədləri (çıxarış, plan ölçü sənədi, texniki pasport və.s) təqdim etməlidir. Texniki şərtlər və ya əsaslandırılmış imtina məktubu müraciət qeydə alındığı gündən 20-ci iş günündə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri tərəfindən sifarişçiyə təqdim edilir. Texniki şərtlərin qüvvədə olma müddəti 2 il qəbul edilir. Fərdi yaşayış evlərində quraşdırılan məişət qaz sayğacları Birlik tərəfindən ödənişsiz olaraq təmin olunur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı oğlunun (abonent kodu: **********00474) Bakı şəhəri, Ramanı, 2-ci Ramana sahəsi ünvanında 0474 saylı mənzildə elektrik enerjisindən istifadəyə görə 25 dekabr 2024-cü il tarixdə 210 manat ödəniş edilmiş, ödəniləcək məbləğ 0,40 manat təşkil etmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. “X2rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb". X4 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). X4 Məhkəməsi ərizəçinin qurduğu evin şəhərsalma qaydalarının pozduğunu müəyyən etməklə bərabər belə hesab etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı (bax: b. 28, 80, 86), bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi (bax: b. 87, 146) Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi. Məhkəmə hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq isə 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikasmm Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cü il tarixli qərarında qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasnın beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 79.1-ci maddəsinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci bəndinə əsasən istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. Həmin Qanunun 4.2-ci bəndinə əsasən istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Həmin Qanunun 13.1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Həmin Qanunun 13.10-1-ci bəndinə əsasən (2023-cü il oktyabr ayının 1-dən qüvvədədir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 09 sentyabr 2011-ci il tarixli 1867 nömrəli icarə müqaviləsi və 30 dekabr 2023-cü il tarixli 3M-746 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında İddiaçı icarəyə verilməsi ilə bağlı 29 yanvar 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı iddiaçıya çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli hündürlüyü 4,5 metr olan evi mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa etmişdir və həmin ölçüdə tikinti üçün icazə tələb olunmur. İddiaçı bildirmişdir ki, ətrafdakı qonşular da evlər tikib yaşayırlar və cavabdeh təşkilat onların evinə qaz çəkmişdir. İddiaçı 20 sentyabr 2024-cü il tarixdə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı AR Dövlət Neft Şirkətinə müraciət etmiş, Cavabdeh İB tərəfindən verilmiş sözügedən fərdi yaşayış evinin qazlaşdırılmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (Maddə 13, bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının qazlaşdırılmasını tələb etdiyi torpaq sahəsi icarə hüququnun alqı-satqı müqaviləsi əsasında onun sahibliyində və istifadəsində olduğundan, həmin torpaq sahəsi üzərində inşa etdiyi tikili üçün icazənin alınması qanuvericilikdə nəzərdə tutulmadığından, həmin tikili mövcud olmasaydı belə kənd təsərrüfatlı torpaqlarda əkin-biçin üçün də qazlaşdırma zəruri olduğundan cavabdeh təşkilatın imtinası qanunsuz olmuş və iddiaçının istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini, həmçinin Avropa Məhkəməsinin presedentlərini nəzərə alaraq, işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı məxsus Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması və bununla bağlı müvafiq sənədədləşdirmənin aparılması (o cümlədən İddiaçı adına abonent kodunun verilməsi) öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması və bununla bağlı müvafiq sənədədləşdirmənin aparılması (o cümlədən İddiaçı adına abonent kodunun verilməsi) öhdəliyi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 100 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2954/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2954/2025
11.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver