Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2989/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 QSC-yə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan qaz sayğacının dəyərinə görə alınmış 262 manat məbləğində vəsaitin Cavabdeh1 İB-dən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı vaxtlı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Cavabdeh1 İB-nin əməkdaşları həmin ünvana yeni qaz sayğacı quraşdırılması üçün iddiaçıdan Cavabdeh1 İB-nin "xxxx" ASC-nin Nizami filialındakı hesabına 262 manat ödənilməsini tələb etmiş, iddiaçı həmin vəsaiti ödəmişdir. Aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, birlik iddiaçıdan həmin vəsaiti əsassız almışdır. Ona görə də həmin vəsait iddiaçıya geri qaytarılmalıdır. Daha sonra iddiaçı hazırkı mülki iş üzrə Cavabdeh2 QSC-nin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və onun vəsatəti təmin edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıdan qaz sayğacının dəyərinə görə alınmış 262 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 İB-dən və Cavabdeh2 QSC-dən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 İB-nin nümayəndəsi X2 öz izahatında bildirdi ki, iddiaçı tərəfindən ödənilmiş vəsait Cavabdeh1 İB-nin büdcəsinə deyil, Cavabdeh2 QSCnin büdcəsinə ödənilmişdir. Cavabdeh1 İB hazırkı iş üzrə tələbə cavab verməli olan hüquqi şəxs deyildir. Odur ki, iddia ona aid hissədə rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh2 QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən, həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 17 dekabr 2019-cu il tarixdə İN/L-465/2019 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Cavabdeh2 QSC-yə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti üzrə istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsinə icazə verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 24 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 İB-yə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılması və abunə kodunun açılmasını xahiş etmişdir. Həmin tarixdə İddiaçı ilə Cavabdeh2 QSC arasında razılaşma protokolu imzalanmış, həmin protokola əsasən fərdi yaşayış evinin qazlaşdırılması Cavabdeh2 QSC-yə həvalə edilmişdir. 14 dekabr 2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmış, 15 dekabr 2021-ci il tarixdə Cavabdeh1 İB tərəfindən “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli akt tərtib edilmişdir. İddiaçı tərəfindən 15 noyabr 2021-ci il tarixdə Cavabdeh2 QSC-yə "xxxx" ASC-nin Nizami filialı vasitəsilə 262 manat məbləğində vəsait ödənilmişdir. Təbii İnhisarlar haqqında Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. Həmin qanunun 4-cü maddəsinə əsasən, təbii inhisar subyekti — təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Təbii İnhisarlar haqqında Azərbaycan Respublikası qanununun 5-ci maddəsinin 1.2ci bəndinə əsasən, təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən biridir. Həmin qanununun 10-cu maddəsinin 3-cü bəndinə əsasən, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı yaşadığı fərdi yaşayış evi qazla təchiz edilmədiyi üçün evin qazla təchiz edilməsi üçün cavabdehə müraciət etmiş, Cavabdeh2 QSC tərəfindən həmin ünvan qazla təchiz edilmişdir. İddiaçı tərəfindən sayğacın quraşdırılması ilə bağlı xərcə görə Cavabdeh2 QSC-nin bank hesabına 262 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı yaşadığı ünvanın qazla təchiz edilməsinə görə həmin pul vəsaitini cavabdeh cəmiyyətə ödəmiş olsa da, sonradan bunun qanunsuz olduğunu bilərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçıdan sayğacın dəyəri tələb edilməməli idi. Belə ki, fiziki şəxs olan istehlakçıya münasibətdə qazlaşdırılma qaz paylayıcısı, yəni Cavabdeh1 İB-nin hesabına həyata keçirilməli olmuşdur. Cavabdeh2 QSC isə fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı layihələndirməni podratçı qismində həyata keçirmişdir. Odur ki, Cavabdeh2 QSC-yə ödənilmiş 262 manat məbləğində vəsait ondan alınıb iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 İB-yə aid hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sayğacın quraşdırılmasına görə 262 manat pul vəsaiti Cavabdeh1 İB-yə deyil, Cavabdeh2 QSC-nin hesabına ödənilmişdir. Cavabdeh1 İB hazırkı iş üzrə iddiaya cavab verməli olan tərəf deyildir. Odur ki, iddia tələbi ona aid hissədə rədd edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 QSC-dən 262 manat pul vəsaiti alınıb İddiaçı geri qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiymətinin 1.000 manatadək olması və iddia tələbinin qismən təmin olunması nəzərə alınaraq cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçıdan qaz sayğacının dəyərinə görə alınmış 262 (iki yüz altmış iki) manat məbləğində pul vəsaiti Cavabdeh2 QSC-dən alınaraq İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh1ndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2989/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2989/2022
21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver