Məhkəmə qərarları › İş №2(011)-2955/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2955/2021

02.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2955/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı – fəaliyyət qabiliyyəti olmayan bacısı X1 uzun illərdir yaşamadığı ünvan 1 ünvanına əsassız yazılmış elektrik enerjinə və suya görə borcların silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı, xx.xx.1966-cı il təvəllüdlü Qasımova Sevda ünvan 1 ünvanında yaşamışdır. Əqli cəhətdən zəif olduğu üçün halhazırda AR Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının “Şizofreniya paranoid forma” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən psixiatrın qeydiyyatdadır. İndiki dövrdə kənar şəxsin qulluğuna ehtiyacı vardır. Özü öz hərəkətlərini sərbəst şəkildə dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrumdur. Bu halları nəzərə alaraq üçüncü şəxs qismində Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, bacısı X1 “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun tələbini təmin etmişdir. Hal-hazırda bacısı psixiatriya xəstəxanasında müalicə olunur və o fəaliyyət qabiliyyəti olmayan olduğu üçün onun əvəzindən məhkəməyə o müraciət etməli olmuşdur. ünvan 1 ünvanında bacısı xəstə olaraq uzun illər yaşamadığı üçün həmin mənzildə heç bir kommunal şərait olmamışdır. Mənzilin içərisinə nə su kranı, nə su borusu, nə də mənzilin içərisinə daxil olan elektrik xətti olmuşdur. Mənzilin çölə çıxış qapısının ağzında (çöl hissədə) elektrik xətti olsa da, xətt içəri daxil olmur. Lakin, buna baxmayaraq bacısına saxtakarlıqla həm suya görə, həm də elektrikən istifadəyə görə borc yazılmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Abunə haqqında” saldoya əsasən abonent X2 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 19 saylı evin 401-ci mənzili üzrə 440,82 manat məbləğində elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-500/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin İddiaçı ünvanladığ xx.xx.2020-ci il tarixli məktubuna əsasən **********90401 saylı Abunə kodu üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2020-ci il tarixdə Müştəri Xidmətləri İdarəsində hesabat yenidən araşdırılmış və protokol tərtib olunaraq kompüter məlumatlar bazasında 1285 kVt.s (141,35 manat) elektrik enerjisinin dəyərinə düzəliş edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü hissəsinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 7.17-ci hissəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 19 saylı evin 401 saylı mənzilində elektrik enerjisinin təchizatının təmin edilməsi məqsədilə ilə X3 ilə “xxxx” ASC arasında müqavilə imzalanmışdır. İddiaçı etiraf etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən mənzil bacısı X2 məxsusdur, lakin bacısı qanuni qüvvəyə minmiş qətnaməyə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və uzun müddətdir ki, xəstəxanada müəlicə olunur. Mənzildə hal-hazırda heç kəs yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 19 saylı evin 401 saylı mənzil üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı “xxxx” ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 19 saylı evin 401 saylı mənzildə elektrik enerjisindən istifadəyə görə borcun hesablanması nəticəsində iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulduğu müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı – fəaliyyət qabiliyyəti olmayan bacısı X1 uzun illərdir yaşamadığı ünvan 1 ünvanına əsassız yazılmış elektrik enerjinə və suya görə borcların silinməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar